23:45 06 Dekabr 2016
Canlı yayım
Avropa Oyunlarının bağlanış mərasimi

Siyasətçilər Avropa Oyunlarından razı qalıblar

sputnik.az
SİYASƏT
Qısa URL
120 0 0

Birinci Avropa Oyunları artıq bir tarixə döndü.

BAKI, 29 iyun — Sputnik. Birinci Avropa Oyunları artıq bir tarixə döndü. 

Lakin İlk Avropa Oyunları hələ Azərbaycan cəmiyyətində çox müzakirə olunacaq və yaddaşlarda qalacaq. Cəmiyyətin müxtəlif təbəqələrinin bu oyunla bağlı maraqlı mövqeləri var. Sputnik olaraq siyasi müxalifətin bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdıq. 

ADP sədri Sərdar Cəlaloğlu açıqlamasında bildirdi ki, açılışda olduğu kimi bağlanış mərasimində də mütərqqi ideyalar üstünlük təşkil edib: “Xüsusən də keçmişlə müasir dövrün əlaqələndirilməsi və milli elementlərdən istifadə olunması halları qeyd olunmalıdır. İdmançılarımızın çıxışına gəldikdə isə deyə bilərəm ki, Azərbaycan idmançılarının komanda olaraq çıxışını uğurlu hesab etmək olar.”

Birinci Avropa Oyunlarının Azərbaycan üçün beynəlxalq əhəmiyyətinə toxunan Cəlaloğlu bildirdi ki, bu oyunlar Olimpiadaya hazırlıq mərhələsi kimi önəmli oldu: “Digər tərəfdən Azərbaycan dünyaya mesaj verdi ki, belə bir beynəlxalq səviyyəli tədbirləri təhlükəsiz keçirməyə qadirdir və hazırdır.”

Vətəndaş Həmrəyliyi partiyasının sədri (VHP), millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, Azərbaycan belə bir mötəbər yarışın bünövrəsini qoymaqla çox böyük beynəlxalq əhəmiyyətə malik hadisəyə imza atmış oldu: “Dünyanın müxtəlif qitələrinin özünəməxsus oyunları olsa da, Avropa qitəsinin belə bir tədbiri yox idi. Nə yaxşı ki, belə bir tədbirin keçirilməsinə Azərbaycan təşəbbüs etdi. Oyunlar əvvəldən axıradək çox yüksək səviyyədə keçdilər. Oyun həm təşkilatçılıq, həm təhlükəsizlik, həm də idmançılarımızın uğurlu çıxışı baxımından yüksək səviyyədə idi.”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də hesab edir ki, Birinci Avropa Oyunları həm təşkilatçılıq, həm də təhlükəsizlik baxımından çox yüksək səviyyədə təşkil olunub: “Bağlanış mərasimi də açılış mərasimi kimi möhtəşəm keçdi. Baxmayaraq ki, əvvəlcədən oyunların keçirilməsi ilə bağlı müəyyən tərəddüdlərim var idi, ancaq oyunların təşkilatçılıq, təhlükəsizilik və idmançıların iştirakı baxımından yüksək səviyyədə keçməsi məni bir vətəndaş kimi çox sevindirdi.”

Əliyev Azərbaycanın müstəqillik tarixində ilk dəfə yüksək səviyyədə təşkil olunan belə bir beynəlxalq səviyyəli tədbiri keçirməsi çox böyük əhəmiyyəti var: “Bununla da Azərbaycan dünyaya mesaj verdi ki, gənc olmasına baxmayaraq belə möhtəşəm tədbir keçriməyə qadirdir.”

Əliyev onu da əlavə etdi ki, beynəlxalq səviyyəli idman oyunlarının arxasında siyasi məqamlar da dayanır və Azərbaycan da bu tədbiri yüksək səviyyədə təşkil etməklə öz mədəniyyətinin müxtəliq seqmentlərini, təşkilatçılığını və konsolidasiyasını dünyaya  təqdim etdi. 

AMİP sədri Yusif Bağırzadə də Birinci Avropa Oyunlarının həm açılış, həm bağlanış mərasiminin möhtəşəm təşkil olunduğunu bildirdi. 

O vurğuladı ki, açılış və bağlanış milli koloritə əsaslanaraq hazırlanmışdı: “Təşkilatçılıq və təhlükıəsizlik, xidmət yüksək səviyyədə təşkil olunmuşdu. Bu oyunlarla Azərbaycan bir daha özünün dünyaya necə yüksək səviyyəli mədəniyyətə, tolerantlığa malik olduğunu nümayiş etdirmiş oldu. Baxmayaraq ki, bədxah qonşularımızın, işğalçı Ermənistanın idmançıları bu yarışlarda iştirak edirdi, Azərbaycan xalqı öz mədəniyyəti ilə dünyaya özünün bir daha sülhsevər xalq olduğunu və yüksək mədəniyyətə sahib olduğunu göstərdi və onların bu yarışlarda iştirakına normal yanaşdı.”

Əsas mövzular