11:53 11 Dekabr 2016
Canlı yayım
Politoloq Rövşən İbrahimov

Rövşən İbrahimov: HDP-nin Ermənistan sevgisi sadəcə siyasi vasitədir

sputnik.az
SİYASƏT
Qısa URL
186 0 0

Ekspert: Türkiyədə qurulacaq yeni hökumətin Azərbaycanla münasibətlərə təsiri olmayacaq.

BAKI, 25 iyun – Sputnik. Türkiyədə 7 iyun parlament seçkilərindən sonra ən çox müzakirə edilən mövzu, hökumətin necə və hansı müddətə formalaşacağıdır. Hökumətin qurulması ilə bağlı fərqli ssenarilər səslənsə də, ortada hələki ciddi irəliləyiş yoxdur. 

Mövzu ilə bağlı siyasi ekspert Rövşən İbrahimov Sputnik-ə öz dəyərləndirmələrini edib. Politoloqun fikrincə, Türkiyədə hazırkı vəziyyət belə davam edərsə erkən seçki ehtimalı yüksəkdir. 

“Türkiyədəki son parlament seçkilərindən sonra formalaşan mənzərəyə görə, AKP tək başına hökumət qura bilmir. Ona görə də koalisiya qurulması qaçılmazdır. AKP üçün ən uyğun namizəd MHP-dir. Fəqət MHP-nin bir sıra tələbləri var. Həm də bəzi ekspertlərə görə AKP-MHP koalisiyası qurulsa MHP növbəti seçkilərdə aldığı səsləri itirə bilər. Bu səbəblə, belə bir koalisiyanın qurulması hələ dəqiq deyil. 

Bunun xaricində AKP-nin digər iki partiya ilə koalisiya qurma ehtimalları daha aşağıdır. Çünki nə CHP nə də HDP hakim partiya ilə koalisiya qurmaq istəmir. CHP milliyətçilərlə, yəni MHP ilə koalisiya qurmaq arzusundadır, amma bunun üçün bu iki partiyanın səs faizləri kifayət etmir. Ona görə HDP də bu koalisiyaya qoşulmalı, ya da kənardan dəstək verməlidir. Lakin Milliyətçi Hərəkat partiyası, PKK-ya yaxınlığı ilə tanınan HDP ilə hər hansı koalisiyaya qarşıdır. 

Həqiqət odur ki, heç bir partiya növbədənkənar seçki istəmir. AKP səslərini daha da itirə bilər. Digər tərəfdən Xalqların Demokratik Partiyası (HDP) yenidən bu qədər səs ala biləcəyindən əmin deyil. Digər iki partiyalarda da oxşar vəziyyətdir. Ona görə də parlamentdən AKP azlıq hökuməti çıxa bilər. MHP onu kənardan dəstəkləyər, digər partiyalar da səsvermədə iştirak etməməklə, qarşı çıxmaz. Lakin ən yüksək ehtimal növbədənkənar seçkilərdir”, deyə politoloq bildirib.

Türkiyədə qurulacaq yeni hökumətin Azərbaycanla münasibətlərə təsirini də dəyərləndirən Rövşən İbrahimov deyib:

“Yeni parlamentdə formalaşan vəziyyətin Azərbaycanla olan ikitərəfli əlaqələrə böyük təsiri olmayacaq. Hətta Ermənistanla münasibətləri yaxşılaşdırmağı arzulayan HDP koalisiya hökumətində təmsil olunsa belə, onların bu istəkləri ikinci plana keçəcək. Çünki bu onların gündəmində prioritet deyil. Buna görə narahat olmaq lazım deyil. Əksinə, əgər hökumətdə yer alsalar (belə ehtimal çox aşağıdır), daha məsuliyyətli olacaqlar. Bu növ istəkləri həyata keçirmək üçün deyil, ancaq siyasi təsir mexanizmi kimi istifadə edəcəklər.”

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə görə 13 ildən sonra ilk dəfə olaraq Ədalət və İnkişaf partiyası (AKP) təkbaşına hökumət qurmaq haqqını itirib. 

Mövcud konstitusiyaya görə hər hansı siyasi partiya tək başına hökumət qurmaq üçün məclisdə ən azı 276 millətvəkili ilə təmsil olunmalıdır. Hazırkı vəziyyətdə isə AK partiya parlamentdə 258 mandatlıq yer qazanıb. Ardıcıl olaraq CHP 132, MHP 80, HDP 78 millətvəkili ilə parlamentdə təmsil oluncaqlar.

Əsas mövzular