Qaxda keçirilən qeyri-adi bayram turistləri valeh edib

Abunə olmaq
Məryəm Əzizova: Turistlər tutdan hazırlanan nemətlərin dadına baxdılar və bu, onlara qeyri-adi təsir bağışladı. Yəqin ki, onlar bu gözəl günü heç vaxt unutmayacaqlar.

BAKI, 18 iyun-Sputnik. Azərbaycanın Qax rayonunda qeyri-adi bayram — tut bayramı keçirilib. 

Sputnik-in məlumatına görə, tədbir rayonda fəaliyyət göstərən mədəniyyət evləri, klubları və kitabxana işçilərinin iştirakı ilə Qum kəndində baş tutub.

Dahi Nizami Gəncəvinin "Bəsləsən atlas olar tut yarpağından" misrasının şərəfinə eyni ad altında təşkil olunmuş tədbirdə, ilk olaraq iştirakçılar tut ağacını silkələyiblər.

Tut bayramının ardı isə daha çox maraq doğurub. Mədəniyyət evlərinin kollektivləri tərəfindən süfrələrə tutdan hazırlanan məhsullar düzülüb. İsti təndir çörəyi bişirilərək tədbir iştirakçılarına paylanılıb.

Tədbir iştirakçıları tutun insan orqanizminə faydasından danışıblar.

Tədbirə rayon mədəniyyət evinin və incəsənət məktəbinin kollektivlərinin bir-birindən maraqlı çıxışları rəng qatıb. Tuta aid mahnılar və şerlər səsləndirilib.

Tədbirdə rayona gələn yerli və xarici turistlər də iştirak ediblər. Bu bayram xarici turistlər arasında maraqla qarşılanıb. Onlar tut və tutdan hazırlanan yeməklərdən dadıblar, xatirə üçün video və bolluca şəkil çəkdiriblər.

Tut bayramı rəngarəng mahnı və rəqslərlə davam etdirilib. Turistlər də yerli camaata qoşularaq rəqs ediblər.

Qum kəndinin sakini Məryəm Əzizova Sputnik-ə bildirib ki, tutdan olduqca müxtəlif yeməklər hazırlanır. Tutlu aş, tutlu çığırtmalı plov, tut sıyığı, bəkməz, tut mürəbbəsi, bəkməzli xəşil yerli sakinlərin ən çox sevdiyi yeməklərdir. "Əhali ağ tutdan sirkə hazırlayır ki, o da turşuya qoyulmuş tərəvəzləri olduqca keyfiyyətli saxlayır. Tutdan çəkilmiş araqdan isə müalicə vasitəsi kimi geniş istifadə olunur" — deyə M.Əzizova bildirib.

Tut bayramını keçirməkdə məqsədə gəlincə, M.Əzizova deyib ki, gənclərin tutdan hazırlanan mətbəx nümunələri ilə bilavasitə tanış olmasını istəyirlər.

"İstəyirik ki, bizdən sonra onlar da tutdan hazırlanan yeməkləri və digər nemətləri unutmasınlar, gələcəkdə öz süfrələrində istifadə etsinlər. Həmçinin bizim bu tədbirimiz turizm mövsümünə təsadüf edir. Gördüyünüz kimi bu tədbirdə Qum kəndinə gələn qonaqlar da iştirak edir. Bu onların bizim mətbəximizlə yaxından tanış olmaları üçün yaxşı fürsətdir. Sevindiricidir ki, onlar tutdan hazırlanan nemətlərin dadına baxdılar və bu, onlara qeyri-adi təsir bağışladı. Yəqin ki, onlar bu gözəl günü heç vaxt unutmayacaqlar" — deyə kənd sakini əlavə edib.

Xəbər lenti
0