Bu gün Ağdaşda Milli Məclisə seçkilər keçirilir

© AFP 2023 / TOFIK BABAYEV Seçki məntəqəsi
Seçki məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.

BAKI, 18 iyun-Sputnik. Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir.

Sputnik-in məlumatına görə, artıq səsvermə başlayıb. Seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar gün ərzində məntəqə və dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən təqdim ediləcək. Səsvermə saat 19:00-da başa çatacaq.

Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.

Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər — Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov ("Azəravtoyol" ASC-nin "Yolların Mühafizəsi Xidməti" MMC, baş mütəxəssis), Rəşid Gözəlov ("Azərpoçt" MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimlidir (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim).

Parlament seçkilərini izləmək üçün 741 yerli müşahidəçi və Avropa Şurası Parlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi (AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu) akkreditasiyadan keçib.

90 saylı Ağdaş seçki dairəsində 40 seçki məntəqəsindən 10-da veb-kamera quraşdırılıb.

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsində 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələri ciddi qanun pozuntuları səbəbindən MSK tərəfindən ləğv edilmişdi. Onda sözügedən dairədə lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev idi.

Xəbər lenti
0