21:58 02 Dekabr 2016
Canlı yayım
Dönər

Zəhərlənmək istəmirsinizsə, dönərdən uzaq durun

XƏBƏRLƏR
Qısa URL
23 0 0

İmran Abdullayev: “Çöl şəraitində, əsasən də yol kənarlarında hazırlanan dönərlərdən zəhərlənmə ehtimalı çox yüksəkdir”

BAKI, 29 iyun – Sputnik. İsti hava şəraiti ilə əlaqədar olaraq, insanlar arasında kütləvi zəhərlənmə riski də artır. Buna səbəb yay fəslində qidanın tərkibində olan bakteriyaların qışla müqayisədə dəfələrlə çox inkişaf etməsidir. 

Statistika göstərir ki, zəhərlənmələr əsasən, ev şəraitində hazırlanan və saxlanılması soyuq mühit tələb edən, xüsusi tez xarab olan məhsullardan baş verir. 

Lakin keçən ilin ilk altı ayı ilə müqayisədə bu il zəhərlənmə hallarına çox az rast gəlinib.

Bu barədə Sputnik-ə açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib: 

“Çox sevindirici haldır ki, ötən illərlə müqayisədə zəhərlənmə şikayəti ilə xəstəxanalara müraciət edənlərin sayında kəskin azalma var. Buna səbəb ictimai iaşə obyektlərində ciddi nəzarət tədbirlərinin görülməsidir. 

Ümumilikdə isə, qida zəhərlənmələri fərqli ərzaq növlərində baş verir. Saxlanılması soyuq mühit tələb edən, tez xarab olan ərzaq çeşidləri var. Bunlar əsasən balıq və balıq məhsulları, salatlardır. Bu məhsullardan baş verən zəhərlənmələrə isti aylarda tez-tez təsadüf olunur. Buna görə diqqətli olmaq lazımdır”

İmran Abdullayev insanları isti aylarda dönərdən uzaq olmağa çağırıb. O xəbərdarlıq edib ki, çöl şəraitində, əsasən də yol kənarlarında hazırlanan dönərlərdə zəhərlənmə ehtimalı çox yüksəkdir. 

“Biz bununla bağlı aidiyyatı orqanlara müraciət etmişik. Gigiyenik qaydalara riayət olunmadan hazırlanan dönərlər çox təhlükəlidir. Xüsusilə yay fəslində, qidanın tərkibində olan bakteriyalar qışla müqayisədə dəfələrlə çox inkişaf edir. Əgər insanlar zəhərlənmək istəmirsə, dönərdən uzaq dursun.” — deyə Abdullayev xəbərdar edib.


Əsas mövzular