21:21 09 Dekabr 2016
Canlı yayım
Fəxrəddin Hacıbəy və alman mer

Almaniyadakı Azərin şəhəri

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
48140

Azərbaycanın çox uzaqda olduğu standartlar necə yaranıb?

BAKI, 29 iyun — Sputnik. Almaniyada yaşayan azərbaycanlı yazar Fəxri Hacıbəydən Almaniya, alman bürgermeister və alman standartı barədə maraqlı yazı. 

Əslində bu yazı çoxdan yazılmalı idi. Dostlar arasında "Azər bəyin şəhəri" adlandırdığımız, katolik Bavariyanın protestant Uffenheim şəhərində ilk dəfə olduqdan və buranın maraqlı tarixçəsi barədə bu şəhərin fəxri rəssam-heykəltaraşı sayıla biləcək həmyerlimiz Azər bəyin əyani faktlarla müqayisəli analitik təqdimatından sonra… 

Bizim həmyerlilərin, demək olar ki, hamısının, elə mənim də burada  rastlaşdıgımız bütün hər şeyə – dəyərlərə (və nələrin dəyərə çevrildiyinə), vətəndaş-qanun, vətəndaş-dövlət, vətəndaş-insan, insan-ətraf mühit və insan-insan münasibətinə bir müqayisəli-fantastik yanaşma tərzimiz var – "bizdə olsaydı", yaxud  "yaxşı ki, bizdə deyil" silsilədən… Bu barədə az sonra…

Bu yaxınlarda eşitdim ki, şəhərin Bürgermeisteri (Bələdiyyə sədri) seçkilərində şəhərin indi artıq əski meri, Doktor Georg Schöck cənabları öz namizədliyini verməkdən (18 il) imtina edib və bunu da təqaüdə çixmaq istədiyi ilə əsaslandırıb. Partiya onun əvəzinə başqa namizəd irəli sürüb və seçimləri həmin başqa namizədlə qazanıb. Dostumuzun bildirdiyinə görə, şəhər əhli hazırki idarəetmədən çox razıdır və təşəkkürünü də onları eyni görəvə təkrar seçməkləriylə ifadə edirlər. Bununla da vətəndaş-hakimiyyət və vətəndaş-qanun, vətəndaş-hüquq anlayışları formalaşır.  Deməli, ard-arda 3 seçkini qazanmış şəxs istefa verir, tutduğu və yenidən tuta biləcəyinə əmin olduğu postdan gedir, ora yenidən seçilmək, orada yenidən oturmaqdan imtina edir. Həm də könüllü olaraq. Təsəvvür edirsinizmi? Bu biz tərəflərdə ən azı siyasi maymaqlıq sayılardı, amma bu tərəflərdə istefa vermək, vəzifədən könüllü getmək özü də bir siyasi mədəniyyətdir və həm də təəssüf ki, (deyəsən) elə Avropa siyasi mədəniyyətinə xas bir özəllikdir.  

Uffenheim əhalisi 10 mindən az olan kiçik bir əyalət şəhəridi. İndi Bavarya əyalətinə tabe olsa da, müxtəlif vaxtlarda fərqli krallıqların tabeçiliyində olub. Tipik protestant –Bavariya əyalət şəhəri, orta əsr alman tarixi dramatizminin, xüsusən də reformasiya dövrünün məzhəb və feodal ara müharibələrinin formalaşdırdığı ticarət və hərbi baxımdan strateji „Qala şəhər“dir (Schloss Stadt). 

Biz Bələdiyyə binasinin qarşısına alman dəqiqliyini nəzərə alaraq düz təyin olunmuş  vaxtda çatmışdıq.  O isə artıq orda idi. Həyətdəki skamyalardan birində oturub təmiz hava alırdı. "Punktuallıq"a həm də təvazökarlıq, nəzakətlilik əlavəsi…

Bizi aralıdan görüb, meriya binasının qarşısına gəldi. İstirahət günü olduğundan meriya bağlı idi. Açarları çıxarıb, tələsmədən aramla qapını açıb bizi içəriyə buraxır. Sonra özü pilləkənlərlə aşağı enib binanin işıqlarını yandırır. Və önümüzə düşüb bizə meriyanın iş otaqlarını, şəhərin qardaşlaşdığı, polyak, italyan, fransız şəhərləri və xalqlarının mədəniyyətini əks etdirən tablo, eksponatlar və şəhərin layiq görüldüyü təltiflər lövhəsini göstərir. Cənab Schöck eksponatlar və təltiflər barəsində sanki şəxsi uğurlarıymış kimi şövqlə, hər eksponatın tarixi və təqdimedilmə səbəbi barədə ətraflı, bir az da yorucu uzunçuluqla danışırdı. Tabloya əsasən şəhərin əsas naliyyətləri demək olar ki, elə son 18 ilə təsadüf edir. Bu da o deməkdir ki, bir çox nailiyyətlər əslində onun şəxsi fəaliyyətinin nəticəsidir və o, bizə əslində öz karyera uğurlarını sərgiləmiş olurdu. Buna görə də merin təqdimatda yol verdiyi “azacıq uzunçuluğu” anlayışla qarşılamaq olard. Amma o, bunları qətiyyən özünün şəxsi uğurları kimi, "mən etdim, mənim nəzarətim altında" deyə  təqdim eləmirdi. O, hər şeyin rəhbərlik etdiyi idarə sistemi, kollektivin uzun illər əməyinin nəticəsi kimi təqdim edirdi. Yəni, uğurlu iş "atalıq qayğısı" və "xüsusi tapşırıq" olmadan da mümkünmüş.

Alman merin iş otağı və buşmenin təsəvvüründəki İsa 

Merin iş otağına daxil oluruq. Bir məmurun, yaxud bizə tanış olan ifadəylə desək "vəzifə adamı"nın 18 il davamlı olaraq (amma seçkilərdə qalib gələrək… bunu təkrarlamaq zövq verir) işlədiyi bir iş otağı təsəvvür edək. Təcrübəmizdən çıxış edək. Nələr görməyə adət etmişik? Ölkə rəhbərinin portreti (bir necə ədəd olmaqla), qəşəng bir katibə, qəbul otağında gözləyənlərin gözləməkdən yorulduqda əyləşib gözləməyə davam etmələri üçün rahat oturacaqlar, "öndər" portreti, büstü… Xüsusən də güc, hakimiyyət, üstünlük ifadə edən yırtıcı heyvan, quş rəsmləri, totemləşdirilmiş canlı əksləri… aşağı yuxarı hamısında eyni mənzərəyə rast gəlmək olar, deyilmi?! Mən deyərdim ki, bu baxımdan elə alman Bürgermeisterin otağı da bizimkilərinki kimi idi. 

Bu janrdan aksesuarların hamısına cənab Bürgermeisterin iş otağında da gen-bol yer verilib. Burada da portret, şəkil, müqəddəs atanın rəsmi var. Bələdiyyə binasının şəkilləri, içərisində Azər bəyin də əl işi olan rəsmlər. Bir də monitorda hərdənbir peyda olan iməkləyən uşaq — (yəqin ki, nəvəsinin) fotosu. Yanında da  ayı oyuncağı. Divardan 30-40 sm böyüklükdə çarmıxa çəkilmiş ağacdan oyma buşmen — İsa fiquru. Buşmen "heykəltaraş" İsanın çarmıxdakı ölümqabağı son əzablarının təsvirini üz cizgilərində dəqiq, canlı ifadə edə bilmişdi. Fiqura diqqətlə baxdığımı görüb tarixçəsini danışmağa başlayır. Afrika ölkələrindən birində olarkən, yerlilərdən aldığını deyir. Müsahibim səyahət etməyi sevən biridir, Afrikanın bir çox ölkələrində olub. 

Dərhal qitə dəyişikliyi edib Avropadan Afrikaya keçid alırıq. Danışır ki, sivilizasiya ilə bir o qədər də yaxından tanış olmayan yerli qəbilələrin üzvləri ilə rastlaşır və qəbilənin məskunlaşdığı yerə gedir. Qəbilə müşahidə etdikləri və anlam verə bilmədikləri bütün sivilizasiya nişanələrini tanrı, fövqəlqüvvənin təzahürü kimi anlayır və totemləşdirirlər. Yerlilərə başlarının üstündən gurultuyla keçən uçan aparat, çöllükdə qarşılaşdıqları dörd disk üzərində şütüyən və arxasında paralel izlər qoyan adını bilmədikləri nəsnə kənar sivilizasiyadan gəlmiş qüvvələr, tanrılar təsiri bağışlayır və bənzərini ağacdan yonub düzəldirlər. Bu arada yenidən divardan asılmış "İsa" nəzərimi çəkir. Elə bil fikrimi oxuyub "bilirəm, soruşacaqsiniz ki, bəs İsayla harada rastlaşıblar?". İsa fiqurunu xristian qəsəbədən almışam. 

Yerlilərin turistlərə təqdim edə biləcəkləri yeganə yerli istehsal ağacdan, heyvan sümüklərindən, buynuz və sair əl altında olan məmulatlarla hazırlanmış bəzək əşyaları, aksesuarlardır.

Dəyişdirilməmiş "kirli" tarix

Alman şəhərlərini gəzənlərin və Avropa, xüsusən də Almaniya tarixindən az-çox xəbərdar olanların tez-tez soruşduqları bir sual var: "Bu şəhər bombalanıbmı". Çünki bu amil şəhər arxitekturasının orjinallığı, binaların əsrlər öncə tikildiyi kimi qalması yaxud sonradan bərpa edilməsiylə çox bağlıdır. İkinci dünya müharibəsi demək olar ki, bütün alman şəhərlərinə bombalanma, dağıdılma və sonra yenidən bərpa olunma aqibəti yaşadıb. Döyüşün getdiyi və bombalanmış bütün alman şəhərlərində bərpa, "protezləmə", yamaq izlərinə rast gəlmək olar. İstənilən şəhərin arxitekturası, tarixiliyi barədə tam təsəvvür əldə etmək üçün onun bu aqibəti yaşayıb, yaşamadığını bilmək önəmlidir.  "Azər bəyin şəhəri" bombalanmayan şəhər kategoriyasına aiddir. Bu, II Dünya Müharibəsi dönəmində şəhərin hərbi-təchizat baxımından bir o qədər də strateji əhəmiyyətli məntəqə olmamasından irəli gəlib. Odur ki, bu xudmani, orta əsr alman şəhər mədəniyyətinin bütün özəlliklərini özündə cəmləşdirmiş şəhər müttəfiq aviasiyasının zərbələrindən yayına bilib. Şəhər qalası, şəhər darvazası, burda olan gömrük postu, qala qapıları bağlandıqdan sonra mənzil başına yetişmiş yolçuların, tacirlərin gecələyə bilməsi üçün qala divarlarından kənarda tikilmiş qədim hotel inşa edilən zamandan indiyədək dəyişdirilməmiş, əl gəzdirilməmiş (yəni divarları yonulub ağardılmamış), öz "kirli" tarixi rəngləri ilə, möhtəşəm görkəmi ilə necə var elə də qalıb. Almanlar düşünürlər ki, hörgü divarlarındakı, yağış, mamır rəngi, ləkəsi binaların tarixi əhəmiyyətini azaltmır, əksinə bu bəlkə də gözə xoş gəlməyən yaşıl "mamır" rəngi binanın tarixiliyinin göstəricisi və xarici görkəminin vacib elementidir.  Binaları yonub ağartmaq onun üzərindən tarixin rəngini, izini silmək, tarixilikdən məhrum etmək deməkdir. Almanlar öz tarixlərinə, tikinti-arxitektura irsinə münasibətdə bizim kimi novator deyillər, bu baxımdan mühafizəkardırlar. Təbii ki, əgər tarixi binaları yonub ağartmaq novatorluq sayılarsa…

Alman standartı necə yarandı, yaxud kral pivənin keyfiyyətini necə yoxlayırdı?!

Alman şəhərlərini Azərbaycandan gəlmiş soydaşlarla gəzmək xüsusi bir zövqdür. Alman – Azərbaycan şəhərlərinin müqayisə predmeti, bənzətmə və fərqləndirmələri,  təsəvvür və fantaziyaları, istifadə olunan metaforalari iki qrupda ümumiləşdirmək mümkündür: "bizdə olsaydı" və "yaxşı ki, bizdə deyil". Bu iki anlayış özündə nələri, hansi fantaziyalari ehtiva etmir?! Nələr eşitməmək olar bu tipli söhbətlərdə?! Məsələn həmyerlilərimizin təəssüratlarından belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda yollar əvvəl tikilir, sonra sökülür, yenə də tikilir və yenə də sökülür… Beləcə yollar, kücələr davamlı olaraq bir-birini izləyən tikilmə sökülmə ömrü yaşayır. Yaşıllığa gəldikdə, onlar ya tikilməsi nəzərdə tutulan obyektin yerini tutmuş, ya da tutmamış ola bilər. Şəhərin görkəmli, adamların gur oldugu yerlərdəki istənilən əhəmiyyətli park, istirahət məkanı hər an ticarət obyektinə, kababxanaya, restorana, şadlıq evinə çevrilə bilər. Onun tarixi əhəmiyyəti istənilən an ticari — qazanc əhəmiyyətinə qurban edilə bilər. Məsələn, məmləkətdən təzəcə ayrılmış bir həmyerlimiz şəhər qalasının tamamilə turistlərin, yerli sakinlərin ixtiyarına verildiyini gördükdə təəccüblə "bizdə olsaydı dəyişdirib yaxşı bir kababxana, ya da ticarət obyekti tikərdilər" deməsi təbii və anlaşılandır.

Azər bəylə səyahət xüsusən maraqlıdır. Əvvəla ona görə ki, dostumuz gedəcəyi şəhərlər, onun gəzməli, görməli yerləri haqqında əvvəldən məlumat toplayır və bilgilərini paylaşmaqla həm də bir növ bələdcilik edir. Heykəltaraş rəssam olması isə tarixi abidələr, onların arxitektur üslubu və sair barədə birinci əldən verilən mütəxəssis rəyi deməkdir. Bu baxımdan da Azər bəylə səyahət xüsusən maraqlı və yadda qalan olur. Onunla arxitekturası ilə məşhur olan bir neçə Avropa şəhərində — Leipzig, Praga, Dresden, Potsdamda (Sansussi sarayı) olmuşuq.

Dostumuzun dilindən eşitdiyim bir tarixçə alman keyfiyyət standartı, almanların standart anlayışı, standartlara və keyfiyyət göstəricilərinə əməl etmə psixologiyası barədə təsəvvür yaratmağa kömək edir. Sən demə, orta əsrlərdə kralın daxili istehsalın keyfiyyət əmsalını yüksəltmək, təhlükəsiz ticarət mühiti yaratmaq, kralın və şəhərin keyfiyyət standartını müəyyən etmək üçün xüsusi standartlaşdırma metodu varmış. Pivə istehsalcısı istehsal etmək və etdiyi məhsulun vergisini ödəmək üçün kralın vergi idarəsinə müraciət edir və həmin idarə də pivə çəlləklərini yerləşdirmək üçün quyu qazılmasını öz üzərinə götürürmüş. Qazılan quyudan çıxan torpaq kisələrə yığılırmış və kisələrin sayı vergi vahidini müəyyən edirmiş. Vergi kisə sayına görə alınırmış. Vergi ödəyib qazanc əldə edə bilmək üçün bazarda yer tutacaq məhsul standarta uyğun, dequstatorun çıxdaş etməyəcəyi keyfiyyətə malik olmalıdır. Keyfiyyətsiz məhsulun bazara yolu bağlıdır. Degustator isə şəxsən kral həzrətləri özü olarmış. Krala rüşvət vermək və keyfiyyət standartından yayınmaq ki, mümkün deyil. Kralın ən böyük marağı şəhərində keyfiyyətlə reqabətə əsaslanan azad ticari mühit yaratmaq və daxili bazara əmtəə cəlb etməkdir. Bunun da yeganə yolu keyfiyyətli məhsul istehsal etmək və müəyyən olunmuş standarta riayət olunmasıdır. Ənənəvi olaraq yarmarkaların (jahr – il, market – bazar) açılışında kral şəxsən iştirak edir, bazara çıxarılan məhsulların keyfiyyət standartlarına uyğun olmasına nəzarət edirmiş. Yalnız onun icazəsi satış üçün lisenziya rolu oynayırmış.  Pivənin standarta uyğun olması isə qəribə bir metodla yoxlanılırmış. Əyninə dəri şalvar geyinmiş kral, onun üçün təqdim edilən qabdan pivənin yarısın oturacağın üstünə tökər, üzərində oturub qalan hissəsini də aramla içərmiş. İçib qurtardıqdan sonra ayağa qalxdıqda taxta oturacaq kralın dəri şalvarına yapışıb qalarsa demək pivə keyfiyyət standartına uyğundur, dequstasiyadan uğurla keçmişdir. Əks halda pivə çəlləkləri çaya axıdılırmış. Bazara çıxmaq, məhsulunu satmaq, gəlir əldə etmək istəyirsənsə məhsulun keyfiyyətli olmalıdır, əsas şərt və tələb budur — keyfiyyət. Beləliklə, zamanla, əsrlərlə davam edən bu gələnək almanlarda keyfiyyətli məhsul (iş) istehsal etmək məhsuliyyəti, standart anlayışı, keyfiyyət ruhu, cavabdehlik duyğusu formalaşdırır.

Və bu gün dünyada qəbul edilən keyfiyyət standartlarından birinin də məhz alman keyfiyyət standartı olması təsadüfi deyil. Bu illərin təcrübəsi, artıq ənənəyə çevrilmiş, gələnəksəlləşmiş keyfiyyət anlayışının təzahürüdür.

Meriyanı tərk etməzdən öncə cənab Schöck adəti üzrə binanın işıqlarını söndürüb son kontrolunu edir və biz birlikdə meriyanı terk edirik.

 Bu illər ərzində meriyaya hər kəsdən öncə gəlib, hamıdan sonra evə getmək, hər səhər işıqları yandırıb, iş gününün sonunda söndürmək, bir dəyişiklik olub-olmadığını öz əliylə yoxlamaq və beləliklə, həm də binanın təsərrüfat müdiri, gözətçisi olmaq və bunu 18 il fasiləsiz etmək…

— 18 il eyni şeyi təkrarlamaq sizi bezdirməyibmi? Cavab qisa və qəti oldu: 

— Yox. Qətiyyən!

Bu arada meriya binasına bitişik kilsədən qəfil qopan zəng səsləri sanki üçümüzü də diksindirdi.  

— "Amma bax bunların səsindən bəli" — deyə gülərək əlavə etdi.

  • Fəxrəddin Hacıbəy və alman mer
    Fəxrəddin Hacıbəy və alman mer
    sputnik.az
  • Fəxrəddin Hacıbəy və alman mer -2
    Fəxrəddin Hacıbəy və alman mer -2
    sputnik.az
  • Fəxrəddin Hacıyev və alman mer -2
    Fəxrəddin Hacıyev və alman mer -2
    sputnik.az
  • Fəxrəddin Hacıyev və alman mer -3
    Fəxrəddin Hacıyev və alman mer -3
    sputnik.az
  • Fəxrəddin Hacıyev və alman mer -4
    Fəxrəddin Hacıyev və alman mer -4
    sputnik.az
  • Fəxrəddin Hacıyev və alman mer -5
    Fəxrəddin Hacıyev və alman mer -5
    sputnik.az
  • Fəxrəddin Hacıyev və Azər bəy
    Fəxrəddin Hacıyev və Azər bəy
    sputnik.az
1 / 7
sputnik.az
Fəxrəddin Hacıbəy və alman mer

Əsas mövzular