11:55 11 Dekabr 2016
Canlı yayım
Гаджы Магомед Муслимзаде

İslamı qəbul edənə kimi içki içən, söyüş söyən olmuşam

© Sputnik
XƏBƏRLƏR
Qısa URL
121 0 0

Samboçu xristian rus Vitali Opuşkin, necə azərbaycanlı müsəlman Hacı Məhəmməd Müslümzadə oldu?

BAKI, 28 iyun-Sputnik. Sambo üzrə tanınmış idmançı, əvvəl xristian, milliyətcə rus Vitali Opuşkin, indi müsəlman azərbaycanlı Hacı Məhəmməd Müslümzadədir. Sputnik dünya və Avropa çempionu Hacı Məhəmməd Müslümzadə ilə  söhbətləşib.

- Necə oldu ki, İslamı qəbul etdiz? 

— 50 yaşım olanda yuxuda mənə 3 dəfə müsəlman olmaq təklifi gəldi. Bu yuxulardan sonra çox fikirləşdim, bu din haqqında ilkin bilgiləri topladım. Ehtiyat edirdim. Bilmirdim ki, qəbul edəcəyim bu məsuliyyətli qərarın öhdəsindən necə gələcəm. 

Düzdür o zaman bir ildən artıq idi ki, içkini atmışdım. Bir də ki, gərək Allah adamı istəsin ki, o şəxs ona ibadət edəcək, namaz qılacaq gücü özündə tapsın. Xülasə, Allah mənə yol açdı və düzgün yolu göstərdi. Mən İslamı qəbul etdim.                

O vaxtadək mənim kimi kifayət qədər insan vardı. Kim idi məni tanıyan? O qədər mənim kimi Vityoklar var idi ki….Məhz Uca rəbbimizin lütfü sayəsində  mən Vityokdan Hacı Məhəmmədə çevrildim. Əvvəl mənə kimsə salam vermirdisə, indi artıq cəmiyyətin ən hörmətli insanları ayaq saxlayıb mənə salam verir, kef-halımı soruşur, ehtiramını göstərir, "Hacı necəsən?" deyir. Bu elə belə şeylər deyil. Bu Allahın mənə verdiyi lütfdür. İnsan üçün bundan gözəl nə ola bilər ki?!.. 

Baxmayaraq ki, mən İslamı qəbul edənə kimi içki içən, söyüş söyən olmuşam, ancaq  islamı qəbul edəndən sonra kimsə deyə bilməz ki, Hacı kiməsə ağır söz deyib və yaxud söyüb. Məhz İslamı qəbul etməklə mən pis əməllərdən uzaqlaşdım. Mənəvi təmizliyi tapdım. Təkcə mənəvi təmizlik deyil. Bu dinə gəlməklə çox şeyə nail oldum.

İslam çox gözəl dindir. Artıq 16 ildir oruc tuturam. Bu ay çox gözəl aydır ki, insan yaradan qarşısında imtahan verə bilir. Özü də bu isti yay günlərində. Yay vaxtı, istidə oruc tutmağın bir ayrı gözəlliyi və özəlliyi var. Belə vaxtlarda Allaha ibadət etmək heç də hər bir insana nəsib olmur. İbadət etmək istəyənə isə Allah güc, dözüm verir. Bu gün mənim 67 yaşım var və özümü çox gümrah hiss edirəm. Bu ancaq İslamla bağlı olan məsələdir. Əgər əvvəlki kimi o axmaq işlərlə məşğul olsaydım, indi Allah bilir haralarda çürüyürdüm.      

- Digər dindən olan şəxslər bir qayda olaraq İslamı qəbul edəndən  sonra  adlarını, soyadlarını dəyişirlər. Bəs Vitali Opuşkin necə Məhəmməd Müslümzadə oldu?

— Bu işdə mənə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yaxından yardım edib. Familiyanı dəyişmək elə də çətin olmadı. Ancaq ad dəyişmək problem idi. Paşazdə mənə xüsusi bir kağız verəndən sonra mən adımi dəyişə bildim. Və oldum Məhəmməd Müslümzadə. Adımı peyğəmbər salavatullahın şərəfinə, soyadımı isə İslamın şərəfinə seçdim. 67 yaşımda mötəbər yarışlara qatılıb Azərbaycanı təmsil edirəm

Bu yaşımda idmanla fəal məşğul oluram. İldə iki dəfə Avropa və dünya çempionatında çıxış edirəm. Növbəti yarışımız bu ilin dekabrında Hollandiyada olacaq və biz komanda olaraq orada iştirak edəcəyik. Hacı Məhəmməd Müslümzadə 4 dəfə dünya mükafatçısı, bir dəfə dünya çempionu olub. Bundan əlavə, Avropa çempionu olmuşam. Ümumiyyətlə, 12 dəfə Azərbaycan bayrağını mötəbər yarışlarda qaldırmışam. Hər yarışdan öncə namaz qılıb döşək üzərinə çıxıram

Yarışdan əvvəl iki rükət namaz qılıb sonra döyüşə çıxıram və qalib gəlirəm. Çünki Allah mənə yardım edir, güc verir. Yol açır. 

Hətta  elə vaxt olub ki, məni yarışa buraxmaq istəməyiblər, ancaq yenə Allahın köməkliyi ilə mən o yarışda iştirak edib qalib gəlmişəm. Bir dəfə yarışa buraxmırdılar və mən pis vəziyyətdə idim. O zaman hardansa Rusiya prezidentinin məsləhətçisi Aslanbekovla rastlaşdım və söhbət əsnasında o mənim yarışa qatıla bilməyəcəyimdən xəbərdar oldu. Onun müdaxiləsindən sonra mən yarışa qatıldım və qalib oldum. Bəs mən necə Allaha və onun gözəl dini İslama inanmayım?! O zaman ancaq  Allah mənə yol açdı. 

Bir dəfə Minksdə yarışlarda qalib gəldim. Orada Belarus prezidenti Aleksandr Lukaşenko da var idi. Yarışdan sonra yaxınlaşıb mənimlə görüşdü və şəxsən təbrik etdi. Dedi ki, bax sən əsl vətənpərvərsən. Çünki yarış zamanı sifətim al-qan içində olsa da, yarışda sonadək mübarizə aparıb qalib gəlmişdim.

Bizim komandanın dünya komandaları arasında böyük reytinqi var. Digər komandalar Azərbaycan komandasından qorxurlar. Biz keçən yarışda ümumi hesabda 3-cü yeru tutmuşuq. Hətta yaşlılar arasındakı komandada qadınlar da var. Zülfiyyə xanım  da bütün yarışlara qatılır və uğurla çıxış edir. O çox dindar insandır. Dini qaydalara ciddi riayət edir. Mən onun kimi dindar görməmişəm. O dindar olmaqla yanaşı, gözəl insan və idmançıdır.

- İlk Həcc ziyarətinə necə getmisiz? 

1999-cu il idi. Telekanalların birində islam haqqında danışan zaman mərhum liderimiz Heydər  Əliyev də televiziyaya baxırmış və çıxışıma qulaq asandan sonra mənim kim olduğumu ətrafındakılardan soruşub. Onlar da məni tanıdıqlarını deyərək onu məlumatlandırıblar, yenicə İslamı qəbul edən şəxs olduğumu bildiriblər. 

Mən də televiziya çıxışımda insanları islama dəvət edirdim ki, bundan düzgün və gözəl din yoxdur. Heydər Əliyev mənimlə bağlı Şeyxülislam Allahşükür Paşazadəyə tapşırıq verib.

Məşqlərin birində həyat yoldaşım mənə dedi ki, sənə yuxarıdan, Ruhani İdarəsindən zəng ediblər. Mən əvvəl anlamadım ki, Ruhani kimdir. O vaxt heç bilmirdim ki, ruhani nə deməkdir. Təzəcə dinə gəlmişdim, dili də zəif bilirdim. Elə bildim ki, kimsə vəzifəli şəxsdir.

Yoldaşım bildirdi ki, ruhani adam deyil, idarədir. Sonra QMİ ilə əlaqə saxlayıb Paşazadə ilə görüşdüm. Söhbət əsnasında Hacı bildirdi ki, onu elə ilk dəfə Həccə göndərən də Heydər Əliyev  olub.

Əliyevin  mənə olan münasibətindən sonra, mənə münasibət dəyişdi və hər kəs hörmət etməyə başladı. İlk dəfə məni Həcc ziyarətinə o göndərib. İkinci dəfə öz hesabıma getmişəm. Üçüncü dəfə isə sambo üzrə dünya çempionu olmuşdum deyə, Allahşükür Paşazadə göndərdi.

Bundan başqa digər ziyarətlərdə də olmuşam. İraqda, Kərbəlada, İranda Məşhəddə və digər ziyarətgahlarda olmuşam.      

Mən dünyanın müxtəlif ölkələrində olmuşam və məni çox ehtiramla qəbul ediblər. Ancaq İran səfərim heç zaman yaddan çıxmayacaq. Çünki orada məni çox yüksək səviyyədə qəbul etdilər. Hətta nazirlər səviyyəsində məni qəbul edirdilər, hörmət bəsləyirdilər. Hətta görüşdən sonra mənə qızıl moneta hədiyyə edirdilər. Orada olanda Məşhəd ziyarətinə getmişəm. Çoxsaylı qəzetlər məndən müsahibələr alırdılar. Elə oldu ki, bir gündə İranda çıxan 17 qəzet məndən yazdı. Yazdılar ki, “Azərbaycan İranda", “Azərbaycan pələngi islamı qəbul etdi”, “Azərbaycan pələngi şiə oldu” və sair. Azərbaycan pələngi təxəllüsünü isə mənə SSRİ-nin sambo idman klubunun yaradıcısı Anatolu Xarlampiyev verib. O zaman çox uğurlu çıxışlarım olduğundan o bu adı mənə qoymuşdu.

- Sizə Azərbaycan dilində danışmaq çətinlik yaratmır ki?

— Əsla xeyr. Çünki mən bu ölkəni və Azərbaycan dilini sevirəm. Baxmayaraq ki, danışanda bir az çətinlik çəkirəm. Ancaq hamı mənim bu dildə danışmağa cəhd etdiyimi bildiyimdən hörmətlə yanaşırlar. Bax mənu bu ruhlandırır.

Yoldaşım azərbayanlı idi. Naxçıvandan. Adı Rəfiqə idi və həmkarlarda məsul vəzifədə çalışıb. O, hər zaman mənə yaxından kömək edib. İstər işdə olsun, istərsə də evdə. Çox gözəl insan idi.  Mənə hər cür dəstək olurdu. Allah onu rəhmət eləsin! Bir neçə il öncə dünyasını dəyişib…

 

 

 

Əsas mövzular