17:41 03 Dekabr 2016
Canlı yayım
İlham Əliyev - Ali baş komandan

İlham Əliyev: Bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır

Azərtac
XƏBƏRLƏR
Qısa URL
48 0 0

Ali baş komandan deyib ki, ermənilər nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər.

BAKI, 25 iyun — Sputnik. Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, — əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı mərasimindəki çıxışında deyib.

Prezident Azərbaycana qarşı ən böyük ədalətsizliyin illərdir torpaqlarımızın işğal altında qalması olduğunu bildirib: "Bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Uzun illər bu ədalətsizlik davam edir. 1990-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Əfsuslar olsun ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən bu işğal davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, ancaq dünya ictimaiyyəti buna biganə qalır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Orada da göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. İyirmi ildən çox vaxt keçib, ancaq bu qətnamələr icra edilmir. Bu, bizə, dövlətimizə, xalqımıza qarşı böyük ədalətsizlikdir. Ancaq bugünkü dünya əfsuslar olsun ki, ədalətsizlik üzərində qurulur. Beynəlxalq hüquq pozulur, işğalçı dövlətə heç bir təzyiq göstərilmir, işğala məruz qalan ölkəyə də heç bir dəstək göstərilmir."

İlham Əliyev deyib ki, belə vəziyyətdə Azərbaycan ancaq öz gücünə güvənməlidir. 

"Beynəlxalq təşkilatların sənədləri, qətnamələri, qərarları bizim siyasi, diplomatik imkanlarımızı artırır. Bu gün heç bir ölkə Dağlıq Qarabağı bir qurum kimi tanımır. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi bazanı yaradır. Bu hüquqi baza, eyni zamanda, tarixi ədalət üzərində qurulubdur. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq." — deyə Ali baş komandan bildirib. 

O deyib ki, bugünkü dünyada güc amili əsas rol oynayır:" "Kim güclüdür, o da haqlıdır" prinsipi əsas prinsipdir. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük. Bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlik görürük. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrı bəzi hallarda saatlar içində icra edilir. Bizə gəldikdə isə 20 il keçibdir, bu qətnamələr kağız üzərində qalır. Bu, ədalətsizlikdir, ikili standartlardır. Ancaq yenə də demək istəyirəm, biz real vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə, Azərbaycan xalqının istedadına arxalanmalıyıq."

Prezident Əliyev bir daha bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır."Nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq."

Ali baş komandan qeyd edib ki, biz münaqişəni tezliklə, ədalətli və öz xeyrimizə həll etmək üçün daha da güclü olmalıyıq.

"Təmas xəttindəki vəziyyətlə hərbçilər yaxından tanışdırlar. Azərbaycan ictimaiyyəti də bunu bilir. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycan ordusu təmas xəttində tam üstünlüyü əldə edibdir. Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər. Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, — əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun!"

Prezident bir daha bəyan edib ki, ermənilər nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər.

Əsas mövzular