18:38 10 Dekabr 2016
Canlı yayım
müdafiə naziri Zakir Həsənov

Nazir: Azərbaycan ordusu MDB məkanında ön sıradadır

axar.az
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Müdafiə naziri Zakir Həsənov 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü ilə əlaqədar olaraq ötən ildən bu günədək ordunun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

BAKI, 24 iyun-Sputnik. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşıb.

Sputnik xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 iyun — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü ilə əlaqədar olaraq ötən ildən bu günədək ordunun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşərkən deyib.

Nazirin sözlərinə görə, ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması üzrə bir sıra əhəmiyyətli tədbirlər görülərək bu sahədə işlər davam etdirilir, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərinə diqqət artırılır.

“İlk növbədə, qeyd etmək istərdim ki, Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub. Burada planlı şəkildə, mərhələlərlə mühüm məsələlər həyata keçirilir. Həm struktur, həm kadrlar baxımından mühüm işlər görülür. Qarşımıza qoyulan məqsəd isə hər bir hərbi qulluqçunun, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olması və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasıdır. 

İstənilən səviyyələrdəki qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir. Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir.

Xüsusi qeyd etmək istərdim ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir.”

Nazirin sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. “Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir.” – deyə Həsənov vurğulayıb.

Nazir onu da əlavə edib ki, keçən ilin avqustunda ilk dəfə Naxçıvanda, bu ilin aprelində Tiflisdə, mayında isə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi məqsədilə müdafiə nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. “Bu görüşlərin mühüm nəticəsi ondan ibarət olub ki, təhsil və tibb sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi məqsədilə Üçtərəfli Koordinasiya Qrupu yaradılıb” —deyə Həsənov bildirib.

 

Əsas mövzular