06:17 11 Dekabr 2016
Canlı yayım
Bakı 2015 Avropa Oyunları

Müxalifət liderləri Avropa Oyunlarının açılışında iştirak edəcəklər

sputnik.az/Pəri Abbaslı
XƏBƏRLƏR
Qısa URL
7210

Siyasi partiyaların liderləri Birinci Avropa Oyunlarında iştirak və Azərbaycan idmançılarından gözləntiləri ilə bağlı fikirlərini Sputnik-lə bölüşüblər.

BAKI, 12 iyun — Sputnik. Bu gün Azərbaycanda Birinci Avropa Oyunlarına start verilir və rəsmi açılış mərasimi keçiriləcək. Açılış mərasimində 20-dək ölkənin  və hökumətin başçısı, o cümlədən, çoxsaylı xarici qonaqlar iştirak edəcək. Artıq idmançılar və nümayəndə heyətləri Azərbaycana gəlməkdədirlər. Rəsmi açılış mərasimində ölkənin rəsmiləri, millət vəkilləri, məmurlar, vətəndaş cəmiyyətinin, siyasi partiyaların nümayəndələri, sıravi vətəndaşlar iştirak edəcək. Müxalifət partiyalarının əksəriyyəti də açılış mərasimində iştirak etmək barədə qərar verib. Siyasi partiyaların liderləri Birinci Avropa Oyunlarında iştirak və Azərbaycan idmançılarından gözləntiləri ilə bağlı fikirlərini Sputnik-lə bölüşüblər.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə oyunların yüksək səviyyədə keçməsini arzulayıb. O bildirib ki, Avropa Oyunları bir daha Azərbaycanın Avropaya inteqrasiyasının bariz göstəricisidir: “Avropa Oyunları təkcə ölkədə idmanın inkişafı baxımından deyil, eyni zamanda gəncliyin sabaha baxışı, cəmiyyətdə daha aktiv mövqe tutması baxımından da mühüm hadisədir. Çünki bu oyunlarda daha çox Azərbaycan gəncliyi iştirak edəcək. Bu da onların özlərini formalaşdırması baxımından müstəsna rol oynayacaq.”

Yarışlarda Azərbaycan idmançılarına uğurlar arzulayan Mollazadə deyib ki, əsas məsələ kimin qalib olması deyil, əsas məsələ uğurlu iştirakdır: “Kimin birinci yeri tutub tutmaması önəmli deyil, əsas məsələ uğurlu çıxışdır.”

ADP sədri Sərdar Cəlaloğlu da açılış mərasimində iştirak edəcəyini bildirib və idmançılarımıza uğurlar arzulayıb. “Hesab edirəm ki, kifayət qədər bacarıqlı idmançılarımız var və onlar bayrağımızı uca edəcəklər” — deyə Cəlaloğlu bildirib.

AMİP sədri Yusif Bağırzadə partiya rəhbərliyinin Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, bu yarışın Azərbaycanda təşkil olunması mühüm bir tarixi hadisədir. “Biz partiya olaraq bu yarışlarda idmançılarımıza qələbə arzulayırıq. Onların ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlarına əminik. Ümid edirik ki, idmançılarımız Azərbaycan bayrağını uca edəcəklər. Biz idmançılarımızın yarışlarını müxtəlif arenalarda izləyəcəyik və onlara öz dəstəyimizi verəcəyik” — deyə Bağırzadə bildirib. 

Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli deyib ki, partiya rəhbərliyi açılış mərasimində iştirak edəcək: “Biz bu mötəbər idman yarışının sonadək yüksək səviyyədə keçməsini arzulayırıq. İdmançılarımızdan ancaq uğurlar, qələbə gözləyirik. İstəyirik ki, layiqli və güclü olan qazansın. Əsas məsələ yarışlarda hansı yeri tutmaq deyil, bu yarışların yüksək səviyyədə  keçməsidir. İstər-istəməz Avropa Oyunları ölkəmizdə idmanın inkişafına və gənclərin  beynəlxalq aləmə inteqrasiyasına öz müsbət töhfəsini verəcək.”

İbrahimli onu da əlavə edib ki, bacardığı qədər idmançıların yarışnı izləyib, onlara dəstək olacaq.

AKP sədri Rauf Qurbanovsa Azərbaycan idmançılarının ümumi komanda hesabında ən öncül yerlərdən birini tutacağını əmin olduğunu bildirib. “İnanıram ki, idmançılarımız ən çox qızıl və gümüş medalçılar sırasında olacaq. İstərdim ki, idmançılarımız ev sahibi kimi ümumi komanda hesabında birinci yerdə olsunlar. Belə bir idman yarışının ölkəmizdə keçirilməsindən qürur duyuruq və bunu təqdirəlayiq hadisə hesab edirik.”

ASDP sədri Araz Əlizadə açılış mərasimində iştirak etməklə idmançılarımıza dəstək olacağını qeyd edib. “Mən idmançılarımızdan uğurlu çıxışlar gözləyirəm. Əsas məsələ qalib olmaq deyil, gözəl idman oyunu nümayiş etdirməkdir. Bu gün kimin qalib gələcəyi barədə fikir söyləmək və ya proqnoz vermək çətindir. Ancaq idmançılarımıza qələbə arzulayıram” — deyə Əlizadə bildirib.

 

Teqlər:
mühüm hadisə, açılış mərasimi, idmanın inkişafı, oyunlar, partiya liderləri, Birinci Avropa Oyunlarının açılışında iştirak, Demokratik İslahatlar Partiyası, ADP, AMİP, Aydınlar Partiyası, AKP, ASDP, Yusif Bağırzadə, Rauf Qurbanov, Araz Əlizadə, Qorxmaz İbrahimli, Asim Mollazadə, Sərdar Cəlaloğlu, Azərbaycan, Bakı

Əsas mövzular