23:48 06 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

AKP Türkiyədə təkbaşına hökumət qurmaq şansını itirdi

XƏBƏRLƏR
Qısa URL
28 0 0

Türkiyədə Böyük Millət Məclisinə keçirilən seçkilərdə sürpriz nəticəni PKK-nın varisi sayılan HDP göstərib.

BAKI, 8 iyun — Sputnik. Türkiyə Böyük Millət Məclisinə (TBMM) iyunun 7-də keçirilən seçkilər başa çatıb. Artıq nəticələr 99% məlumdur. Sputnik Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, bu saata olan nəticələrə əsasən 2011-ci ildə keçirilən parlament seçkilərində 49.95% səs qazanmış və təkbaşına hökumət qurmuş hakim Ədalət və İnkişaf Partiyası (AKP), bu seçkidə 40,79% səs qazanaraq TBMM-də 258 mandat qazanıb. Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) isə bu dəfə də parlamentin ikinci partiyası olub və səslərin 25.03%-ni toplayaraq 132 mandat əldə edib. Milliyyətçi Hərəkat Partiyası (MHP) bu seçkidə də üçüncülüyünü qoruyub. 16,37% səs qazanan milliyyətçilər bu dəfə parlamentdə 81 yer qazanmağa nail olublar. Kürdlərin əsas partiyası Xalqların Demokratik Partiyası (HDP) isə seçkini 79 mandatla başa vurub, səslərin cəmi 13,07 %-ni toplayıb. Bu saata olan nəticələrə görə, seçkidə bitərəf olaraq iştirak edənlərdən heç kəs mandat qazana bilməyib. 

Konstitusiyaya görə, baş nazir Əhməd Davudoğlu bu gün hökumətin istefa ərizəsini  prezidentə təqdim edəcək. Türkiyədəki siyasi ənənəyə əsasən prezident Rəcəb Tayyib Ərdoğan növbəti hökumət qurulana qədər Əhməd Davudoğlundan baş nazir vəzifəsini icra etməsini xahiş edəcək və yeni hökumətin qurulması səlahiyyətini də böyük ehtimalla ona verəcək. Hökumətin Məclisin etimadını qazanması üçün 276 millət vəkilinin dəstəyinə ehtiyacı var. Hazırda təxminən 258 mandat qazanmış AKP-nin  təkbaşına hökuməti qurması mümkün görünmür. Əgər seçkidən sonrakı 45 gün ərzində yeni hökumət qurula bilməzsə, prezidentin Məclisi buraxıb yeni seçkiyə getmək barədə qərar qəbul etmək səlahiyyəti var.

Ana müxalifətdəki CHP 2011-ci ildəkinə baxanda mandatlarının sayını bir o qədər də artırmayıb. O zaman 130 mandat qazanmışdı, indi isə cəmi 2 mandat artıra bilib. 

Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürd təmayüllü Xalqların Demokratik Partiyası (HDP) sürpriz nəticələr göstəriblər. 2011-ci ildəki seçkidə MHP Məclisə  54 millət vəkiliylə girmişdi. 2014-cü ilin  iyununda qurulan HDP-nin 10%-lik baryeri aşması və təqribən MHP ilə eyni nəticəni göstərməsi şok yaradıb. Son iki seçkiyə müstəqil namizədlərlə girərək daha sonra Məclisdə fraksiya yaradan kürd təmayüllü  siyasi hərəkat  tarixdə ilk dəfə ölkədəki türk çoxluğun iradəsini ifadə edən türk milliyyətçiləri ilə eyni nəticəni göstərib. 


Teqlər:
Rəcəb Tayyib Ərdoğan, Türkiyə

Əsas mövzular