23:49 06 Dekabr 2016
Canlı yayım
Parisdə “Azərbaycan – İdman diqqət mərkəzində” adlı sərgi açılıb

Parisdə “Azərbaycan İdman diqqət mərkəzində” adlı sərgi açılıb

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Parisdəki Fransa İdman Evində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan “Azərbaycan – İdman diqqət mərkəzində” adlı sərginin açılış mərasimi keçirilib.

BAKI, 4 iyun — Sputnik. Parisdəki Fransa İdman Evində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan “Azərbaycan – İdman diqqət mərkəzində” adlı sərginin açılış mərasimi keçirilib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, sərgi “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC), Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinin, Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) Nitsa Milli İdman Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində baş tutub. Açılış mərasimi haqqında məlumat Fransa Milli Olimpiya və İdman Komitəsinin internet səhifəsində də yerləşdirilib http://espritbleu.franceolympique.com/espritbleu/actus/5082-lazerbadjan--ct-sport--une-exposition--la-maison-du-sport.html. Bundan başqa, tədbir haqqında reportaj “Bakı- 2015” birinci Avropa Oyunlarının rəsmi Fransa yayımçısı olan “L’Équipe 21” kanalında yayımlanıb.

150-dən artıq diplomat, idmançı, idman həvəskarının və Fransadakı Azərbaycan icması üzvlərinin iştirak etdikləri sərginin hörmətli qonaqları arasında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin sədri, fransalı senator Jan-Klod Frekon, Fransa Milli Assambleyasının deputatı və Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, Fransa Güləş Federasiyasının prezidenti və birinci Avropa Oyunlarında iştirak edəcək Fransa nümayəndə heyətinin rəhbəri Alen Bertolom, Fransanın sabiq idman və gənclər məsələləri naziri, hazırda isə CNOSF-in tibb komitəsinin sədri Alen Kalmat, məşhur Fransa futbolçusu Mixael Landro və Paralimpiya çempionu, xizəkçi Mari Boşe də olub.

Fransa Milli Olimpiya və İdman Komitəsinin prezidenti Denis Masseglia sərginin açılış mərasimində çıxış edərək bildirib ki, Bakı şəhəri Avropa Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürəndə biz bu şəhərin bu cür tədbirləri təşkil etməyə qadir olduğunu bilirdik. Azərbaycan çox gözəl ölkədir və onun paytaxtı ilk Avropa Oyunlarının keçirilməsi üçün zəruri olan bütün imkanlara malikdir.

Səfir Elçin Əmirbəyov “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanın çağdaş tarixində bir çox idman növləri üzrə təşkil ediləcək ən böyük yarışlardan biri olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, Azərbaycan, xüsusilə də Bakı multikulturalizm və dini tolerantlıq ənənələrini təcəssüm etdirir. O, son illər ərzində Azərbaycanın mədəniyyətlərarası dialoq və dinlərarası tolerantlığı təbliğ edən bir neçə beynəlxalq tədbirin təşkilatçısı kimi çıxış etdiyini xatırladıb.

Elçin Əmirbəyov idmanın əsas strategiyasının sülh konsepsiyasının qardaşlıq, həmrəylik və tolerantlıq kimi ideallarını təbliğ etməsi olduğunu vurğulayıb. O deyib: “İdman insanları bir araya gətirmək imkanına malik bir qüvvədir. İnanıram ki, məhz bu ruhda TEAS millətlər arasında dostluq və həmrəyliyi gücləndirən bu iki vacib elementi – mədəniyyəti və idmanı bir araya gətirə bilib. TEAS-ın sərgilədiyi bu fotoşəkillər idmanın müxtəlifliyini ən universal ölçüdə əks etdirir.”

Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Mari-Letitia Gourdin bildirib ki, “Azərbaycan – İdman diqqət mərkəzində” sərgisinin məqsədi Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində idmanın ümumbəşəriliyini və idman ruhunun mahiyyətini əks etdirməkdir.

Son on il ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında söhbət açan Mari-Letitia Gourdin vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında idman və idman infrastrukturu da bu inkişafdan kənarda qalmayıb. Bu uğurlu fəaliyyətin nəticəsində Azərbaycan birinci Avropa Oyunlarının təşkilati məsələlərinə yalnız iki il yarım vaxt sərf etdi, lakin başqa ölkələr üçün buna yeddi il tələb olunur.

Nümayəndəliyin rəhbəri məlumat verib ki, növbəti illərdə Azərbaycan digər beynəlxalq idman yarışlarına da ev sahibliyi etməyə hazırlaşır. Buraya 2016-cı ildə keçiriləcək Formula-1 üzrə Avropa Qran-prisi, 2017-ci il İslam Həmrəyliyi Oyunları və Avro 2020-nin bəzi futbol matçları daxildir. Azərbaycan, həmçinin 2024-cü ildə təşkil ediləcək Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürəcək.

Fransalı deputat Jan-Fransua Mansel Bakıda keçiriləcək ilk Avropa Oyunlarının möhtəşəm bir idman tədbiri və gözəl bayram olacağını deyib: “Fikrimcə, möhtəşəm anlar yaşanacaq. Azərbaycan bu Oyunların olduqca qısa bir müddətdə hazırlanması işini öz üzərinə götürə bildi”.

Fransa İdman Evində nümayiş etdirilən 65 fotoşəkil 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib. Həmin fotoşəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilib. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.

Beləliklə, birinci yerə azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun “Şöhrətə doğru”, ikinci yerə fransalı fotoqraf və videoqraf Pol Robionun “İpanema – Rio de Janeyro”, üçüncü yerə isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın “Yekun təlimat” adlı fotoşəkilləri layiq görülüb.

Hər üç qalib bu il fevralın 27-də Londonun məşhur “Oxo” qalereyasında keçirilən tədbirdə təltif olunmuşdu. Londondan sonra şəkillər Nitsa, Maastrixt, Brüssel, İstanbul, Berlin kimi bir çox paytaxt və böyük şəhərlərdə nümayiş olunub.

Münsiflər heyətinə tanınmış amerikalı fotojurnalist, “VII Foto” Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların fotoportretlərinin müəllifi kimi tanınan almaniyalı fotoqraf Filip Ratmer və azərbaycanlı fotoqraf, bir çox beynəlxalq mükafatların laureatı Əğdes Bağırzadə daxil olub.

 


Əsas mövzular