10:01 18 Yanvar 2017
Canlı yayım
Mirzəxan İmamquliyevin hazırladığı helikopter

"Ümid edirəm ki, o, uçacaq"

© Sputnik / Çingiz Xələfov
CƏMİYYƏT
Qısa URL
37410

Ən böyük arzusunu reallaşdıran adam: "Tez-tez özümü yuxuda uçan görürdüm"

Çingiz Xələfov, Sputnik Azərbaycan

BAKI, 6 yan — Sputnik. Yəqin ki, uşaqlıqda hər birimizin ən böyük bir arzusu olub. Kimsə polis, kimsə həkim olmaq, kimsə avtomobil yarışlarına qatılmaq istəyib. Reportajımızın qəhrəmanının arzusu isə bir qədər fərqlidir. O, kiçik yaşlarından öz helikopterini hazırlamaq arzusu ilə yaşayıb.

Qusar rayon Samur qəsəbəsinin 67 yaşlı sakini Mirzəxan İmamquliyev, 10 ildir ki, bu qurğunu yığır. Bunun üçün o, 10-dan çox avtomobilin müxtəlif ehtiyat hissələrindən yararlanıb. Düzəltdiyi helikopterin mühərrikini işə salarkan "Uşaqlıq arzumu həyata keçirdim", — deyərək sevincini paylaşır.

M. İmamquliyev ixtisasca mühasibdir. Lakin texnikaya marağı kiçik yaşlarından yaranıb. Qəhrəmanımızın sözlərinə görə, helikopter hazırlamaq ideyası ona yuxuda gəlib: "Tez-tez özümü yuxuda uçan görürdüm. Düşündüm ki, bu, işarədir. Bu işin çətin olduğunu anlayırdım. Amma nədənsə maraqlandım bu işlə".

Altı nəfərlik qurğu avtomobil hissələrindən yığılıb. Əvvəl helikopterə "Zaporojets" mühərriki qoyub. Lakin mühərrikin uçan qurğunun pərlərini hərəkətə gətirməyə gücü çatmayıb. Mühərriki daha güclüsü ilə əvəz etmək qərarı qəbul edib — "VAZ 2103" mühərrikini seçib.

Qurğunun iş prinsipi avtomobilə uyğunlaşdırılıb
© Sputnik / Çingiz Xələfov
Qurğunun iş prinsipi avtomobilə uyğunlaşdırılıb

Qurğunun iş prinsipi avtomobilə uyğunlaşdırılıb. Əgər avtomobildə mühərrik təkərləri hərəkətə gətirirsə, burada o, pərləri fırladır. İxtiraçının bütün səylərinə baxmayaraq, qurğu nədənsə uçmaq istəmir. Səbəb isə müəllifin əldə edə bilmədiyi bir neçə cihazdadır.

"Birincisi, daha güclü mühərrik lazımdır. İkincisi, helikopterin pərləri lazım olandan daha qasa və ensizdir. Zəruri detallar olmadığından, onu havaya qaldıra bilməmişəm. Onları da əlavə etsəm, işə salacam və ümid edirəm ki, o, uçacaq", — deyir həmsöhbətimiz.

Mirzəxan İmamquliyev siqaret aludəçisi olub. Lakin bir neçə əməliyyatdan sonra bu zərərli vərdişi tərgitmək qərarına gəlir: "Siqareti atandan sonra minlərlə manatıma qənaət etdim. Və bu pulları arzumu reallaşdırmağa sərf etdim".

Dediyinə görə, onun əl işi insanların marağına səbəb olub. Əlxəsus da texnika ilə maraqlanan şəxslərin. Bu helikopter M. İmamquliyevin yığdığı yeganə qurğu deyil. O, fındıq təmizləyən, şum və otbiçən qurğular da hazırlayıb. İxtiraçı bu cihazları təkmilləşdirməyi planlaşdırır.

Əlaqədar

Türk usta bir möcüzə gerçəkləşdirdi
Əsərləri ilə insanları valeh edən usta
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır
Təndir düzəldən ustaların sayı kəskin surətdə azalıb
Müştərisinin geri dönəcəyini 6 il gözləyən usta
Kaman ustası
Teqlər:
Samur, Mirzəxan İmamquliyev, mühərrik, arzu, Qusar, helikopter, avtomobil

Əsas mövzular