CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər bu ailədə 10 uşağı yetim qoydu

© Sputnik / Irade JELILZülfüqarovlar ailəsi
Zülfüqarovlar ailəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Gecələr yata bilmirik. Onlar sulara qərq olublar. Sağdırlar-ölüdürlər, bilmirik. Yandırır bizi bu dərd"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 dek — Sputnik. Dekabrın 15-də bir ailədən iki nəfər Xəzərdə qərq oldu — Güloğlan və Azay (yaxınları Baloğlan çağırırmış) Zülfüqarov qardaşları. Ələt qəsəbəsinin sakinləri olan qardaşlar, həmin ərəfədə məzuniyyətdən qayıdıblar və dekabrın 13-də gəmiyə gecikməmək üçün taksi ilə Bakıya gəliblər.

İlham Qafarovun yas mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qardaşımın meyitini mənə göstərib dedilər ki..."

Hər iki qardaş çalışaraq, həm öz ailələrinə baxırmış, həm də bacılarına. Valideynlərini çoxdan itirdikləri üçün, Güloğlanla Azay bacılarına atalıq edirmiş. Tikələrini də onlarla bölürmüş qardaşlar.

Kasıb ailədir Zülfüqarovlar. Güloğlan Zülfüqarovun evi "barak" kimi tanınan köhnə evlərdəndir — 12 kvadratmetr ancaq olar. Bu evdə 8 uşaq dünyaya göz açıb, böyüyüb. Heç həyətləri də yoxdur. Qapıdan girən kimi, iki kiçik otaq. İçərisi buz kimidir, ayağını yerə qoysan, soyuğu beynində hiss edirsən. Bu kiçik otaqları da Azərbaycan bayrağı ilə bəzəyiblər.

© Sputnik / Irade JELILZülfüqarov qardaşları
Zülfüqarov qardaşları - Sputnik Azərbaycan
Zülfüqarov qardaşları

Güloğlanın həyat yoldaşı danışır ki, böyük oğullarını yenicə evləndiriblərmiş. Düşünürlərmiş ki, uşaqlar ailə sahibi olar, ailənin yükü azalar, bəlkə onların da nə vaxtsa normal, isti evi olar…

Qızı Günel 10-cu sinifdə oxuyur. Onun hələ bundan sonra daha çox ata qayğısına ehtiyacı olacaq. Günel çox yaxşı başa düşür. Başa düşür və yanır ürəyi. Danışa bilmir, gözyaşları süzülür iri, qara gözlərindən. Bircə onu deyir: "Nə olar, atam gəlsin, nə olar, atamı tapsınlar".

"Güloğlan 1989-cu ildən dənizdə işləyir, uşaqlarına heç nədə korluq vermirdi. Eyni zamanda, mehriban, başadüşən insan idi. Onsuz necə olacaq halımız, bilmirəm. Paramparçayaq… Heç olmasa, ya ölüsünü tapsınlar, ya dirisini" — deyir həyat yoldaşı Tamara xanım.

© SputnikAtasının yolunu gözləyən uşaq
Atasının yolunu gözləyən uşaq - Sputnik Azərbaycan
Atasının yolunu gözləyən uşaq

Qeyd edək ki, Zülfüqarov Güloglan Hacıbala oğlu 23 dekabr 1965-ci ildə anadan olub. Səkkiz uşaq atasıdır: Pərvin, Elvin, Etibar, Elçin, Şahid, Ülkər, Günel və Şəfəq. Şəfəq hipertoniya xəstəsidir.

Qardaşı Azay Zülfüqarov isə 8 avqust 1971-ci il təvəllüdlüdür. İki uşaq atasıdır: 3 yaşlı Süleyman və 2 yaşlı Amin. Həyat yoldaşı Çimnaz xanımın sözlərinə görə, uşaqları neçə gündür "ata, ata" deyib ağlayırlar.

Hər iki Zülfüqarovun ailəsi, mediada və sosial şəbəkədə, onların barəsində yayılan yalan xəbərlərdən çox narazıdır. "Bizi başa düşmədilər, tənqid etdilər. Heç nə demirəm, elə bizim dərdimiz boyda dərd yaşasınlar" — deyir Çimnaz xanım.

"Azay bizim hər şeyimiz idi. Bacılarının, mənim dayağım idi. İki balamız vardı. Böyük arzularımız vardı. O gündən gözümüz yolda qalıb. Gecələr yata bilmirik. Onlar sulara qərq olublar. Sağdırlar-ölüdürlər, bilmirik. Yandırır bizi bu dərd" — deyən qadın gözyaşlarını sel kimi axıdır.

O, Azayla sonuncu dəfə dekabrın 14-ü axşam danışıb. Uşaqlarından narahat imiş, dönə-dönə uşaqlarını Çimnaza tapşırıb. Deyib ki, "uşaqlarımdan muğayat ol, bura küləklidir, amma hər şey yaxşı olacaq".

Çimnaz xanımın hönkürtüsünə, şirin yuxuda olan və hələ heç nədən xəbəri olmayan Amin oyanır. Atasının şəkilləri ilə qarşılaşır. "Ata" deyib gülümsünür…

Xəbər lenti
0