21:07 17 Yanvar 2017
Canlı yayım
Kompüter oyunu

21-ci əsrin xəstəliyi: onlar illüziya ilə reallığı ayıra bilmirlər

© pixabay / StartupStockPhotos
CƏMİYYƏT
Qısa URL
50110

Həmin insan ətrafında olan insanları itirir və tənhalığa çəkilir

BAKI, 19 dek — Sputnik. Kompüter, xüsusilə də oyunları bu gün uşaq, yeniyetmə və gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Bəzi hallarda, orta və yaşlı nəslin nümayəndələrinin də bu vərdişə "yoluxduğunun" şahidi oluruq. İctimai nəqliyyatda, əlində telefon, başı hansısa internet oyuna qarışmış, ətraf aləmdən təcrid olunmuş insanlar hər birimiz rastlaşırıq.

Sosioloq Cavid İmamoğlu Sputnik-ə şərhində bildirib ki, bu cür oyunlara meylliliyin ən əsas səbəbi — insanların boş vaxtlarını düzgün qiymətləndirməməsi ilə bağlıdır: "İnsanlar boş vaxtlarını şəxsi inkişaflarına yönəltməlidirlər. Amma bəzi vətəndaşların çoxu günün bir çox saatlarını oyun oynamaqla, sosial şəbəkələrdə keçirirlər. Bu da aludəçiliyə gətirib çıxarır və sonradan asosiallaşma, yəni sosial mühitdən kənarda qalma ilə nəticələnir".

"Həmin insan ətrafında olan insanları itirə bilər və tənhalığa çəkilə bilər. Bir sözlə, bu oyunlara çox aludə olmaq, tək insanın psixologiyasına deyil, həm də sosial mühitinə təsir göstərir", — ekspert bildirib.

Onun sözlərinə görə, bu problem, xüsusilə yeniyetmə və gənclərin sosial həyatlarında daha çox mənfi izlər buraxır: "İnsan gün ərzində həm idmanla məşğul olmalı, həm kitab oxumalı, həm də sosial mühitlə əlaqədə olmalıdır. Belə oyunlar insanları sağlam yaşam tərzindən uzaqlaşdırır. Ona görə də belə oyunlardan uşaqları uzaq tutmaq və gənclərin belə oyunlara marağını azaltmaq lazımdır".

Psixoloq Nüşabə Nağıyeva da kompüter oyunlarının insan psixologiyasına mənfi təsir göstərdiyini deyir. "Uşaqlar kiçik yaşlarında saatlarla oyun oynayanda, onlarda diqqət problemi yaranır. Oyunda gördükləri illüziya ilə reallığı ayıra bilmir və real həyatdan qopurlar. Böyüklərdə də eyni diqqətsizlik yaranır, üstəlik əsəbi və aqressiv olmağa gətirib çıxarır. Bu da cəmiyyətdən və ətraf mühitdən uzaqlaşmaya gətirib çıxarır", — o, Sputnik-ə açıqlamasında bildirib.

Psixoloq, beyini inkişaf etdirən oyunların olduğunu da qeyd edib: "Amma onları, maksimum 30 dəqiqə oynamaq olar. Uşaqların həmyaşıdları ilə oynamasına şərait yaratmaq lazımdır. Məzmunsuz oyunların isə heç müsbət cəhətindən danışmaq olmaz".

Kompüter oyunları
© Karikatura
Kompüter oyunları

Həkim Adil Qeybulla da Sputnik əməkdaşı ilə söhbətində, uzun müddət, fasiləsiz oturmağın insan orqanizminə çox mənfi təsir göstərdiyini dilə gətirib: "Ümumiyyətlə, oyun olsun və ya sosial şəbəkələr olsun, kompüter qarşısında oturmaq insan orqanizminə mənfi təsir göstərir. İnsan vaxtını düzgün nizamlamalıdır. O, gün ərzində aktiv həyat tərzində olmalıdır. İdmanla məşğul olmalıdır. Əks halda ürək-qan damar xəstəlikləri, xərçəng, eyni zamanda diabet kimi xəstəliklər yarana bilir".

"Gözlər zəifləyir. Sinir sistemində dəyişikliklər yaranır. Buna görə də yaxşı olar ki, hər 15-20 dəqiqədən bir kompüter qarşısından qalxıb hərəkət etsinlər. Bu, xəstəliklərin qarşısını az da olsa, alır. Amma uzun müddət oyun oynamaq aludəçiliyə çevrilir və bu da diqqətsizliyə, sinir sisteminə mənfi təsir edir", — həkim vurğulayıb.

Əlaqədar

Dünyada qadağan olunmuş məşhur kompüter oyunları: Top 10-luq
Kompüterdə çox işləyənlər bu xəbəri mütləq oxusunlar
Canlı və nəfəs alan kompüterlər yaradılıb
Kompüter salonlarının qənimi ələ keçdi
Teqlər:
aqressiya, sağlamlıq, həkim, oturmaq, xəstəlik, gənc, yeniyetmə, uşaq, oyun, kompüter

Əsas mövzular