16:08 06 Dekabr 2016
Canlı yayım
Bakı Nəqliyyat Agentliyi paytaxtda minik avtomobili ilə taksi xidməti göstərən şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb

Bakı Nəqliyyat Agentliyi taksi sürücüləri üçün maarifləndirici tədbirlərə başlayıb

© Foto: Bakı Nəqliyyat Agentliyi / Facebook
CƏMİYYƏT
Qısa URL
18 0 0

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlunata görə, məqsəd, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir.

BAKI, 1 dek — Sputnik. Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlunata görə, məqsəd, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir. Bu çərçivədə ilk tədbir metronun Koroğlu stansiyasının ətrafında keçirilib. Bakı Nəqliyyat Agentliyinin müffətişləri yol patrul xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə yaxınlaşaraq onlara hüquq və vəzifələri, eləcə də ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparıb.

Diqqətə çatdırılıb ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. Məlumat verilib ki, Bakı Nəqliyyat Agentliyi məsələnin həlli istiqamətində kompleks tədbrilər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakı şəhərində taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb. Belə ki, agentliyin xüsusi eskpert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib. 

Maarifləndirici xarakter daşıdığından bu günki tədbir zamanı dayanma və durma qaydalarının tələbini pozan sürücülərə qarşı hər hansı cərimə protokolu tərtib edilməyib. Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin bu tələbinə əməl etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı razılığa gəlib. 

Əsas mövzular