23:50 06 Dekabr 2016
Canlı yayım
Əmirqulu Əmiraslanov və Xumar Mehdiyeva

"Hansı quruluşda yaşadığımızdan xəbərimiz olmayıb..."

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
40220

Onlar özlərini kommunizmin bir addımlığında güman edərək, sosializmə sidq ürəklə inanıblar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 29 noy — Sputnik. SSRİ-nin dağılmasından onilliklər keçsə də, əksər soydaşlarımızın yaddaşında o dövrün nostaljisi hələ də yaşamaqdadır. O dövrü bəziləri, bütün sosial təbəqələrin hüquqlarının təmin olunduğu ideal cəmiyyət, bəziləri dağıtdıqca azalmayan xəzinə, bəziləri isə milli, dini dəyərlərin unutdurulduğu bir quruluş kimi dəyərləndirirlər.

Bu dəfəki həmsöhbətlərim, özlərini kommunizmin bir addımlığında güman edərək, sosializm quruluşuna sidq ürəklə inanan, daha yaxşı dolanmaq üçün daha çox işləmək prinsipi ilə yaşamış, el arasında vəzifələri ilə deyil, ziyalılıq və sadəlikləri ilə hörmət qazanmış yaşlı ər-arvaddır. Samux rayon Qarayeri qəsəbəsində yaşayırlar.

Ailə başçısı, 80 yaşlı Əmirqulu Əmiraslanov Azərbaycanın Aqro-toksikologiya üzrə ilk elmlər namizədi olub. Bir müddət elmi işçi kimi çalışdıqdan sonra, Xanlar rayonunun, eyni zamanda bölgənin ən böyük üzümçülük sovxozu olan, "Azərbaycan sovxozu"nda aqronom kimi işə başlayıb.

İşə başladığı il "Keçici Qırmızı Bayrağı" sovxozlarına gətirməkdə böyük xidmətləri olub. Bundan sonra demək olar ki, Qorbaçovun "Suxoy Zakon"una kimi bayraq heç bir sovxoza güzəştə gedilməyib.

Əmirqulu Əmiraslanovun təltif olunduğu Lenin medalı
© Sputnik / İlham Mustafa
Əmirqulu Əmiraslanovun təltif olunduğu Lenin medalı

Həyat yoldaşı, 71 yaşlı Xumar Mehdiyeva isə Kuban Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra, bir il şərab zavodunda laborant kimi fəaliyyət göstərib. 24 yaşında isə, o vaxtkı Xanlar rayonunun ən böyük qəsəbəsi, 10 minədək əhalisi olan,17 millətin nümayəndəsinin yaşadığı Qarayeri qəsəbə sovetində sədr kimi işə başlayıb. 14 il bu vəzifədə işləyib. Öz istəyi ilə işdən çıxdıqdan sonra, onun məsləhəti ilə başqa bir qadın qəsəbəyə sədr təyin edilib.

Əslində Kommunizmdə imiş

Yaşadıqları dövr haqda danışan həmsöhbətlərim "əslində, kommunizmdə yaşayırmışıq, amma bunu, yalnız indi başa düşürük" deyirlər. Xumar xanımın sözlərinə görə, o dövrdə pis dolanmayıblar.

"Əvvəllər 100 manat əməkhaqqı alırdım. 180 də yoldaşım alırdı. Gənc ailə idik, bir az da valideynlərimiz kömək edirdi. Buna baxmayaraq, ilin sonunda aldığımız mükafatı, yoldaşımın alimlik pulunu yığıb əmanət kassalarına qoyurduq ki, uşaqlar böyüyəndə onlara xərcləyərik. İşlədikcə məvacibim də artırdı. İşdən çıxana yaxın 160 manat olmuşdu", — deyir qadın.

Əmirqulu Əmiraslanovun da o dönəmdən ciddi bir şikayəti yoxdur: "O dövrdə institutu bitirəndən sonra iki il nazirin sərəncamında olurdun. Təyinatla gedib, azı 2 il ucqar, zəif inkişaf etmiş kolxozlarda işləyirdin. Getdiyin yerdə hər bir şəraitlə təmin olunurdun. Çox vaxt heç geri dönmürdü gedənlər, taleyini ora ilə bağlayırdılar".

"Dolanışığa gəldikdə isə, əməkhaqqından əlavə mükafatlar olurdu. Planı vaxtından əvvəl və ya artıqlaması ilə verəndə mükafat yazılırdı. Fəhlə isə günəmuzd işləyirdi. Nə qədər çox işləsə, o qədər çox əməkhaqqı alırdı. Çox vaxt onların əməkhaqqı vəzifəli şəxslərdən artıq olurdu. 1000-2000 manat mükafat alanlar olurdu", — deyir təcrübəli aqronom.

Lakin Qorbaçov Mərkəzi Komitənin Baş Katibi olandan sonra Azərbaycan sovxozunun da xoş günlərinin sonu başlayır. "Suxoy zakon"un tətbiqi ilə, hələ XIX əsrdə almanlar tərəfindən inkişaf etdirilən, 22-24 % şəkər tərkibi ilə becərilən üzüm bağları azaldılır. "Suxoy zakon" qəsəbə əhalisinin də güzəranına ciddi təsir edir.

Yetişməyən məktublar

Hazırda həmsöhbətlərimin hər ikisi təqaüddədir. Xumar xanım 180 manat, Əmirqulu Əmiraslanov isə 210 manat təqaüd alır. Birtəhər bu pulla dolanmağa çalışdıqlarını deyən aqronom, onlara düşən halal təqaüddən məhrum olduqlarını bildirir.

"14 il yoldaşım dövlət qulluğunda işləyib. Lakin buna görə təqaüdünü ala bilmir. Neçə yerə getmişəmsə, deyirlər, "yalnız müstəqillik dövründə işləyənlərə aiddir". Amma "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 5.2.3 maddəsində aydınca göstərilir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında, azı 5 il müddətinə işləyənlərə artım şamil olunur. Bu faktı aidiyyəti qurumların qarşısına qoysam da, qoyan yoxdur", — Ə. Əmiraslanov bildirir.

Lakin yaşlı cütlüyün problemi bununla da bitmir: "Mən də elmi dərəcəmə görə əlavə təqaüdümü ala bilmirəm. Əsas gətirirlər ki, "gərək, sən elmi tədqiqat və tədrisdə işləyərdin". Alimin hamısı institutda işləməz ki. 1979-cu ildə sovxoza 3 elmlər namizədi gəldik — mən, direktor və müavini. Onun nəticəsi idi ki, "Keçici qırmızı bayrağ"ı sovxozumuza gətirə bildik".

"Axı mən sovxozda işləyən müddətdə elmi işçilik maaşımı almışam. Təqaüdə çıxanda bəs niyə bu, hesablanmamalıdır?", — deyir həmsöhbətim.

O, müvafiq qurumlara ünvanlandığı məktubların, ya ünvana yetişmədiyini, ya da yetişsə də, nəticəsiz qaldığını əlavə edir…

Əlaqədar

Azərbaycanın bir kəndinin komandası 14 dəfə SSRİ çempionu olub
Xalq artisti: "SSRİ-də doğulmuşlar" adlı konsert proqramına ilk dəfədir qatılıram
Azərbaycanlı müğənni "SSRİ-də doğulmuşlar" siyahısında
Vladimir Putin: "SSRİ-ni dağıtmaq lazım deyildi"
On bir ölkənin vətəndaşları SSRİ dönəmindəki həyatı hazırkı şəraitlə müqayisə etdilər
SSRİ rəhbərliyinin növbəti kağız üzərində qalmış qərarı
Keçmiş SSRİ ölkələrində minimum əmək haqqı nə qədərdir?
Teqlər:
Əmirqulu Əmiraslanov, Qarayeri qəsəbəsi, quruluş, sosializm, Samux rayonu, kommunizm, SSRİ

Əsas mövzular