CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyat dərsi

CC0 / StartupStockPhotos / jobOfis işçisi, arxiv şəkli
Ofis işçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, arzularının cənnətində yaşayan tanınmış bir biznesmen olacaqdı...

BAKI, 21 noy — Sputnik. Ali məktəbin dördüncü kursunda təhsil alırdıq. Kanadadan gələn nümayəndə heyəti tələbələrlə görüş keçirirdi. Görüşdə Kanada haqqında — ölkənin təbiəti, əhalisi, əsas məşğuliyyəti, həyat səviyyəsi, üstünlükləri və çatışmazlıqları barədə xeyli məlumat verildi.

Xoşbəxt ölkə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ora sənin arzularının ölkəsidir

Əsas çatışmazlıqları olaraq, əhalinin sayının əraziyə nisbətən çox az olduğu göstərildi. Təbii ki, 35 milyon əhali 9 985 000 km² ərazinin öhdəsindən gələ bilməz.

Bu baxımdan, Kanada hökuməti ölkədə əhalinin sayının artırılması üçün xüsusi təşviqedici layihələr həyata keçirirmiş. Onlardan biri də xaricdən Kanadaya ayrı-ayrı sahələr üzrə kadrların axınını təmin etməkmiş.

Qonaqlar dedilər ki, kriminal keçmişi olmayan, ağlı üstündə olan hər bir azərbaycanlı üçün Kanadanın qapıları açıqdır. Bizə 5 illik yarımvətəndaşlıq statusu (dövlət qurumlarına seçib-seçilmə hüququ istisna olmaqla, bütün hüquqlar) veriləcəkdi. Hər kəsə ixtisasına uyğun gələn iş, yüksək maaş, karyera imkanı, biznes və fermer təsərrüfatı qurmaq istəyənlər üçün uzunmüddətli, faizsiz və dövlət zəmanətli kredit vəd olundu. 5 ildən sonra isə, kriminala bulaşmayan, ictimai və iş həyatında özünü adam balası kimi aparan hər kəs avtomatik Kanada vətəndaşı olacaqdı.

Sevincək rayondakı valideynlərimə telefon açdım. Taleyin üzümə güldüyünü, xəyallarımı zəbt emiş həyatın bir addımlığında olduğumu dedim. Onlar da çox sevinəcəkdi — övladları daha gözəl, daha mənalı, daha perspektivli bir dünyaya düşürdü.

"Öl öldüyün yerdə" cavabı gəldi dəstəyin o biri tərəfindən. "Sənin nə itin azıb dünyanın o biri başında?" dedilər. "Burda hamı necə, sən də elə! Acından ölsən də, dizimizin dibindən uzağa gedə bilməzsən" deyə söhbətə nöqtə qoydular. Dəstəyi asar-asmaz "Görüm, Allah dağıtsın Kanadanı" qarğışını da unutmadılar.

O söhbətin üstündən illər keçib. Mən həqiqətən də hamı kimi yerimdə saymaqda, ayıbıma kor olmaqda, acından ölməmək üçün ixtisasıma, arzularıma uyğun gəlməyən mənasız işlərlə uğraşmaqda davam edirəm. Xoşbəxtlikdən, valideynlərin hər istəyi də həyata keçmir. Əks halda, o zaman qonaqların təklifini qəbul edən 3-5 tanışımızın da arzusu gözündə qalardı —xarabalıq üzərində yenidən cənnət yaradası deyildilər ki?!

Bu hadisəni təsadüfən xatırlamadım (əslində, cəmiyyətimiz unutmağa da imkan vermir). Sputnik-də Millinqton ailəsinin azyaşlı fərdinin həyat hekayəsini oxuduqdan sonra, öz unudulmaz hekayəmi də qələmə almağa ehtiyac duydum. Axı, bu məmləkətdə hamı mənim kimi arzusu gözündə qalmağa məhkum deyil…

İçərişəhər - Sputnik Azərbaycan
CƏMİYYƏT
İdeal şəhər tapıldı

Britaniyada Harvey adlı uşaq, unutqan sürücülərin, avtomobil vergisini gecikdirmələrindən dolayı cəza almamaları üçün, maraqlı bir layihə düşünür. O, həmin layihənin detallarını valideynləri ilə bölüşür, təbii ki, xeyir-dua və dəstək qazanır.

Uşaq, xüsusi xatırlatma çekləri hazırlayır və avtomobil sahiblərinə müraciətlər ünvanlayaraq, onları vaxtlı-vaxtında, vergi borclarını ödəməli olduqlarına dair məlumatlandıracağını bildirir.

O, məlumat xarakterli xüsusi internet saytı da hazırlayır. Oğlan işə başladığı ilk həftədə 400-ə yaxın sifariş alır və qısa müddətdə tanınmağa başlayır.

Harvey topladığı 100 min ingilis funtuna (təxminən 250 min manat) bir torpaq sahəsi alır. Həmin ərazi bir milyonçunun diqqətini çəkdiyi üçün, 14 yaşlı Harvey, 2 milyon funt sterlinq (təxminən 4.2 milyon manat) qarşılığında aldığı ərazini milyonçuya satır.

Hovard Millinqton, artıq özü də milyonçu olan oğlu haqqında bunları deyib: "Ona işinə başlaması üçün 2 min sterlinq sərmayə verdim. Çünki onun ağıllı olduğunu bilirdim və təklif etdiyi layihə ağlıma batdı. Həm də mən onun, həyatda uğur qazanmağın yollarını tapmasını istəyirdim".

Belə… Arzularınızın ardınca gedin. Sizə verilmiş İlahi istedadı qaranlıq dalanlarda itirməyin. Özünüzü tapın…

Xəbər lenti
0