CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt əhalisi 5 il sonra bu problemdən qurtulacaq

© Sputnik / Murad OrujovBakı şəhərindən bir görünüş
Bakı şəhərindən bir görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı şəhərinin kanalizasiya sisteminin yenidən qurulması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün, yüz milyonlarla dollar vəsait və təxminən 5 il vaxt lazımdır"

BAKI, 16 noy — Sputnik. "Təəssüf ki, Azərbaycanda, xüsusən paytaxtda infrastrukturun inkişafı, yolların çəkilməsi zamanı, bəzi hallarda kanalizasiya sisteminin su ötürmə qabiliyyəti nəzərə alınmayıb. Nəticədə yağışlar zamanı Bakıda kifayət qədər ciddi problemlərin yaranmasını müşahidə edirik".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, Bakının mövcud kanalizasiya sistemi yağış normasına uyğun deyil: "Prezident İlham Əliyev tərəfindən Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncamın verilməsi müsbət haldır. Çünki, bu, onu göstərir ki, problem ciddidir və diqqət mərkəzindədir. Xüsusən də payız, qış mövsümündə bu problemi mütəmadi olaraq müşahidə edirik. Belə bir addım kanalizasiya sisteminin yenidən qurulmasına və yağışlar zamanı bu tip problemlərin aradan qaldırılmasına yardım edəcək".

Ekspert hesab edir ki, problemin aradan qaldırılması ilə bağlı mərhələli fəaliyyətin həyata keçirilməsinə ehtiyac var: "Qısa zamanda bunun reallaşması mümkün deyil. Məqsədəuyğundur ki, mərhələli şəkildə problemin həlli istiqamətində addımlar atılsın. İlk mərhələdə mərkəzi hissələrdə infrastrukturun yeniləşməsi və sağlamlaşdırılmanın həyata keçirilməsi və mərhələli şəkildə paytaxtda kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var".

"Bakının bütün kanalizasiya sisteminin yenidən qurulması üçün tələb edilən məbləğ kifayət qədər böyükdür. Söhbət yüz milyonlarla dollar ilə ölçülən məbləğdən gedir. Söhbət yüz milyonlarla investisiyadan gedir. O baxımdan tələb edilən məbləğin də həcmi böyük olduğu üçün, işin mərhələli aparılacağı gözlənilir. Kanalizasiya sisteminin yenidən qurulması qısa müddətə mümkün deyil. Çünki, eyni zamanda, Bakıda nəqliyyatın hərəkəti və digər faktorlar da var. Bütövlükdə, Bakı şəhərinin kanalizasiya sisteminin yenidən qurulması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün, təxminən 5 il vaxt lazımdır", — ekspert vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, son dövrlərdə Bakı şəhərində gedən sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırıb.

Nazirlər Kabinetinin iclası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Bakı sakinlərinin çoxdan gözlədikləri qərarı verdi

Sənəddə bildirilir ki, Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olub. Bu yağıntılar nəticəsində küçə və prospektlərdə səth sularının kənarlaşdırılmasını təmin etməli olan yağış kanalizasiya sisteminin işləməməsi ciddi fəsadlar törədib, bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəyib, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Sərəncamda deyilir ki, Bakı şəhərinin və Abşeron yarımadasının yağış kanalizasiya sisteminin yüksək inkişaf templərindən geri qalması və şəhər təsərrüfatının tələblərinə cavab verməməsi bu sistemin təkmilləşdirilməsini, o cümlədən səth sularının idarə olunmasını, təmizlənməsini, yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında, yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsini, şəhərin ekoloji və sanitar vəziyyətinin normada saxlanılmasını tələb edir.

Xəbər lenti
0