CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Korrupsiya barədə məlumat verən şəxs təzyiqlərə məruz qalır"

© theconversation.comRüşvət
Rüşvət - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sərtləşdirilir. İlk hədəf qanun pozuntusu haqda məlumat verən şəxsin toxunulmazlığını təmin etməkdir.

BAKI, 20 okt — Sputnik. Ötən həftə Milli Məclisin plenar iclasında "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda dəyişikliklər müzakirə edilib. Yeni layihə ilə qanuna 11-1-ci və 11-2-ci maddələrinin əlavə edilməsi təklif edilib.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna dəyişiklik edildi

Yeni maddələrə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən edir.

İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir. Hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə — qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

© Photo : PUBLIC DOMAINKorrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov - Sputnik Azərbaycan
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov

Məsələ ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Fondunun (KQMF) icraçı direktoru Vasif Mövsümov Sputnik-ə açıqlamasında deyib ki, bu dəyişiklik korrupsiyaya qarşı mübarizənin daha da sərtləşdirilməsinə xidmət edəcək: "Yəni, artıq vətəndaşlar heç nədən çəkinmədən müraciət edə bilərlər. Çünki, bizdə elə faktlar var ki, vətəndaş işlədiyi qurumda korrupsiya halları haqqında müraciət edir. Sonradan həmin vətəndaş işlədiyi yerdə rəhbərlik tərəfindən təzyiqlərə məruz qalır. Hətta işdən çıxarılır. Bəzən böhtançı kimi məhkəməyə verilir. Belə hallar ilə rastlaşırıq, belə hallar olur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə başlayandan bəzi məmurlar tərəfindən belə hallara yol verilir".

"Ona görə də bu dəyişikliklərə ciddi ehtiyac var. Həmin vətəndaşların qorunması ilə bağlı atılan hər bir addım çox mühümdür. Korrupsiyaya qarşı mübarizənin səmərə verməsi üçün vacibdir. Düşünürəm ki, bu, aktual məsələdir", — mütəxəssis bildirib.

Səlahiyyətli struktur bölmənin yaradılmasına gəlincə: "Azərbaycanda mərkəzi dövlət orqanlarında, yerli icra hakimiyyətlərində daxili nəzarət qurumlarının yaradılması ilə bağlı boşluq var idi. Yəni, bu daxili nəzarət qurumları bəzi yerlərdə yarandı, bəzi yerlərdə yaradılmadı. Bəzi yerlərdə onlar həmin qurumların rəhbərliyi tərəfindən yaradıldı. Əgər daxili nəzarət qurumu işləyəcəksə, digər bir quruma ehtiyac yoxdur. Amma indi yaradılırsa da, burada artıq vətəndaş, ictimai nəzarətin olması çox vacibdir. Harada yaradılacaqsa, oradakı dövlət orqanına tabe olmamalıdır. Vətəndaş nəzarətinə imkan yaradılmalıdır".

V. Mövsümovun fikrincə, əgər səlahiyyətli struktur bölmə, içərisində yaradıldığı quruma tabe olacaqsa, onun effekti əvvəlki daxili nəzarət orqanlarında olduğundan heç nə ilə fərqlənməyəcək: "Əvvəl də dövlət orqanlarında daxili nəzarət qurumları yaradılmışdı. Onun da bir effekti olmadı. Çünki, vətəndaş ora müraciət etmir. Vətəndaş dövlət başçısına, qeyri-hökumət təşkilatlarına və s. yerlərə müraciət edir. Əslində vətəndaş dövlət orqanında baş verən korrupsiya halları ilə bağlı, məhz ora müraciət etməlidir. Əgər müraciət etmirsə, deməli, həmin qurum effektiv işləyə bilmir".

Millət vəkili Fazil Mustafa da Sputnik-ə açıqlamasında deyib ki, sözügedən dəyişiklik, müəyyən dərəcədə korrupsiyaya qarşı cəmiyyətin həssaslığını artırmaq məqsədi güdür: "Bu, daha çox insanın bu prosesdə rol almasını əsas götürür. O baxımdan da bunun, işin asanlaşmasına faydası ola bilər. Yəni, vətəndaş istənilən vaxt informasiya verməkdən çəkinməyəcək. Burada hər hansı bir şəkildə başqa bir çətinləşdirici hal olsaydı, onda problemlər yarana bilərdi. Dövlət də vətəndaşın informasiyasına görə onun şəxsiyyətini, can güvənliyini müəyyən dərəcədə təminat altına alır".

"Səlahiyyətli struktur bölmənin yaradılması da, müəyyən dərəcədə, alt qatlarda məsələnin daha çevik həllinə reaksiya vermək üçün nəzərdə tutulub", — deputat deyib.

Qeyd edək ki, qanunda dəyişikliyə görə, Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Fazil Mustafa

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı müvafiq idarə, müəssisə və ya təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir. İdarə, müəssisə və ya təşkilatın rəhbəri belə məlumatların qəbul edilməsini, qeydə alınmasını təmin etməlidir. Hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında təhlükəsizlik tədbirləri tətbiq edilir. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatla aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçi attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

Bu Qanunun 11-2-ci maddəsində nəzərdə tutulmuş müdafiə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı bilə-bilə yalan məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında tətbiq olunmur.

Xəbər lenti
0