02:25 05 Dekabr 2016
Canlı yayım
Ehtiram Məhərrəmov

Ucqar dağ kəndində xəstə yatan istedad

© Sputnik / Orxan Bahadırsoy
CƏMİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
96 0 0

Hazırda ucqar dağ kəndində gizli qalmış və sənətindən məhrum olmaqla hər gün daha da xəstələnməkdədir...

BAKI, 18 okt — Sputnik. Adı Ehtiramdır, soyadı Məhərrəmov. 1983-cü ilin aprel ayının üçündə Lerik rayonunun Şona Çola kəndində anadan olub. Məlumat üçün deyim ki, talış dilindən tərcümədə Şona Çola "daraq dərə" (daraqvarı dərələr) mənasını verir.

Lerik rayonu
© Foto: PUBLIC DOMAIN

Tarixi ibtidai icma quruluşuna dayanan məşhur Buzeyir mağarasının yaxınlığında yerləşən bu kəndin adı sizə tanış gəlməz bəlkə də, amma bu kənd dağlarından Savalanın göründüyü, Mikayıl Müşfiqin poemasında bəh-bəhlə təsvir olunan, uzunömürlü insanları ilə "Ginnesin Rekordlar Kitabı"na düşən Zuvand dağlarının kiçik bir kəndidir. Sizə bir dost tövsiyəsi də verim, ilk fürsətdə Zuvandı gəzin, çünki Zuvandda tapdığınız rahatlığı, şəfanı dünyanın başqa yerində çətin tapasız…

Elə mən də şəhərin boğucu havasından, sıxlığından, gərginliyindən yaxa qurtarmaq üçün üz tutdum bu dağlara. Həm də yağışlı, soyuq payız fəslində. Ehtiramın evində qonaq oldum. Gülərüz, saf və sevgi dolu insanların təmiz ocağında o qədər mehriban bir münasibətlə qarşılaşdım ki, o qədər yaxşı ola bilmədiyim üçün özümə qəzəbləndim.

Üç qardaşın böyüyüdür Ehtiram. Ailənin başçısı Abdulla kişi 90-cı illərin əvvəllərində idarə etdiyi yük maşınının üzərinə elektrik xəttinin düşməsi ilə həyatını itirib. Ana oğlanlarını böyüdüb, oxutdurub. Biri ilahiyyat, o biri riyaziyyat üzrə ixtisaslaşıb.

Ehtiram isə Rəssamlıq Akademiyasında rəngkarlıq üzrə təhsil alıb. Lakin üçüncü kursu bitirdikdən sonra xəstələnib. Elə bu səbəbdən də təhsili yarımçıq qalıb. Anası deyir ki, Ehtiram bir məzarlığın yanından keçəndə qorxub. Üzərində yol pulu olmadığı üçün Sumqayıtdan Bakıya piyada gəlməli olub və məzarlığın yanından keçəndə məzar daşlarının ona tərəf gəldiyini görüb. Həmin gündən səhhətində problemlər başlayıb.

Ruhi-əsəb dispanserində müalicə alıb, on ilə yaxın müddətdə Ağabəy Sultanovun daimi xəstəsi olub. Anasının sözlərinə görə, getmədikləri həkim, etmədikləri türkə çarə qalmayıb. Amma xəstəliyin çarəsi tapılmır ki, tapılmır.

Ehtiram hal-hazırda peşəsi ilə mütəmadi məşğul ola bilmir. Emalatxanası, lazım olan ləvazimatları yoxdur. Tələbəlik illərində çəkdiyi rəsmləri isə dostlarına hədiyyə edib. Amma saysız-hesabsız arzuları var. Kompüter proqramları ilə işləmək, yaşadığı bölgənin illər sonrakı görünüşünü təsvir etmək, müxtəlif avtomobil modelləri çəkmək istəyir. Əlbəttə, bütün bunları etmək üçün ona maddi durumu əngəl olur.

Təbiətlə maraqlanır. Torpağın altında tarixi araşdırmalar aparır, müxtəlif əmək alətləri, sümüklər tapıb onları öyrənməklə məşğul olur. Yaşadığı dağların özündə böyük bir tarixi qoruyub saxladığına inanır.

  • Ucqar dağ kəndində xəstə yatan istedad
    Rəssam Ehtiram Məhərrəmov
    © Sputnik / Orxan Bahadırsoy
  • Ehtiramın çəkdiyi rəsmlər
    Ehtiramın çəkdiyi rəsmlər
    © Sputnik / Orxan Bahadırsoy
  • Ehtiramın çəkdiyi rəsmlər
    Ehtiramın çəkdiyi rəsmlər
    © Sputnik / Orxan Bahadırsoy
  • Ehtiramın çəkdiyi rəsmlər
    Ehtiramın çəkdiyi rəsmlər
    © Sputnik / Orxan Bahadırsoy
  • Ehtiramın çəkdiyi rəsmlər
    Ehtiramın çəkdiyi rəsmlər
    © Sputnik / Orxan Bahadırsoy
1 / 5
© Sputnik / Orxan Bahadırsoy
Rəssam Ehtiram Məhərrəmov

İllər öncə ailə qurub. Bir oğul övladı da var. Lakin səhhətindəki problemlərə görə hal-hazırda anası ilə yaşayır. Övladı ilə gec-gec görüşür. Amma bacara biləcəyi iş təklifi olsa, məmnuniyyətlə işləmək istədiyini, səhhətinin buna münasib olduğunu deyir.

Çəkdiyi rəsmlərin əksəriyyəti təbiət və avtomobil təsvirlərindən ibarətdir. Bunlarla yanaşı portret, abstrakt, karikatura və başqa rəsmləri də var. Ehtiramın rəsmləri ilə yaxından tanış olmaq, bu rəsmlərdən satın almaq, ona emalatxana, lazımi ləvazimatlar bağışlamaq, hər hansı bir iş üçün əməkdaşlıq etmək istəsəniz, Sputnik İnformasiya Agentliyi ilə əlaqə saxlaya bilərsiz.

Təbii ki, ucqar dağ kəndlərində gizli qalan istedad yalnız Ehtiramda deyil. Amma Ehtiramın öz peşəsi ilə mütəmadi məşğul ola biləcəyi imkanı, ona gəlir gətirən işi, maraqlı çevrəsi olsa, mütləq ki, bu onun səhhətinə də müsbət təsir göstərəcək.

Əfsus ki, bu istedad hal-hazırda ucqar dağ kəndində gizli qalmış və sənətindən məhrum olmaqla hər gün daha da xəstələnməkdədir…

Əlaqədar

Onlar niyə xoşbəxt ola bilmədilər?
Yamaykalı kürəkən
İtlərə rüşvət verilən şəhər
Öz dahilərinə qənim kəsilənlər
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar
Teqlər:
istedad, "daraq dərə", Şona Çola, Ehtiramdır Məhərrəmov, rəssam, Lerik

Əsas mövzular