06:20 19 Yanvar 2017
Canlı yayım
İşıqforda dayanan avtomobillər

Sivilizasiyaların müharibəsi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
146 0 0

Kimsə bizi ayrı-seçkilikdə, hansısa izm-də, qədim hind kasta quruluşuna simpatiyada, nə bilim, nədə-nədə qınaya bilər. Amma inanın, cəmiyyət və mədəniyyət onların ayaqaltısı olacaq qədər dəyərsiz deyil.

BAKI, 11 sen — Sputnik. Bir zamanlar nəqliyyat qoçularının zülmünə məruz qaldıqları vaxt, sağlam media və cəmiyyətin rəhmli kəsimi onların müdafiəsini qalxdı. Uzun müddətli mübarizə getdi: onlar döyüldükcə, söyüldükcə, hüquqları tapdandıqca ictimai fəal zümrə haray saldı, bu vəhşiliyə, barbarizmə son qoyulmasını tələb etdi. Deməzdim, bu mübarizənin nəticəsində oldu, amma sonunda onlar nəqliyyat qoçularının cəngindən xilas edildilər.

Lakin bizim mübarizəmiz bitmədi. KİV, ziyalılar, ictimaiyyətin ağıla və mədəniyyətə üstünlük verən hissəsi daha ağır mücadilə mərhələsinə qədəm qoydu. Bu dəfə isə qarşıda, nəqliyyat qoçularının işgəncəsindən sağ çıxmağı bacaracaq qədər şiddətə dözümlü bir rəqib dayanır.

Hansı ki, onlar 1 manatdan ötrü qoçuların təpik-şilləsini yeməyi göz önünə almış; yanacağa 100 qram qənaət etmək və mənzil başına 3 dəqiqə tez çatmaq naminə ətrafdakı bütün sürücülərin qəzəbli ağız-göz-əl-ayaq hərəkətlərinə (hansı anlama gəldiyi bəllidir) alışmış; nəhayət yol polisinin tənə-tüpürcəyinə rəğmən, əcaib parklamalarla şəhər həyatını cəhənnəmə çevirməyi qarşıya məqsəd qoymuş həmvətənlərimizdir.

Onların hədəfində özlərindən başqa hər kəs var. Və özlərinin ən xırda istəkləri həyata keçsin deyə, çox rahatlıqla bütöv cəmiyyət həyatının, ictimai davranış sisteminin, sosial-mədəni dəyərlər kompleksinin, vicdan kodeksinin, əxlaq normalarının, qul haqqının — bütün yazılmış və yazılmamış qanunların içinə edirlər.

Hər kəsin özünü onlardan qorumağa çalışdığını gözəl bilirlər. Bunu, piyada keçidinin önündə bütün avtomobillərin cərgə ilə dayanıb gözlədiyi halda, yolu keçməyə tərəddüd edən qadının gözlərindən də oxumaq olar. Ki, bu avtomobillərin arasında onlardan biri ola və ərazidə "QAİ" olmaması səbəbindən qəfildən piyadanın üzərinə çıxa bilər.

Yaxud, mövcud sürət həddi çərçivəsində yollarına davam edən avtomobillər arasında sınıq-salxaq bir araba, küçədə icazə verilmiş həddin üç mislində sürətlə və ziqzaqvari şəkildə şütüyürsə, hər kəs kənara çəkilib ona yol verməyə məhkumdur. Əvvəla, idarə etdiyi maşının hansısa detalının əzilməsi onun umrunda deyil (ki, məqsədli şəkildə hay-hayı getmiş, vay-vayı qalmış araba seçib). İkincisi, cibinin və avtomobilinin qədrini bilən sürücü, onun vandalizminə məruz qaldıqdan sonra, qarşısında boynunu büküb, "balana qurban olum, imkanım yoxdur" deyən bu məxluqdan hansı kompensasiyanı tələb etsin?!

Çox böyük ehtimalla, müşahidə kameralarının arxasında oturan polis qardaşlarımızın dərdləri də çəkilməzdir. İnsan nə qədər işıqforun qırmızısında keçən, üçüncü yoldan birinci yola fırlayan, qoşa xəttin üzərində "rəqs edən", yardımçı yoldan çıxaraq ana yolla gələn avtomobildəkiləri bədbəxt edən, dairəvi yolda haqqı olana yol verməyəcəyinə dair özünə söyüş qoyan ünvansızın ünvanına protokol göndərər?! Şəxsən mən monitorda 99 dəfə onların hoqqasını müşahidə edərsəm, 100-cüdə utandığımdan üzümü kənara çevirərəm.

Bax belə, əzizlərim. Hansı şəraitdə, kimlərlə üz-üzə gəldiyimiz və necə bir ağır mübarizənin ortasında olduğumuza dair yüngülvari mənzərə yaratmağa çalışdıq. Kimsə bizi ayrı-seçkilikdə, hansısa izm-də, qədim hind kasta quruluşuna simpatiyada, nə bilim, nədə-nədə qınaya bilər. Amma inanın, cəmiyyət və mədəniyyət onların ayaqaltısı olacaq qədər dəyərsiz deyil.
P.S
"Qəhrəman"ımız konkret hansısa peşənin sahibi deyil, təfəkkür tərzidir.

Əlaqədar

Bir yalanın qurbanları
Ən pis variant
Beləcə 141 il...
Bakının dərdi var, Bakı xəstədir...
Düşüncə ilə yoluxan virus
Teqlər:
yol hərəkəti, sürücü, DYP, taksi, avtomobil

Əsas mövzular