Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Həyatımız təhlükə altındadır

© Photo : STRÇirkli su. Arxiv şəkli
Çirkli su. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər ölkə əhalisinin istifadə etdiyi içməli su ilə bağlı "həyacan təbili" çalırlar

BAKI, 22 avq — Sputnik. İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyunda təhlükəli vəziyyət yaranıb. Artıq 10 gündür ki, Girdiman çayının suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb.

Çaya çirkli maddələrin axıdılması səbəbindən suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir. Hətta çayın içərisindəki daşlar da yaşıl rəngə boyanıb. Bu təhlükəli vəziyyət çayın suyundan istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsunun Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin və Ağsu şəhərinin sakinlərinin narahatlığına səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova Girdiman çayının suyunun naməlum səbəbdən yaşıl rəngə boyanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdiman çayda suyun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin və regional ekologiya şöbəsinin əməkdaşları ilə birgə ərazidə kompleks monitorinq keçiriblər. Monitorinqin əsas məqsədi suyun tərkibində baş vermiş dəyişikliyin araşdırılması və bu dəyişiklik nəticəsində ətraf mühitə, bioloji müxtəlifliyə dəymiş zərərin qiymətləndirilməsidir".

© Sputnik / Kamilla AliyevaAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

"Vizual monitorinq zamanı Girdiman çayın İsmayıllı və Ağsu rayonlarının ərazilərindəki müxtəlif nöqtələrdən su nümunələri götürülüb və analiz edilmək üçün nazirliyin mərkəzi laboratoriyasına təhvil verilib. Suyun tərkibində analiz metodlarına uyğun spesifik çirkləndiricilərin təyin edilməsi üçün bir neçə gün tələb olunur. Analiz nəticələri alınıb təhlil edildikdən sonra ekoloji vəziyyət qiymətləndiriləcək. Ümumi vəziyyətlə bağlı mətbuata açıqlama veriləcək", — nazirlik rəsmisi bildirib.

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, Bakıdan və regionlardan içməli su ilə bağlı Azad İstehlakçılar Birliyinə bir həftədə 2-3 telefon zəngi gəlir: "Bütün bu məsələlərə aydınlıq gətirmək üçün 1 ay öncə AİB-in təşəbbüsü və "Azərsu"nun razılığı ilə sutəmizləyici qurğulara ictimai baxış keçirdik, o cümlədən Ceyranbatan su anbarında olduq. Yalnız xüsusi geyimdə baxmağı mümkün olan yerlərə də baxdıq. Məlum oldu ki, kifayət qədər müasir üsullar ilə su təmizlənir və "Azərsu" tərəfindən ötürülür. Bu, ən müasir standartlar ilə həyata keçirilir. Xüsusilə, Ceyranbatan gölü kifayət qədər yüksək səviyyədə təmizlənir".

"Lakin su infrastrukturu həddindən artıq köhnəlib. Əhalidən bizə zəng vurub deyirlər ki, kranların sonluğuna daşlar toplanır, kranlar tutulur, bəzən bulanıq sular gəlir. Bu, su infrastrukturunun kifayət qədər köhnəlməsindən qaynaqlanır", — E. Hüseynov bildirib.

Ekspert onu da qeyd edib ki, Azərbaycan istehlakçıları su resurslarına çox biganədirlər və pis yanaşırlar: "AİB bununla bağlı yaxın bir ayda monitorinq aparmaq istəyir. Bizim kiçik monitorinqlərimiz göstərib ki, həyətlərdə su sayğaclarından keçməyən sular var və hətta həyətlərdə bulaq düzəldiblər. Yəni, "Azərsu"nun hesabına sayğaclardan keçməyən sudan istifadə olunur, həyət, ağac sulanır və sair".

Təşkilat sədri əlavə edib ki, hələ içməli su ilə Azərbaycan əhalisi tam təmin olunmayıb: "Dağ rayonlarında yağıntılar olanda su infrastrukturu köhnəldiyinə görə, həmin yağıntı sularının içməli sulara qarışma problemi də yaşanır. Bu işdə yenə də əhalinin böyük rolu var. Əhali boruları qırır, əzir, ora kənar suların qarışmasına şərait yaradır".

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan
Səhiyyə eksperti Adil Qeybulla

Ekspertin fikrincə, çox ciddi məsələlərdən biri istifadə olunmuş kanalizasiya sularının axıdılmasındadır: "Bizim "Azərsu"nun infrastrukturuna baxışdan sonra qərar gəldim ki, əhali bu sahədə çox maariflənməlidir. Yəni, əhali çirkab suları içərisinə pamperslər, kağızlar, bərk cisimlər hətta heyvanların, malın ciyərini atırlar. Bu, biabırçılıqdır. Sabirabad rayonu ərazisindən keçən Sabir kanalına heyvan leşlərinin atılması, nə gəldi murdar şeylərin tökülməsi kimi əcaib hallar baş verir. Bu işdə gərək bələdiyyələr və əhali əlbir olsun ki, su mənbələrinin çirklənməsinin qarşısı alınsın. Çox biabırçı bir vəziyyət var. Biz çalışacağıq ki, bu sahədə istehlakçıları maarifləndirək".

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda eləcə də dünyada başlıca problemlərindən biri içməli su məsələsidir: "Çünki, dünyada içməli su ehtiyatlarının azalma tendensiyası var. Ümumiyyətlə, Azərbaycanda tam standartlara cavab verən su yoxdur. Bir balaca normal standarta cavab verən Kiçik Qafqazın suyudur. Azərbaycanın su ehtiyatları bərabər paylanmayıb, yetərli deyil. Ona görə də bu məsələ çox ciddi şəkildə müzakirə olunur".

Ekspert qeyd edib ki, su ehtiyatlarından biri hesab olunan Araz çayının başlanğıcı Ermənistan ərazisindən keçdiyindən Ermənistanın xeyli zavodlarının tullantıları ora axıdılır: "Hesab edirəm ki, bu çirklənmə səviyyəsi yəqin yüksək olaraq qalır".

"Suyun insan sağlamlığına təsiri çirklənmə səviyyəsindən asılıdır. Suyun tərkibində sərbəst radikallar, maddələr mübadiləsini korlayan başqa dərmanlar və s. ola bilər. Bütün bunlar suyun tərkibində aşkar oluna bilər. Bir də suyun bakterioloji təmizliyi var. Hesab edirəm ki, krandan birbaşa su içməmək, suyu müxtəlif filterlərnən təmizləmək ən azı məişət şəraitində vacibdir", — həkim vurğulayıb.

Xəbər lenti
0