CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Polis haqqında" Qanuna dəyişikliklər edildi

Abunə olmaq
Qanunun 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində "əsaslarını" sözü "səbəbini, şübhənin mahiyyətini" sözləri ilə əvəz edilib və həmin bəndə "hüquqlarını" sözündən sonra "ona aydın olan dildə" sözləri əlavə olunub

BAKI, 29 apr — Sputnik. Milli Məclisin plenar iclasında "Polis haqqında" Qanunda dəyişikliklərə baxılıb. Sputnik xəbər verir ki, millət vəkili Əli Hüseynli layihə barədə məlumat verib.

"Bir il bundan əvvəl Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər etdik. Çox mütərəqqi dəyişikliklər idi. Həmin müddəalar qüvvədədir və hüquq-mühafizə orqanları tərəfindən tətbiq olunur", —deyə deputat bildirib.

O, hesab edir ki, bu cür dəyişikliklər aidiyyəti qanunlarda da öz əksini tapmalıdır: "Ona görə də "Polis haqqında" Qanun "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırılır. Yəni, tutulmanın səbəbi, şübhənin və ittihamın mahiyyəti protokolda əksini tapmalıdır. Bu, Cinayət-Prosessual Məcəlləsində var və qüvvədədir. İndi bunlar "Polis haqqında" Qanunda öz əksini tapacaq".

"Polis haqqında" Qanunun 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində "əsaslarını" sözü "səbəbini, şübhənin mahiyyətini" sözləri ilə əvəz edilib və həmin bəndə "hüquqlarını" sözündən sonra "ona aydın olan dildə" sözləri əlavə olunub.

İclasda "Cinayət işlərinə dair hüquqi yardım haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Qanunlarda dəyişikliklər edilməsi barədə qanunun layihələrinə də baxılıb.

Əli Hüseynli bildirib ki, bu qanun layihələri də Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-cı il 20 oktyabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədilə hazırlanıb. Layihələr birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0