CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda növbəti "siqaret böhranı" başlayıb

© Sputnik / Fuad HasanovMarketdə siqaret satışı
Marketdə siqaret satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Orta və xırda marketlərdə tütün məhsullarında ciddi qıtlıq yaranıb. Buna səbəb kimi firmaların ödənişi plastik kartla tələb etdikləri göstərilir. Şəhərdəki supermarketlərdə isə vəziyyət fərqlidir.

BAKI, 11 mart — Sputnik. Ölkədə siqaret satışı ilə bağlı yeni (əslində köhnə —müəll.) problem meydana çıxıb. Bu barədə Sputnik-ə müraciət edən paytaxt sakinləri bildiriblər ki, marketlərdə siqaret satışları yenidən kart sistemi ilə həyata keçirilir. Daha doğrusu, marketlər qarşısında topdansatış obyektlərindən, firmalardan siqareti kartla almaq tələbi qoyulduğu üçün, dükanlarda siqaret böhranı yaşanır.

Siqaret kötüyü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu siqaretlər satışdan yığışdırılacaq

"Artıq 4-5 marketə, köşkə baş çəkmişəm, siqaret tapılmır. Dükanlarda deyirlər ki, "firmalar bizdən plastik kartla ödəniş tələb edirlər, kartımız da olmadığı üçün, firmalardan siqaret ala bilmirik". Nəticədə marketlərdə tütün məhsullarında qıtlıq yaranıb", —deyə Bakı sakini Vüqar Həmidov bildirdi.

Digər şəhər sakini Fuad Quluzadə də Yasamal rayonu ərazisində siqaret böhranı yaşandığını deyir: "Dünən axşamdan neçə-neçə marketə dəydim, çəkdiyim siqaretdən tapa bilmədim. Əslində əsas siqaret brendlərinin, demək olar ki, heç birindən qalmamışdı. Satıcılar kart məsələsinə görə problem yaşadıqlarını deyirlər. Axırda supermarketlərdən birində tapdım siqaret".

Məsələni yerində araşdırmaq üçün Sputnik əməkdaşı əməkdaşı paytaxtın bir neçə marketinə üz tutub. Keçmiş "Qələbə" dairəsinin yaxınlığında fəaliyyət göstərən yolkənarı dükanda oxucuların dediyi problem yaşanırdı. Satıcı Topdansatış bazasında ondan plastik kartla ödəniş tələb etdiklərini, nəticədə tütün məhsulları götürə bilmədiyini dedi.

Siqaret - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tütün məhsulları yenidən bahalaşdı

"Elmlər Akademiyası" metrostansiyasının yaxınlığındakı orta səviyyəli marketdə də durum eyni idi. Vitrində, sadəcə əvvəldən qalmış siqaretlər vardı, yeniləri gəlməmişdi. "Hələlik kartımız yoxdur, ona görə siqaret gətirə bilməmişik", —dedi satıcı.

Keçmiş "Xlebzavod"un yerində fəaliyyət göstərən, məşhur "Favorit" supermarketdə apardığımız müşahidələr isə başqa nəticə ortaya çıxardı. Belə ki, bu dükanlar şəbəkəsinin siqaret alışı və satışı ilə bağlı heç bir problemi yoxdur.

"1 saat sonra nələrin dəyişəcəyini deyə bilmərəm. Amma indiki anda siqaretlər normal qaydada satılır. Kartla satıldığı xəbərləri əsassızdır. Mən bilmirəm bunu kimlər yayır?!", —deyə supermarketin administratoru Elçin Əliyev bildirdi.

Onun sözlərinə görə, əgər kartlı sistemə keçid olsa, bunu 1 həftə öncədən bütün əhaliyə dövlət özü xəbər verərdi.

İnşaatçılar metrosunun çıxışında yerləşən "Bizim Market"də də "Favorit" ilə eyni mənzərə hökm sürürdü. Burada da siqaretlər kartla satılmır, ümumiyyətlə bu barədə rəhbərlikdə məlumat da yoxdur.

"Kaş belə bir qərar veriləydi, kart sisteminə keçiləydi. Onda daha yaxşı olardı", —deyir supermarketin direktoru Səbinə Məmmədova.

Direktor, istər siqaret olsun, istərsə də spirtli içki, zərərli olan nə varsa, hamısının satışının çətinləşdirilməsinin tərəfdarı olduğunu deyib: "Bəlkə bir az qeyri-normal səslənəcək. Amma bizim ziyanımıza da olsa, istərdim ki, insan sağlamlığına zərbə vuran bütün məhsullar satışdan yığışdırılsın. Bu mümkün olmasa belə, heç olmasa qiymətləri bahalaşsın ki, bəlkə insanlar bu vərdişlərdən yayınalar".

Xəbər lenti
0