10:00 08 Dekabr 2016
Canlı yayım
Yeni Bakı yaşayış kompleksi

«Yeni Bakı» yaşayış kompleksində rüşvət qalmaqalı

CƏMİYYƏT
Qısa URL
39240

Sakinlər evlərinə qaz və kupça verilməsində ciddi maneələrlə qarşılaşdıqlarını bildiriblər.

BAKI, 30 iyun – Sputnik. Masazırda yerləşən, «İlin Dörd Fəsli» şirkətinə məxsus «Yeni Bakı» yaşayış kompleksində yaşayan bir çox sakin evlərinə qazın və mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (kupça) verilməsində ciddi maneələrlə qarşılaşdıqlarını bildiriblər. Onlar bu prosesin şirkət işçiləri tərəfindən qəsdən gecikdirilməsindən şikayətçi olduqlarını bəyan ediblər. Sakinlər gecikdirilmənin əsas səbəbini rüşvət ummaqla əlaqələndirir. Yaşayış kompleksində evi olan bəzi vətəndaşlar iddia edir ki, mənzillərinə qaz verilməməsinin səbəbi məhz rüşvətdir. 

“Necə ola bilər ki, eyni blokda yaşayan qonşumun evində qaz var, lakin bizdə yoxdur. Mən də başqaları kimi bütün proseduralardan keçmişəm, amma yaşadığım mənzilə qaz verilməsi uzadılır”, deyə kompleks sakini etirazını bildirib. 

Şikayətçilər mənzillərə çıxarış verilməsində də ciddi problem olduğunu iddia edirlər.

“Televiziyalarda reklam edilir ki, guya mənzillərə qaz və kupça verilir. Düzdür verilə bilər amma baxır kimə? Çox ciddi ayrı-seçkilik var. Kimin pulu varsa ona verilir”, deyə sakinlərdən bəziləri bildiriblər.

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək üçün “İlin Dörd Fəsli” şirkətilə əlaqə saxladıq. Şirkətdən redaksiyamıza verilən məlumatda qeyd olundu ki, sözügedən iddialar əsassızdır və heç bir sübutu yoxdur. Rəhbərlik, evlərə qaz verilməsində heç kimdən rüşvət alınmadığını, bu kimi halların şirkətin əsas prinsiplərinə zidd olduğunu deyib. 

“Əgər hər hansı şirkət işçisi tərəfindən belə addım olubsa, xahiş edirik bizə ərizə ilə müraciət etsinlər. Mütləq baxılacaq və günahkar cəzalandırılacaq. Qaldı ki, kupça verilməsinə, burda da heç bir rüşvət faktoru ola bilməz. Qaz verilən binalardakı mənzillər çıxarışla təmin olunacaqlar. Bunun üçün müəyyən mərhələlər var. 3-4 aya məsələnin həll olunacağını gözləyirik”, deyə “İlin Dörd Fəsli” şirkətinin rəhbərliyi bildirib. 

Əsas mövzular