12:41 19 Yanvar 2017
Canlı yayım
Xəstəxana, arxiv şəkli

Həkimlərdən valideynlər üçün "həyacan təbili"

© Sputnik / Aleksey Kudenko
SƏHİYYƏ
Qısa URL
8257 0 0

"Adi bir diqqətsizlik, səhlənkarlıq, gələcəyimiz olan uşaqlarda ağır yanıq xəsarətlərinin ortaya çıxaması ilə nəticələnir"

BAKI, 26 dek — Sputnik. Tibb elmləri namizədi Həmzə Əzizbəyov və həkim Ülviyyə Zeynalova Sputnik vasitəsilə valideynlərə xabardaredici-maarifləndirici müraciət ünvanlayıblar. Müraciətin mətnini olduğu kimi təqdim edirik:

Uşaqlarda yanıqlar, müalicəsinin çətinliyinə, fəsadlarının aradan qalxma tezliyinə, qalıq əlamətlərinin çoxluğuna görə fərqlənir və sosial-iqtisadi problem xarakteri daşıyır. Bir sıra hallarda yanıqlar vətəndaşlar tərəfindən düzgün olaraq qavranılmır və ya anlamaq istənilmir. Bununla gündəlik praktiki fəaliyyətimizdə rastlaşırıq.

Belə ki, valideynlərlə söhbət zamanı, cansız yana bilən predmetlərin yanması anlaqlı şəkildə qarşılansa da, təhlükəli dərəcədə yanmış uşağın vəziyyətinin izahı tez-tez əks reaksiyalarla müşahidə olunur. Bu isə hansı yanıqların təhlükəli və fəsadlı, hansı yanıqların qalıq əlamətləri xarakteri daşıdığını izah etməyə zərurət yaradır.

Uşaqlarda termiki yanıqlar daha çox rast gəlinir. Xüsusilə 1-4 yaşlar arasında, qaynar mayelərin (su, çay, süd, şor bişirmə, mürəbbə, bulyon və yağın) yanıqları çoxluq təşkil edir və uşaq yanıqlarının 48-52%-ni əhatə edir.

Yanıq səthinin sahəsi 10%-dən çox olduğu halda, o yanıq ciddi müalicə tələb edir. Yanıq səthinin sahəsi 20%-dən yüksək olarsa, həyat üçün artıq real təklükə yaradır. Bununla yanaşı, yaraların dərinliyinin önəmi ciddi əhəmiyyət kəsb edir.

Bunu bilmək lazımdır ki, dəri 3 qatdan ibarətdir. Birinci (epidermis) və ikinci (derma) qatı ilə yanaşı, 3-cü qat da (dəri altı piy qatı) yanığa məruz qalarsa, bu, dərin yanıq deməkdir. Dərin yanıqlarda dermanın heç zaman öz təbii quruluşunu tam bərpa etmək mümkün olmur və mütləq qalıq əlamətləri qalır. Yəni bu və ya digər dərəcədə çapıqlara mütləq olaraq rast gəlinir. Baş-üz, boynun, döş nahiyyəsində olan dərin yanıqlar üzün eybəcərləşməsinə gətirib çıxarır. Oynaq nahiyyələrində olan çapıqlar oynaqların hərəkətinin pozulması və məhdudlaşması ilə müşayiət olunur.

Bu əlamətlər, uşaq böyüdükcə daha kəskin formada ortaya cıxır. Bunlardan əlavə, nazik (atrofik) çapıqlar bir sıra hallarda alalıqla (depiqmentasiyalarla) müşahidə edilməklə yanaşı, tez-tez yaralanmağa meylli olur. Qalın (hipertrofik) çapıqlar uzun müddətli ağrı və qaşınmalarla gedir və uzun müddətli müalicələr tələb edir.

Xüsusilə, allergik uşaqlarda rast gəlinən kelloid çapıqlar çox təhlükəlidir. Müalicəyə çox çətin tabe olması ilə yanaşı, şiddətli qaşınmalarla, sürəkli ağrılarla, yuxu pozğunluqları ilə və eləcə də sinir sisteminin pozğunluqları ilə gedir. Onu da bilmək lazımdır ki, bədən səthinin 20%-indən çox olan dərin yanıqlardan sonra uşaqlarla, xüsusilə qara ciyərin, böyrəklərin, həzm yolları orqanlarının, qan-damar sisteminin, sinir sisteminin bərpası prosesi uzun zaman alır.

Yuxarıda göstərilənlər, adi bir diqqətsizlik, səhlənkarlıq, gələcəyimiz olan uşaqların üzünün eybəcərləşməsi, oynaqlarının sıradan çıxması, normal inkişafına əngəl törədən daxili orqanlarında pozğunluqların baş verməsi və daha ağır yanıq xəsarətlərinin ortaya çıxaması ilə nəticələnir. Böyüdükcə bədəndə olan çapıqların, xüsusilə qızlarımızda ağır sinir komplekslərinin yaranmasına gətirib çıxardığının dəfələrlə şahidi olmuşuq.

Belə nəticələr biz peşəkar həkimləri, sözün həqiqi mənasında çox incidir, narahat edir. Aydın görünür ki, yanıqlar çox ciddi sosial-iqtisadi problem xarakteri daşıyır. Sonda valideynlərə bildirmək istəyirik ki, bu mövzuda çox ciddi olsunlar, körpələrimizi isti mayelərdən uzaq tutsunlar, qoruyucu tədbirləri gözardı etməsinlər və gələcəyimizi qorusunlar.

Əlaqədar

Üç yaşlı uşaq evdə yanaraq öldü
Bakıda azyaşlı uşaqlar yaş həddi qoyulmuş filmlərə niyə buraxılır
Kimsəsiz uşaqlar üçün böyük fürsət
Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlanır
Rusiyada baş verən qəzada 10 uşaq ölüb
Şəkidə iki uşaq anası olan gənc qadın faciəli şəkildə həyatını itirib
Teqlər:
çapıq, tibb, valideyn, xəstə, yanıq, həkim, xəsarət, uşaq

Əsas mövzular