12:41 19 Yanvar 2017
Canlı yayım
Karlovun qətli

Ərdoğan vəziyyətdən necə çıxacaq?

© REUTERS/ Hasim Kilic
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
886 0 0

Ankarada rus səfirin öldürülməsindən sonra, Türkiyə siyasi elitası xeyli zəifləyəcək

BAKI, 21 dek — Sputnik. Rusiyanın Türkiyədəki səfiri Karlovun qətli Ankaraya ünvanlanan konkret mesaj idi. Türkiyənin geosiyasətdə müstəqil oyunçuya çevrilmək çabaları hələ gözlənilən effekti vermir. Kənar baxışla görünən budur ki, Türkiyənin hazırda beynəlxalq güclərin ssenarisini dəyişəcək qüdrəti və imkanı yoxdur.

Rusiya səfirinin qətlinin Hələb məsələsi ilə və yaxud da islamçı qruplaşmanın adı ilə bağlanması versiyası da ciddi səslənmir. Qatilin təkbir gətirməsi, Hələblə bağlı şüarlar səsləndirməsi isə incə məqamlardan xəbər verir.

İstənilən halda, Karlovun qətli xırda bir məsələ deyil və Rusiya kimi bir ölkəni təmsil edən diplomatın hansısa terrorçu qrupun nümayəndəsi tərəfindən, sırf dini baxışına görə öldürüldüyü versiyası da inandırıcı səslənmir. Əgər, rəsmi Ankaranın da iddia etdiyi kimi, qətlin arxasında FETÖ (dolayısı ilə ABŞ kəşfiyyatı) dayanırsa, ona diqqət yetirmək lazım gəlir ki, bunun davamı da ola bilər.

Təbii ki, bu qətli FETÖ (Qərb kəşfiyyatı) törədibsə, bu, Ərdoğanın Rusiya ilə yaxınlaşmasının qarşısını almaq, Ankara və Moskva münasibətlərinin tamamilə pozulması üçün atılan addımdır. Növbəti addımlar gələ və Türkiyədə ciddi böhran yarada bilər. Amma o da istisna deyil ki, məsələdə Türkiyədəki Ərdoğan düşmənlərinin əli var.

Proseslər onu deməyə əsas verir ki, Ərdoğan yaxın gələcəkdə Rusiya ilə daha da yaxınlıq xəttini seçəcək və anti-Qərb ritorikasını gücləndirəcək. Bu hadisədə Fətullah Gülən şəbəkəsinin adının hallandırılması da Türkiyə hökumətinin Rusiya xəttini seçəcəyini proqnozlaşdırmağa imkan verir. Ümumiyyətlə, Karlovun Ankaranın mərkəzində qətlə yetirilməsi, bölgədə proseslərə öz təsirini göstərəcək və cavab addımları atılacaq. Bir sözlə, bölgədə proseslər çox ciddi şəkildə korrektə ediləcək.

Əgər səfirin qətli Gülən camaatı ilə bağlıdırsa, belə bir ehtimal irəli sürmək olar ki, prosesi Vaşinqton idarə edir və istisna deyil ki, bundan sonra da Türkiyədə qanlı qətllər baş verəcək. Məsələn, Türkiyə siyasi elitasında tanınan bir siyasətçiyə sui-qəsd edilə bilər. Ərdoğana müxalif olan hansısa tanınmış siyasətçinın qətli də istisna edilmir.

Daha bir versiya İranın və yaxud da, ABŞ-ın səfirinə qarşı sui-qəsdlərin təşkil edilə bilmə ehtimalıdır. Yəni prosesin davamı barədə qərar varsa, bölgənin tanınmış diplomatlarına qarşı terror həyata keçirilməsi də mümkündür. O da istisna deyil ki, Türkiyədə sözü keçən, nüfuzu olan ziyalılarından kimlərsə sui-qəsdə məruz qala bilərlər. Bir sözlə, idarə olunan xaosun idarəolunmaz nöqtəyə gətirilməsi ssenarisi işə düşə bilər.

Diplomatın qətlindən region ölkələri öz maraqlarına uyğun istifadə etmək niyyətindədir. Türkiyə siyasi elitası isə Rusiya — İran — Türkiyə yaxınlaşması barədə düşünür. Qərb ideoloqları hesab edirlər ki, Ankara Moskva ilə yaxınlaşarsa, o zaman ölkədə idarəolunan xaos yaradıla bilər və bu halda da Ərdoğanın geri çəkilməkdən başqa yolu qalmaya bilər. İstənilən halda, çox ağır və Türkiyə üçün təhlükəli planlar işə düşüb. Yaxın aylarda Türkiyəni çox ağır təlatümlər gözləyir.

Ümumiyyətlə, Türkiyədəki terror dalğası Ərdoğana və onun yaxın ətrafına təsirsiz ötüşmür. Kənardan görünən budur ki, Ərdoğanın özünə və siyasi elitaya qarşı da sui-qəsdlərin planlaşdırılması istisna deyil. Vaşinqtonun "Ərdoğansız Türkiyə" modelinə üstünlük verməsi mümkündür. Yəni ki, komanda qalır, müəyyən korrektələr edilməklə, AKP siyasi kursu davam edir. Sadəcə Ərdoğan hakimiyyətdən gedir.

Bu variant mümkündür. Amma proseslərdən Türkiyə prezidentinin necə çıxacağı sualına cavab tapılmır. Buna isə ehtimal vermək, proqnozlaşdırmaq çox çətindir. Bütün hallarda, Türkiyə siyasi elitasının xeyli zəifləyəcəyi proqnozunu vermək olar.

Lakin görünən odur ki, Ərdoğan nəzərdə tutduğu planın sonuna kimi getmək niyyətindədir. Türkiyə prezidenti açıqlamasında bildirdi ki, "ssenari quran güclər məqsədlərinə nail ola bilməyəcəklər". Lakin bəzi araşdırmaçıalr hesab edirlər ki, bu, bir qədər sui-qəsddən doğan, emosiya ilə verilən açıqlama idi. Əgər yaranan xaos daha da dərinləşərsə, proseslər sürətlə inkişaf edərsə, o zaman Ərdoğan ritorikasını dəyişə və sərt yanaşma da yumşala bilər…

Əlaqədar

Səfirin dəfn günü bəlli oldu
Andrey Karlov mühafizəsiz gəzəcək qədər Türkiyəyə güvənirdi
ABŞ Karlovun qətlini araşdırmaq istəyir
O küçəyə Andrey Karlovun adı veriləcək
Andrey Karlov dünyasını dəyişdi
Putinin köməkçisindən Andrey Karlovla bağlı açıqlama gəldi
Teqlər:
FETÖ, ABŞ, qətl, səfir, Andrey Karlov, Ərdoğan, Türkiyə, Rusiya

Əsas mövzular