Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dünya plastik qablardan imtina edir, Azərbaycan isə bunda problem görmür

Abunə olmaq
Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablar 2020-ci ildən yığışdırılacaq, çünki xərçəng törədir.

BAKI, 19 sen-Sputnik. Fransada 2020-ci ildən yemək yeyərkən və yemək saxlamaq üçün istifadə edilən plastik qablardan istifadə edilməyəcək. APA-nın məlumatına görə, bununla bağlı Yaşıllar Partiyasının müəllifi olduğu qanun parlamentdə qəbul edilib.

Birdəfəlik istifadə edilən plastik qablar da 2020-ci ildən istifadə edilməyəcək. Plastik qablarla bağlı qadağaya səbəb isə onların xərçəngə yol açması ilə bağlı araşdırmalardır.
Qeyd edək ki, bu ilin əvvəlindən Fransada supermarketlərdə plastik torbaların da satışına qadağa qoyulub.

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda xüsusi bir işçi komissiya var və dörd ildir ki, fəaliyyət göstərir. Bu komissiya plastik tullantıların yığılması və utilizasiyası ilə məşğul olur. AİB də həmin komissiyanın üzvüdür. Bu, İqtisadiyyat Nazirliyi və "Təmiz Şəhər" ASC-nin birgə komissiyasıdır. Sonuncu yığıncaq 1 il bundan qabaq olub.

plastik qablar - Sputnik Azərbaycan
SƏHİYYƏ
Plastik qablar ölümə aparır
E.Hüseynovun sözlərinə görə, həmin yığıncaqda ərzaq mallarının qablaşdırıldığı plastik taralarla bağlı məsələnin də komissiyanın işinə daxil edilməsi təklifini verib. O təklif bəyənilib. Lakin, 4 ildir fəaliyyət göstərməsinə baxmayaraq, bu komissiyanın gözə görünən işi hələ üzə çıxmayıb.

Ekspert bu məsələnin Azərbaycanda ciddi problemlərdən biri olduğunu deyib:

"Biz bazarlara getsək görərik ki, hətta ev şəraitində dolma üçün plastik taralara üzüm yarpaqları qablaşdırırlar. Üzərinə də kimyəvi bir aktiv maddə, sirkə tökürlər. Bu, yolverilməzdir. Çox təəssüf olsun ki, hətta regionlarda plastik su qablarına rezin əmzik taxıb körpələrə uşaq qidası da verirlər. Bu məsələ həllini tapmalıdır".

Həkim, tibbi ekspert Rasif Bağırov Sputnik-ə açıqlamasında deyib ki, ilk olaraq plastik qablarda temperaturun lazımi səviyyədə saxlanmasını təmin etmək mümkün olmur. İkincisi yemək plastik qablarda bir müddət qaldıqdan sonra qabların divarındakı maddələrlə qarşılıqlı təsirə məruz qalır və nəticədə saxlanılan məhsulun özü çox pis vəziyyətə düşür.

Ekspert bildirib ki, ümumiyyətlə, həm yay həm qış mövsümündə plastik qablarda qida məhsullarının saxlanması yanlışdır. Çünki, plastik qablar günün işığında və qışın şaxtasında o qidaları keyfiyyətli şəkildə saxlamaq qabiliyyətinə malik deyil.

Onun sözlərinə görə, əslində qida məhsullarının plastik qablarda saxlanması heç də onun effektivliyindən deyil, sadəcə ucuz başa gəlməsindən irəli gəlir. İmkanı çatan ölkələr ondan uzaqlaşacaqlar. Məhsulların keyfiyyətinə təsir göstərən amillər çox olduğuna görə, plastik qablarda saxlanması məqsədəuyğun deyil.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Sputnik-ə açıqlamasında deyib ki, Fransanın bunu qəbul etməsi dünyada bir standart ola bilməz:

"Plastik materiallardan bütün dünya istifadə edir. Əlbəttə, qida saxlanmasında plastik material təbii ki, digər materialları — ağac materialları, keramikanı, şüşəni və s. əvəz edə bilməz. Amma bunsuz da keçinmək mümkün deyil. Bu gün texnologiya o qədər inkişaf edib ki, ərzaq, qeyri-ərzaq məhsullarının çoxlu miqdarda növlərinin həmin bu məhsullarda daşınmasında, qablaşdırılmasında istifadə olunur."

İmran Abdullayev bildirib ki, plastik materialın markaları var və tərkibində olan kimyəvi maddələrin qidaya keçməməsi üçün zaman-zaman bunlar araşdırılır, o qidalarla təması müəyyənləşdirilir və sonra istifadəsinə icazə verilir. Bu qabların çeşidləri çoxdur. Zibil daşınmasında, kimya sənayesində, eyni zamanda qidada istifadə edilən çeşidləri var və s.

Plastik qablarda şorbaların saxlanma məsələsinə gəlincə, Abdullayev bildirib ki, qəti olaraq bunun əleyhinədir. Plastik qablar şorbaların saxlanması üçün nəzərdə tutulmayıb. Çünki, şorba özü duzlu məhlul olduğuna görə, plastik qabı aşılaya bilər. Plastik qablar daha çox texniki məqsədlər üçün yararlı olduğuna görə, bu qablardan bişmiş qidaların saxlanılmasında istifadə etmək düzgün deyil.

Xəbər lenti
0