Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Demokratiya atributlarına sadiqlik, yoxsa siyasi İslama doğru?

© AP Photo / Fileİslamçılar
İslamçılar - Sputnik Azərbaycan
Abunə olmaq
Təhrir meydanında olduğu kimi, Bakıda da bənzər proseslər yaşana bilər. Azərbaycan buna hazırdırmı? "Şəhadət iftixarımızdır" deyib, ailələrini və özlərini həvəslə ölümə atanları susdurmaq mümkün olacaqmı?

BAKI, 20 apr — Sputnik. Azərbaycanda sağ və sol ideyalar öz cəlbediciliyini itirib. Nə liberal demokratiya, nə də ki sosial demokratiya vətəndaşları birləşdirə biləcək imkana malik deyil. Ötən əsrin 90-cı illərindən fərqli olaraq, artıq millətçilik də cəlbedici deyil.

İŞİD - Sputnik Azərbaycan
TƏHLİL
İŞİD-i cəlbedici edən nədir?

Maraqlıdır ki, Azərbaycan siyasətində hazırda marginallaşma prosesi diqqəti daha çox cəlb edir. İqtidar cəmiyyətlə danışıqlarda maraqlı deyil. Nə demokratik müxalifət, nə vətəndaş cəmiyyəti institutları, nə də ki mətbuat proseslərə önəmli təsir edə bilmir. Görünən budur ki, demokratik mübarizə, "məxməri" və "rəngli inqilab"lar sezonu başa çatır.

Dəyişən dünyada Azərbaycan dəyişmir. Lakin insanlar cansıxıcı, yekcins müstəvidən təngə gəlməyə başlayırlar. Bu isə alternativ axtarışı ilə sonuclanır. Şərqi Avropa, MDB məkanı, Yaxın Şərqdəki proseslər dönə-dönə təhlil edilir və siyasi labirintdə olduğumuz bir daha üzə çıxır.

Hələ ki, baş verənlərin fonunda siyasi İslam modeli özünü daha qabarıq büruzə verir. Sekulyarlıq, siyasi İslam və sosial ədalətsizlik üçbucağında çabalayan Yaxın Şərq nümunəsi get-gedə Azərbaycan üçün də bir örnəyə çevrilir. "Daha çox demokratiya" şüarını, "daha çox İslam və ancaq İslam"çağırışının əvəzləyə biləcəyi də istisna edilmir.

Münasibətimizdən asılı olmayaraq, "Müsəlman qardaşlığı" və bu kimi qurumlar alternativ paradiqma kimi özünü təqdim edir və bu amil onu cəlbedici edir. Mötədilliyin sonu gəlir və radikallıq siyasi vektorda həlledici amilə çevrilir. Hakimiyyət ölkədə mötədillilklə bağlı olan hər nəsnəni siyasi müstəvidən kənarlaşdıra bildi.

Bu baxımdan, müxalifətin "demokratik seçki" şüarı geniş təbəqə üçün cəlbedici deyil. Yüz minlərlə insan demokratik dəyişiklik perspektivinə artıq inanmır. Yaxın Şərqdə də belə olmuşdu, demokratiya çağırışları boğulmuşdu və meydana "şəhadət iftixarımızdır" şüarı səsləndirən islamçılar çıxıb siyasi liderləri devirmişdilər.

Belə getsə, Azərbaycanda da əsas şüar kimi "Allahu Əkbər" çağırışlarının səslənə biləcəyini artıq çoxu ehtimal edir. "Allahu Əkbər" şüarına qarşı mübarizənin səmərəsizliyi Yaxın Şərqdə bir daha sübuta yetirildi. Ən maraqlı məqam ondan ibarətdir ki, ölkənin tanınmış ruhaniləri artıq hakimiyyətin təsir agentləri kimi qəbul edilirlər. Bu amil marginal dini qrupların meydana çıxa biləcəyi ehtimalını artırır.

Ölkədə dini problemlər kimi, son dərəcə həssas olan məsələyə hakimiyyətin qadağalar yolu ilə yanaşması da radikallaşmaya yol açır. Marginal qrupların özünü təsdiq cəhdləri, bütövlükdə Azərbaycan cəmiyyətində olduğu kimi, dini çevrələrdə də təkfirçilik və inkarçılığın əsas meyar kimi dəyərləndirilməsi gələcək təlatümlərdən xəbər verir.

mitinq - Sputnik Azərbaycan
TƏHLİL
Azərbaycanda solçu ideyalar inkişaf edə bilərmi?

Cəmiyyətdə məhduyyətlər o dərəcədə artıb ki, artıq hamını və hər şeyi inkar etməkdən, hamıda düşmən görməkdən başqa yol qalmayıb. Belə qruplar azsaylı olduqda isə onların marginallığı artır. Əgər problemlər mövcuddursa və meydan boşdursa, özünütəsdiq üçün şərait yaranır, lakin bunu realizə etməyə resurslar kifayət etmədiyindən, radikal aksiyalarla diqqəti cəlb etmək lazım gəlir.

Bir sözlə, Təhrir meydanında olduğu kimi, Bakıda da bənzər proseslər yaşana bilər. Azərbaycan buna hazırdırmı? "Şəhadət iftixarımızdır" deyib, ailələrini və özlərini həvəslə ölümə atanları susdurmaq mümkün olacaqmı?

Suallar açıq qalır. Dağıdılmış siyasi müstəvi isə xarabalıq effekti yaradır. Siyasətdə marginallıq və radikallıq əsas elementə çevrilir. Sosial böhran zamanı isə marginallıq əsas elementə çevrilir…

Xəbər lenti
0