Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Milli Məclis beyin mərkəzlərinin rəyini nəzərə almır

© utmagazine.ruDünya bazarı
Dünya bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Antidempinq tədbirləri bazarda rəqabətin boğulması və istehlak bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.

BAKI, 8 apr-Sputnik. "Antidempinq, eləcə də dempinq tədbirləri bu gün dünyanın əksər ölkələrində tətbiq olunur. Eyni zamanda, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) şərtlərində də həm dempinq, həm də antidempinq tədbirlərinin həyata keçirilməsi yolları və imkanları göstərilir. Azərbaycan 1997-ci ildə ÜTT-yə üzv olmaqla bağlı müraciət edib. Əslində ÜTT-yə üzv danışıqlarında antidempinq əsas müzakirə elementlərindən biridir. Burda söhbət daxili bazarın qorunmasından gedir."

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib.

Ekspert bildirib ki, süni şəkildə qiymətlərin azaldılması nəticəsində ölkəyə daxil olan idxal malları azalsa da, onların qiymətləri istehsalçı ölkədə daha aşağıdır. Bu zaman ölkənin antidempinq tətbiq etmək imkanı var. Azərbaycan ÜTT-nin üzvü olmadığı üçün, indiki məqamda bunu tətbiq edən zaman ÜTT ilə razılaşdırmaya ehtiyac yoxdur.

Ekspertin sözlərinə görə, antidempinq təbirlərinin həyata keçirilməsi zamanı daxili bazarda istehsal olunan məhsulların strukturuna diqqətin ayrılmasına ehtiyac var: "Baxmayaraq ki, antidempinq tədbirləri daxili bazarın qorunması tədbirləri kimi tətbiq olunur, bu məsələyə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki, antidempinq tədbirləri eyni zamanda, bazarda rəqabətin boğulması və istehlak bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər. Bunun diqqətlə öyrənilməsinə, araşdırılmasına ehtiyac var".

V.Bayramov deyib ki, bu məsələ kifayət qədər aktual məsələdir. Çox təəssüf ki, bu tip qanunlar hazırlanan zaman müstəqil beyin mərkəzlərinin rəyi nəzərə alınmır.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı sənədin yenidən işlənməsi ilə bağlı işçi qrupun yaradılması təklif edilib.

Qanun layihəsinin dilinin qəliz olduğunu vurğulayan millət vəkili Vahid Əhmədov sənədin sadə, anlaşılan tərzdə yazılmasının vacib olduğunu deyib: "Qanun layihəsinin dili başa düşülən deyil. Mən özüm bu layihəni iki dəfə oxumuşam. Başa düşürəm ki, qanun layihəsi köçürülüb. Amma elə köçürün ki, biz də başa düşək. Bu qanunun məqsədi yerli istehsalın qorunmasıdır. Azərbaycanda dempinqə məruz qalan məhsullar hansılardır? Bunların siyahısı varmı? Bu məhsulların siyahısı hazırlanmalıdır.

Mən bu qanunun qəbulunun tərəfdarıyam. Amma indiki halda ikinci oxunuşa çıxmasının tərəfdarı deyiləm. Qanun layihəsində bəzi məsələlərin konkretləşdirilməsinə ehtiyac var. Dempinq halı necə müəyyən olunacaq? Biz hər hansı dövlətə dempinqlə bağlı irad bildirsək, bunu sübut etməliyik. Əks təqdirdə, bizi məhkəməyə verə bilərlər. Antidempinqi müəyyənləşdirmək üçün mütəxəssislərimiz varmı? Bunun üçün mütləq xarici dövlətlərlə, şirkətlərlə işləyən mütəxəssislər olmalıdır. Antidempinq, mühafizə, kompensasiya tədbirləri daha konkret göstərilməlidir. Bu qanun layihəsinin üzərində ciddi işlər getməlidir".

Millət vəkili Tahir Mirkişili qeyd edib ki, bu qanunun tətbiqi bir çox ölkələrdə mübahisələrə səbəb olur: "Buna görə, dempinq faktını müəyyənləşdirmək uzun proses tələb edir. Bu prosesin uzanması isə yerli sahibkarla birlikdə xarici investorları da narahat edə bilər. Bunun üçün qanun kifayət qədər sadə olmalıdır. Qanunun mahiyyəti özü tələb edir ki, buradakı müddəalar detallı və aydın yazılmalıdır".

Qeyd edək ki, qanun layihəsi II oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib. Buna baxmayaraq, millət vəkillərinin təklifi ilə yaradılacaq İşçi qrupu qanun layihəsinin üzərində yenidən işləyəcək.

İdxal olunan məhsul dempinqə məruz qalarsa və aşağı qiymətə idxalı eyni yerli məhsul istehsalına zərər vurarsa, onda idxal rüsum dərəcəsinin yüksəldilməsi ilə antidempinq tədbiri tətbiq edilə bilər. Antidempinq tədbiri yalnız müvafiq məhsulu dempinqə məruz qalan ölkəyə tətbiq edilir. Ancaq qoruyucu tədbirlərdə olduğu kimi antidempinq rüsumunun tətbiqi üçün idxal olunan məhsulların qiymətinin aşağı olması ilə yerli istehsala dəyən zərər arasında səbəb — nəticə əlaqəsi sübut olunmalıdır. Bunun üçün məhsulun normal dəyəri təyin edilməli və qiymətin ucuzlaşdırılması haqqında sübutlar olmalıdır. Avropa Birliyi 2008-ci ildə 128 antidempinq rüsumu tətbiq edib.

Xəbər lenti
0