Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq

© Sputnik / Fuad HasanovƏlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru
Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert Fuad Həsənov: İstər İran olsun, istərsə də digərləri, məzhəb anlayışını siyasi vasitə kimi görən istənilən ölkə ilə məsafəli olmaq lazımdır.

BAKI, 25 fev — Sputnik. Beynəlxalq sanksiyaların ləğvindən sonra İran hökuməti istər Avropa ölkələri ilə, istərsə də bölgə dövlətləri ilə ard-arda iqtisadi sazişlər, həmçinin bir çox sahələri əhatə edən müqavilələr imzaladı. Rəsmi Tehranın yaxınlıq etməkdə maraqlı olduğu ölkələrdən biri də heç şübhəsiz ki, Azərbaycandır.

Çünki Azərbaycan Qafqazda özünə xas inkişaf tempi ilə digərlərini qabaqlayır. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin 99%-i müsəlmandır, bu da Tehranın ölkəyə təsir imkanlarını daha əlçatan edir. Şiəlik faktoru da unudulmamalıdır. Ölkəmizdəki müsəlmanların 60%-dən çoxu məhz bu təriqətə mənsubdur ki, bu da İranı şirnikləndirən amillərdəndir.

Bir çox ekspertlərin fikrincə, İranın Azərbaycanla yaxınlıq etməsinin arxasında bir çox maraqlar dayanır. Politoloq Fuad Həsənov hesab edir ki, məzhəb anlayışını siyasi vasitə kimi görən istənilən ölkə ilə məsafəli olmaq lazımdır:

"Tehran Azərbaycandakı şiə nüfuzun çoxluğundan öz maraqları üçün istifadəyə çalışır və çalışacaq. Necə ki, İran bu həmləni Bəhreyn, İraq və Yəməndə etməyə çalışır. Bu gün Bəhreyn istisna olmaqla, digər iki ölkədəki vəziyyət göz qabağındadır. İraq və Yəməndə nə siyasi sabitlik var, nə də ki qanuni dövlət. Suriyanın bu günə düşməsində də İranın rolu böyükdür. Əgər İran öz xalqına qarşı soyqırım işlədən Bəşər Əsədi dəstəkləməsəydi, bu gün Yaxın şərqdə məzhəb müharibəsi hazırkı səviyyəyə çatmazdı. Ona görə rəsmi Bakı bu ölkə ilə münasibətlərdə çox diqqətli olmalıdır. İstər İran olsun, istərsə də digərləri, məzhəb anlayışını siyasi vasitə kimi görən istənilən ölkə ilə məsafəli olmaq lazımdır."

Şahin Mustafayev və Mahmud Vaezi sənədləri imzalayarkən - Sputnik Azərbaycan
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı

Mövzu ilə bağlı Sputnik-ə digər açıqlamanı Bakı Dövlət Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov verib. İbrahimovun sözlərinə görə, prezident İlham Əliyevin İrana 24 fevralda baş tutan səfəri iki qonşu ölkə arasında münasibətlərin forma və məzmunca yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.

"İndiyədək iki dövlət arasında iqtisadi, mədəni və digər sahələrdə baş verən mübahisələr danışıqlar masası arxasında, kənar müdaxilə olmadan iki dövlətin öz səyi sayəsində həll olub. Bu gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər hər iki dövlətin rəhbərlərinin dəfələrlə qeyd etdikləri kimi ən yüksək səviyyədədir.

Bunun təzahürünü İlham Əliyevin Tehrana səfəri və bu səfər zamanı energetika, mədəniyyət,turizm və digər sahələrdə imzalanmış 11 müqavilədə görmək mümkündür. Bu sahələr hamısı bizim üçün böyük önəm daşıyır və iqtisadiyyatımızın inkişafı üçün yeni stimul olacaq. Təbii ki, bütün dünyanı bürüyən iqtisadi krizisin fəsadlarını aradan qaldırmaq heç bir dövlətin təkbaşına işi deyil. İndi qonşu dövlətlərin bir-birinə ehtiyacları daha çoxdur. İran Azərbaycan üçün bu baxımdan daha geniş imkanlar yaradır. Eyni zamanda sanksiyaların aradan götürüldüyü bir vaxtda İran bütün dövlətlərlə əvvəlkindən daha fərqli münasibət qurmaq istiqamətində fəaliyyətə başlayıb. Bu istiqamətdə də Azərbaycan əhəmiyyətli rol oynaya biləcək".

Azərbaycan-İran sənədlərinin imzalanması. Arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycan və İran arasında 11 sənəd imzalanıb

Politoloq İranın Azərbaycanla əlaqələrini gücləndirmək istəməsinin arxasında hansı məqsədlər dayandığını və nə kimi niyyətlər ola biləcəyini belə izah edib:

"Beynəlxalq sanksiyaların ləğvindən sonra 40 ilə yaxın bir müddətdə təcrid olunmuş vəziyyətdə qalan İran üçün yeni perspektivlər və üfüqlər açıldı. Təbii ki, bu şəraitdə rəsmi Tehran dünya dövlətləri, o cümlədən qonşuları ilə münasibətlərin formatına yenidən nəzər salmalı, öz siyasətində korrektələr etməli idi. Blokada İranı digər dövlətlərlə münasibətlərdə siyasi sahələrə fikir verməyə məcbur edirdisə, bu günkü reallıqlar iqtisadi maraqların əhəmiyyətini daha da artırır. İranın qarşısında yığılıb qalmış iqtisadi problemlər bu İslam dövlətindən daha aktiv iqtsadi siyasət yeritməyi tələb edir.

İranın son bir neçə ayda yeritdiyi xarici siyasətə məhz bu kontekstdən baxmaq daha düzgün olardı. İran iqtisadi sahədə itirilmiş imkanları qısa müddətdə geri qaytarmaq uğrunda mübarizəyə başlayıb. Bu işdə o bütün dövlətlərin, o cümlədən qonşu ölkələrin imkanlarına bel bağlayır. Azərbaycan bu sahədə istisna deyil. Siyasi məqsədlərin üstünlük təşkil etdiyi dövr İran üçün artıq geridədir. Tehran iqtisadi sahədə üstünlüyə nail olmaq və bütün imkanlardan istifadə etməkdə qərarlıdır."

Xəbər lenti
0