Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Anar

Anar
Anar - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar 1938-ci il martın 14-də anadan olub.

BAKI, 14 mart — Sputnik. Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri (1987-ci ildən) Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) 1938-ci il martın 14-də anadan olub. 

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. 

1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.

Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.

1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk səhiyyə naziri olub, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilib. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnib.

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxuyublar.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.

Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin işçisidir. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Anar 1987-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin sədridir. 

1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilib.

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olub.

Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Anar çoxsaylı əsərlərin, həmçinin film ssenarilərinin müəllifidir.  Onların arsında “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı”, “Torpaq. Dəniz. Od. Səma”, "Yaxşı Padşahın Nağılı", "Gürcü Familyası", "Dantenin Yubileyi", "Mən, sən, o və telefon", "Evləri köndələn yar" və s. qeyd etmək olar. Onun yaradıcılığı 60-cı illərdən başlayaraq Azərbaycan ədəbi mühitinə güclü təsir edib.

Xəbər lenti
0