16:07 06 Dekabr 2016
Canlı yayım
Yoxsulluq

Vətəndaşlar differensial kabusun məngənəsində

© Flickr/
İQTİSADİYYAT
Qısa URL
19510

Azərbaycan iqtisadiyyatının diferensial diaqnostikası: növbə ərzaq məhsulları və nəqliyyatındır. Vəziyyət nəqliyyat xidmətlərinin və ərzaq məhsullarının qiymətlərinin artmasını qaçılmaz edir.

BAKI, 1 dek — Sputnik. Tarif Şurası noyabrın 28-də Azərbaycanda ilk dəfə olaraq əhaliyə qaz və elektrik enerjisinin verilməsi qiymətlərinin differensial prinsip əsasında formalaşdırılması barədə qərar qəbul edib. Azərbaycan hökumətində hesab edirlər ki, fərqli yanaşma olan yeni tariflərə görə, təbii qaz iki dəfə, elektrik enerjisi 57% qalxıb.

Bu, aztəminatlı ailələrə şamil edilməyib. Amma "əhali" kateqoriyasından olan istifadəçilər üçün də tariflər müəyyənləşdirilib. Bu tarifə əsasən, ildə 1500 kubmetrdən çox qaz və ayda 250 kilovatt-saatdan çox elektrik enerjisi işlətməyənlər üçün qiymətlər əvvəlki səviyyədə qalacaq.

Diqqətçəkən məqamlardan biri də odur ki, Tarif Şurası qiymətlərin bu cür tənzimlənməsini Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına əsasən, əhalinin 62%-inin il ərzində 1500 kubmetrdən artıq qaz işlətməməsi ilə izah edir. "Azərişıq" ASC isə bildirib ki, "əhali" kateqoriyasından olan istifadəçilərin 72%-i ayda 250 kilovatt-saatdan çox elektrik işlətmir.

Amma təklif olunan rəqəmlər belə bir sualı da ortaya çıxarır: Sosial cəhətdən zəif müdafiə olunan təbəqə üçün bu limit az deyil ki?

İstilik təchizatı ilə bağlı görülən tədbirlərə baxmayaraq, mərkəzi istilik sistemi yaşayış binalarını isitməyə qadir deyil. Bu səbəbdən də bir çox vətəndaşlar evlərini muxtar qızdırıcı sistemi (kombi) ilə qızdırmaq məcburiyyətində qalır ki, bu da böyük miqdarda qaz sərfiyyatı tələb edir.

İkincisi, soyuq havada vətəndaşlar evləri kondisionerlərin və digər elektrik qızdırıcılarının köməyi ilə isitməyə məcbur olurlar ki, bu da nəzərəçarpacaq dərəcədə çox elektrik enerjisi sərfiyyatı deməkdir. Bu hesabla təbii qazın qiyməti elektrik enerjisinin qiymətinə baxanda aşağıdır. Yeni tikilən yaşayış binalarının sakinləri mənzillərə qaz veriləndən sonra onları qızdırmaq üçün kondisionerlərdən imtina edərək kombi sisteminə keçir.

Amma istənilən halda təbii qaz və elektrik enerjisinə artıq vəsaitlər sərf olunur. Aztəminatlı təbəqə üçün qiymətlərin "qalxmaması" məsələsi kifayət qədər şübhəli iddiadır.

Dövlət şirkətlərində yarıtmaz idarəetmə

Enerji daşıyıcılarının yeni tarifləri Dövlət Neft Şirkətinin Tarif Şurasına müraciəti ilə əlaqədardır. SOCAR-ın müraciətində qeyd olunur ki, son illər paylayıcı şəbəkənin inkişafı və təbii qazla sabit təchizata iri məbləğdə sərmayə qoyulub. O da qeyd olunur ki, qazın bir hissəsi əməliyyat şirkətlərinə dollarla satılır və onların dəyəri dövlət tərəfindən tənzimlənmiş mövcud tariflərdən yüksəkdir. Bununla əlaqədar olaraq SOCAR rəhbərliyi təklif edib ki, təbii qazın qiyməti bütün istifadəçilər üçün 180 manat səviyyəsində müəyyənləşdirilsin.

Lakin neftin və təbii qazın qiymətləri son illərdə bir neçə dəfə aşağı düşüb. Bir çox ölkələrdə neft-qaz şirkətləri qiymətləri aşağı endirib. Dövlət şirkətlərindəki yarıtmaz idarəetmə ona gətirib çıxarıb ki, onlar öz itkilərini əhaliyə göstərdikləri xidmət tariflərinin üzərinə qoymaqla vəziyyətdən çıxmağa çalışırlar.

Yeni qiymət artımı qaçılmazdır

Bundan əlavə, əsas xidmətlərin — təbii qaz və elektrik enerjisinin — qiymətlərinin artması zəncirvari reaksiyaya səbəb olacaq və milli iqtisadiyyatın əksər sahələrində qiymətlərin qalxmasına gətirib çıxaracaq.

Misal üçün, dəmir yollarında sərnişin və yük daşımalarında qiymətlər qalxacaq. Bu barədə "Azərbaycan dəmir yolları" QSC-nin rəhbəri, Milli Məclisin deputatı Cavid Qurbanov jurnalistlərə verdiyi açıqlamada deyib.

O, qeyd edib ki, dəmir yolu hər ay elektrik enerjisindən istifadəyə görə 1 milyon 300 min manat ödəyir: "Əgər enerji tarifləri artsa, dəmir yolunda da qiymətlər qalxacaq".

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, hazırda sərnişindaşıma tariflərinin dəyişdirilməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, bu barədə Tarif Şurasına müraciət daxil olmayıb.

Hökumət enerji daşıyıcılarının qiymətlərinin qalxmasına "razılıq" verməklə çoxdan aşağı qiymətlə xidmət göstərən və dövlət dotasiyası hesabına yaşayan Bakı Metropolitenini də çətin iqtisadi vəziyyət qarşısında qoyub. Müvafiq olaraq şəhərdə bu və digər nəqliyyat xidmətlərinin qiymətinin qalxması zaman məsələsidir.

Təbii qaz və elektrik enerjisinin qiymətlərinin qalxması artıq ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin qalxmasına da zəmin yaradıb. On minlərlə çörək, lavaş və qutab bişirən kiçik müəssisələr təbii qaz və elektrik enerjisi ilə işləyir. Qiymətlərin qalxması ilə əlaqədar bu ərzaqların da qiymətinin qalxması qaçılmazdır. İstisna deyil ki, onsuz da son zamanlar əl-ələ, baş-başa güclə dolanan kiçik sahibkarlıq müəssisələri tamamilə məhv olacaq.

Bu günlərdə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin qalxmasının qarşısını ala biləcək yeganə amil dövlət inhisarları tərəfindən xidmətlərin qiymətlərinin sabitləşdirilməsi ola bilər. Əks təqdirdə ölkədə inflyasiyanın hansı sürətlə artacağını qabaqcadan demək çox çətindir.

"Əhali" kateqoriyasına daxil olmayan istehlakçılar üçün enerjidaşıyıcılarının qiymətlərinin qalxması yaxın zamanlarda pərakəndə qiymətlərə də təsir göstərəcək. Ki, bu da ilk növbədə, məhz əhalinin aztəminatlı təbəqəsinə mənfi təsir edəcək.

Yeri gəlmişkən:

Elə həmin iclasda Tarif (Qiymət) Şurası dərman preparatlarının da yeni qiymətlərini tənzimləyib. Daha əvvəl tibbi preparatların qiymətləri milli valyutanın hazırkı kursuna uyğun olaraq müəyyənləşdirilmişdi.

Yeni tənzimləmələr 29 noyabr 2016-cı il tarixində qüvvəyə minib. Tarif Şurası daha əvvəl qiymətləri tənzimlənməmiş 300 yeni dərmanın satış qiymətini müəyyənləşdirib. Necə deyərlər, artıq şərhə ehtiyac yoxdur…

Əlaqədar

Neftin yaxın 3 ildəki qiyməti proqnozlaşdırıldı
Dəmiryolu nəqliyyatında da qiymətlər qalxır
Neft qiymətləri düşüb
Bir vaxtlar onun qiyməti pivədən baha idi
2017-ci ildə bu avtomobillərin qiyməti pik həddə çatacaq
Bu qış qazın qiymətinin qalxması nə dərəcədə realdır?
Teqlər:
elektrik enerjisi, işıq, Tarif Şurası, vətəndaş, əhali, qaz, qiymət

Əsas mövzular