Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bu dalğada manatı ayaqda tutmaq mümkün olacaqmı?

Abunə olmaq
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun nikbin açıqlaması cəmiyyətdə birmənalı qarşılanmır. Ekspertlər isə, hesab edirlər ki, iqtisadi zəmin olmadığı halda, milli valyutanın məzənnəsinin stabil qalması qeyri-mümkündür.

Elman Rüstəmov düzmü dedi?
BAKI, 10 may — Sputnik. Manat ilin sonuna qədər sabit məzənnədə olacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur.

© azadliq.orgVahid Əhmədov
Vahid Əhmədov - Sputnik Azərbaycan
Vahid Əhmədov

MB sədrinin manat barədə yenə nikbin danışması isə heç də birmənalı qarşılanmır. Bəs, görəsən bu ilin sonuna kimi manatın məzənnəsinin sabit qalması üçün iqtisadi əsaslar varmı?

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov Sputnik-ə açıqlamasında deyib ki, MB sədri belə bir açıqlama verirsə, deməli bunu deməyə müəyyən iqtisadi əsasları var.

"Manatın məzənnəsi neftin qiymətindən asılı olan məsələdir. İkincisi də xərc hissəsində müəyyən azalmalar var. Ola bilər ki, manatı qoruyub saxlamaq üçün bu addımlar atılır. Monetar siyasət aparılır", — deputat bildirib.

O, istisna etmir ki, bu ilin sonuna kimi məzənnəni qoruyub saxlamaq olsun: "Amma, neftin qiyməti kəskin aşağı düşərsə, bu, bir qədər çətin ola bilər. O zaman manatın məzənnəsini indiki səviyyədə saxlamaq qeyri-mümkün ola bilər".

İqtisadçı ekspert Nicat Hacızadənin fikrincə isə, manatın məzənnəsinin ilin sonuna kimi bu formada davam edəcəyini qəti şəkildə demək olmaz: "Çünki biz "üzən məzənnə" sisteminə keçmişik və iqtisadi məntiqlə götürsək, MB-nin hazırkı dövrdə manatın məzənnəsini müəyyənləşdirmək hüququ yoxdur".

"Dünya iqtisadiyyatında müəyyən dəyişikliklər olur. Neftin qiymətində düşmə və qalxmalar müşahidə olunur. ABŞ Federal Ehtiyatlar Sisteminin dolların uçot dərəcəsini aşağı salması və ya qaldırması olur. Ona görə biz qəti şəkildə deyə bilmərik ki, 2016-cı ilin sonuna kimi manatın məzənnəsinə təzyiq olmayacaq", — iqtisadçı vurğulayıb.

© Photo : APANicat Hacızadə, iqtisadçı ekspert
Nicat Hacızadə, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Nicat Hacızadə, iqtisadçı ekspert

Ekspertin qənaətincə, bunu 2013-2014-cü illərdə demək mümkün idi: "O zaman bizim rezervlərimiz kifayət qədər idi. Hər hansı bir proses baş verərdisə, biz rezervlərimiz vasitəsilə, misal üçün 2014-cü ilin sonuna kimi manatı 0,78, 1 və ya 1,20 dollar səviyyəsində saxlaya bilərdik. Amma, indiki şərait artıq dəyişib. Artıq tənzimləmələr dəyişib. Bazar tələb və təklif əsasında formalaşır. Tələb və təklifi isə heç vaxt tənzimləmək mümkün deyil. Biz deyə bilmərik ki, 2016-cı ilin sonuna qədər manata tələb və təklif hansı səviyyədə olacaq. Bunu tənzimləyən isə əhali və həmin məzənnəni formalaşdıran amillərdir".

Hacızadənin dəyərləndirməsinə görə, iqtisadi zəmin olmadığı halda manatın məzənnəsinin stabil qalması qeyri-mümkündür. MB sədrinin manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır fikrinə gəlincə isə, iqtisadçı bildirib ki, neftdən gələn gəlirlərin də müəyyən qədər rolu var, amma, əsas təsiredici amil neftin dünya bazarındakı qiymətidir.

© facebook/Nazim MammadovNazim Məmmədov - iqtisadçı-ekspert
Nazim Məmmədov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Nazim Məmmədov - iqtisadçı-ekspert

"Çünki bizim neft fondundan büdcəyə transferlərimiz var. Büdcənin qarşısında neft fondunun öhdəlikləri var. Bu gün neftin dünya bazarındakı qiyməti neft fonduna bu öhdəlikləri həyata keçirməyə imkan verir. Bunu hər hansı defistlə və ya borclanma ilə icra eləməyə ehtiyac yoxdur. Yəni Dövlət Neft Fondu hazırkı dövrdə büdcəyə olan öhdəliklərini ödəyə bilir", — mütəxəssis qeyd edib.

Keçmiş deputat, iqtisadçı ekspert Nazim Məmmədov isə, manatın məzənnəsinin neftdən asılı olmasını təhlükəli hesab edir: "Ölkədən çıxan və daxil olan valyutanı qarşılaşdırdıqda problem yaşanırsa, onda manat ucuzlaşır. Görünür ki, MB-nin əlində olan rəqəmlər bunu deməyə əsas verir".

O, bu fikri qismən bölüşsə də, hesab edir ki, manatın kursunun stabil qalması üçün əlavə iqtisadi islahatlar aparılmalıdır: "İqtisadi fəaliyyət artırılmalıdır və idxaldan asılılıq azalmalıdır. Çünki əsas istehlak mallarını bizim sahibkarlar xaricdən gətirirlər".

"Bunun qarşısı alınmalıdır. İnhisarçılıq aradan qaldırılmalıdır, iqtisadi fəaliyyət sürətləndirilməlidir", — deyə N. Məmmədov Sputnik-ə açıqlamasında bildirib.

Onun fikrincə, milli valyutanın güclənməsi üçün iqtisadi fəallıq artırılmalıdır və iqtisadiyyat özü özünü tənzimləməlidir.

Xatırladaq ki, MB sədri Elman Rüstəmov 2015- ci ildə yaşanan hər iki devalvasiyadan öncə də manatın məzənnəsinin sabit qalacağını bildirmişdi. Bunların ardınca yaşanan iki devalvasiya cəmiyyətdə E. Rüstəmovun açıqlamalarına etimadsızlıq yaradıb.

Xəbər lenti
0