Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xoşqədəm Hidayətqızına olan borcumuz

© Photo : APATeleaparıcı Xoşqədəm Hidayətqızı, arxiv şəkli
Teleaparıcı Xoşqədəm Hidayətqızı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xoşqədəm Hidayətqızı isə həmin itkinləri tapıb, reytinq üçün azacıq rejissor quruluşu veribsə, qəbahətmi olub?

BAKI, 15 noy — Sputnik. Həmişə Xoşqədəm Hidayətqızına bir rəğbətim olub. Onun televiziya sahəsində əməyini, gördüyü işləri, qazandığı uğurları sevinərək alqışlamışam. Bu yaxınlarda "Əməkdar jurnalist" fəxri adına layiq görüləndə, düşündüm ki, fəxri ad alanların siyahısında bu adı alın təri ilə haqq edən şəxslərin arasında Eldost Bayramla, Nərgiz Cəlilova ilə yanaşı Xoşqədəm Hidayətqızı da var.

Bülənt Ərsoy - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bülənt Ərsoydan niyə qorxurlar?

Bir neçə gün əvvəl — hələ onda məlum video yayılmamışdı — istəyirdim ki, Xoşqədəm Hidayətqızı haqqında bir yazı yazım. Başlığını da fikirləşmişdim: "Xoşqədəm Hidayətqızına olan borcumuz".

Bilmirəm niyə, amma bu yazını yazmağım gecikdi. Ta ki, "Səni axtarıram" verilişinin pərdəarxası kadrları yayılana qədər. Bəlkə də taleyin ironiyası imiş. Hansısa ilahi qüvvə məni saxlayırmış ki, yazmayım, onsuz da tezliklə bütün ölkə Xoşqədəm xanımdan danışacaqmış.

Televiziya dövlət idarəsi deyil, nazirlik deyil, Milli Məclis deyil. Televiziya da teatr kimi, kinostudiya kimi, rəssamlıq emalatxanası kimi yaradıcılıq məkanıdır. Burada sənin məhsulun insanlara xidmət edirsə və uğur qazanırsa, heç şübhəsiz, səni yalnız alqışlamaq olar. Hansı telekanalda olursa olsun, Xoşqədəm Hidayətqızı öz layihələri ilə insanlara xidmət edib və onun layihələri uğur qazanıb. Odur ki, mən indinin özündə də bu xanımı alqışlamağa məcburam.

Onun "Bizə danış" verilişində atası tərəfindən zirzəmidə saxlanılan qızın taleyi göstərildi. O qızı həmin zindandan xilas edib cəmiyyətə qaytaran Xoşqədəm Hidayətqızı oldu. Bəli, nə tez unutdunuz? Axı həmin vaxt siz o zavallı qızla olan süjeti paylaşıb atasına lənət oxuyur, kömək edənlərə dualar yağdırırdınız.

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində ölkəsindən, yaxınlarından çox-çox uzaqlarda vəfat edən insanların məzarları tapılıb və onların yaxınları öz doğmalarının heç olmasa məzarlarını görə biliblər. Həmin verilişdə bu yaxınlarda Cənubi Azərbaycandan gələn yaşlı bir xanım Qazaxıstanda yaşayan qohumlarını — ölən qardaşlarının övladlarını tapdı. Elə həmin verilişdə Türkiyədə Gülsüm Kabadayının saxladığı əngəlli bir insanın Rusiyada itkin düşən Kənan olması ilə bağlı şübhələrdən agah olmaq üçün DNT analizi edildi. İtkin düşən Kənanın anası Rusiyanın eyni məzmunlu verilişinə də müraciət edib və illərdir ki, oğlunu axtarır. Bu cür misalları çox çəkmək olar.

Xoşqədəm Hidayətqızının insanlara etdiyi yaxşılıqlar göz qabağındadır. Məlum videoya görə bütün bunları unutmaq mümkündürmü? Sizi deyə bilmərəm, amma mən bacarmaram. Veriliş də onu ərsəyə gətirənlərin yaradıcılıq laboratoriyasıdır. O laboratoriyanı müzakirə etmək, bu şəkildə tirajlayıb qınaq obyektinə çevirmək hər şeydən əvvəl ədəbsizlikdir. Əgər o verilişdə hər hansı bir cinayət olsaydı, iştirakçılar şikayət edər, qanuni yolla problemlərini həll edərdilər. Xoşqədəm Hidayətqızı heç kəsi məcburən səhnəyə sürükləməyib ki. Məsəldir, alan məmnun, verən məmnun, bəs bu kütlə niyə coşmuş?

Ovcunda gəlincik sıxan adam, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
Üzünə kislota atılan, bıçaqlanan, güllələnən qadın

Deyilir ki, inkişaf etmiş ölkələrdə bu tip verilişlər olmur. Yəni insanların ağrılı taleləri üzərindən reytinq toplanılmır. Bəs niyə deyən yoxdur ki, inkişaf etmiş ölkələrdə insanların ağrılı taleyi olmur ki? Onlar heç kəsi itirmirlər. Onların doğmaları bir tikə çörək dalınca Rusiyaya, Türkiyəyə, Qazaxıstana getmirlər. Onlar öz ölkələrində, öz sevdiklərinin əhatələrində yaşayır, işləyir, qazanır, doğmalarıyla birgə səyahətlər edir və zamanı gəlincə də harada istəsələr, orda vəfat edirlər.

Problem Xoşqədəm Hidayətqızında deyil. Problem bu zavallı insanları öz yurdundan, öz çevrəsindən sürgün edənlərdədir. Onları qazanc dalıyca uzaqlara getməyə məcbur edənlərdədir. Problem xristian qızı almaq istəməyib, qanlı mələfə davası döyən azərbaycanlı valideynlərdədir ki, onların övladları öz eşq-məhəbbətlərinin yanına gedir və ailəsini birdəfəlik tərk edirlər.

Xoşqədəm Hidayətqızı isə həmin itkinləri tapıb, reytinq üçün azacıq rejissor quruluşu veribsə, qəbahətmi olub? Elə buna görə də öz ilkin sərlövhəmi dəyişmirəm. Bəli, bu kütlə Xoşqədəm Hidayətqızına borcludur. Nəyi borcludur?

Rusiyanın çöllüklərində tapılan azərbaycanlı məzarlarını borcludur. Zirzəmilərə məhkum edilən insanları borcludur. Valideyninə qovuşan övladları, övladlarına qovuşan valideynləri borcludur. Xırda bir yaradıcılıq məsələsinə görə bütün bunların üstündən xətt çəkmək olarmı? Əsla!

Xəbər lenti
0