23:46 06 Dekabr 2016
Canlı yayım
kamança

Musiqişünaslar kamançanın Azərbaycana məxsus olduğunu iddia edirlər

MƏDƏNİYYƏT
Qısa URL
20 0 0

Musiqişünas Cəmilə Həsənova: Əgər farslar bu musiqi alətini özlərinki hesab edirlərsə, bu düzgün deyil.

BAKI, 22 iyun — Sputnik. İran kamançanı öz musiqi aləti kimi YUNESKO-da qeydiyyatdan keçirməyə hazırlaşır. Artıq müvafiq sənədlər YUNESKO-ya təqdim edilib.

İranın Mədəni irs, sənətkarlıq və turizm təşkilatının nümayəndəsi Bəhruz Vəcdani kamançanın ənənəvi fars musiqi aləti olduğunu deyib.

Vəcdaninin sözlərinə görə, İran tərəfinin ləngiməsi tarın Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçməsinə səbəb olub.

Məsələ ilə bağlı Sputnik musiqişünasların mövqeyini öyrənməyə çalışıb.

Musiqişünas Səadət Abdullayeva Sputnik-ə açıqlamasında deyib ki, kamança heç bir zaman fars musiqi aləti olmayıb: “Kamança hələ 16-cı əsrdən başlayaraq geniş istifadə olunmağa başlayıb. O zamanlar  kamança 6 və 5 simli olub və Azərbaycanda geniş istifadə edilib. Getdikcə bu musiqi aləti 20-ci əsrdə  təkmilləşərək 4 simli olub. Ona görə də birmənalı olaraq deyə bilərəm ki, bu ancaq Azərbaycana məxsus musiqi alətidir və kimsənin bu musiqi alətini mənimsəməsinə lüzum yoxdur. Heç o zamanlar farslarda kamança olmayıb. Mən onların kamançadan istifadə etməsinin şahidi olmamışam. Bildiyiniz kimi onlar tardan istifadə ediblər, ancaq o tar da fərqli olub. Onlar tarı diz üstə qoyub  çalıblar.”

Musiqişünas Cəmilə Həsənova da bildirdi ki, kamança Azərbaycanın milli musiqi alətidir və artıq bütün dünya tar-kaman və qavalı Azərbaycanın milli musiqi simvolu kimi qəbul edir: “O haradan farsların milli musiqi aləti oldu bilmirəm? Düzdür, mən alətşünas deyiləm, buna onlar daha yaxşı cavab verə bilərdilər. Ancaq onu deyə bilərəm ki, hər bir musiqi alətinin yayılma arealı və tətbiq sahəsi var. Kamança da Azərbaycanda milli, xalq musiqilərinin ifasında, eyni zamanda muğamda daha çox istifadə olunur. Bütün dünya bilir ki, Azərbaycan muğamını tar və kamançasız təsəvvür etmək mümkün deyil. Əgər farslar bu musiqi alətini özlərinki hesab edirlərsə, bu düzgün deyil.”

Musiqişünas onu da əlavə etdi ki, İranda farsların istifadə etdiyi Şiraz tarı var və onlar ondan daha çox istifadə edirlər.

“Azərbaycan tarı ondan fərqlidir. Kamança da eyni qaydada. Ola bilsin bizim kamançaya oxşar hansısa musiqi alətləri olsun. Amma o kamança deyil. Məsələn Türkiyədə də kamança var. O çox fərqli bir musiqi alətidir”,- deyə Həsənova qeyd etdi.

Əsas mövzular