12:41 19 Yanvar 2017
Canlı yayım
Baba

Babam öldü...

© Flickr/ Franck Michel
YAZARLAR
Qısa URL
Orxan BAHADIRSOY
9810

Əgər babanız, nənəniz sağdırsa, gedib sinələrinə qısılın

BAKI, 6 dek — Sputnik. "Babam öldü" — Yazılışı doqquz hərflik, deyilişi iki sözlük, üzüntüsü bir ömürlük cümlədir. Hər insanın babası, nənəsi onun körpəliyi, uşaqlığı, yeniyetməliyidir. Bunu heç vaxt indiki qədər anlamamışdım.

Həmişə sənin üçün bir əlində meyvə, bir əlində çiyninə salmağa jaket, dilində xoş sözlər, ürəyində dualar olan bu adamların önəmini sağlığında dərindən anlamaq olmur. Yəqin elə buna görə deyiblər ölümün haqq olduğunu. Ölməsələr, yaşamalarının verdiyi xoşbəxtliyi ən ali varlıq olan insanın da şüuru dərk etmir.

Ən böyük nəvəsiydim babamın. Çiyələk yetişəndə dərməzdi, nübar etmək üçün nübar nəvəsinin kəndə gəlməyini gözləyərdi. Lazım olanda dost kimi şən-şaqraq, lazım olanda zəhmliydi. Bütün başqa babalar kimi.

Yeddi övladı, dörd gəlini, üç kürəkəni, on yeddi nəvəsi, bir nəticəsi vardı babamın. Bu qədər insanın kədərinə kədərlənir, sevincinə sevinir, uğuruna fəxr edir, uğursuzluğuna üzülürdü. Xəstəsiylə xəstələnir, sağlamıyla sağalırdı. Bütün başqa babalar kimi.

Biz sevməyi də, qayğıkeşliyi də, əliaçıqlığı da, qonaqpərvərliyi də və digər müsbət insani keyfiyyətləri də babadan, nənədən öyrənirik, əslində. Onlar bir-birlərini sevməklə öyrədirlər sevməyi, bizə qayğı göstərməklə öyrədirlər qayğıkeşliyi, başqalarına səxavətli olmaqla öyrədirlər əliaçıqlığı, ən şirin tikəsini qonağın önünə qoymaqla öyrədirlər qonaqpərvərliyi. Bunları dərslik kimi nəzəri yox, praktiki öyrədirlər həm də.

Körpəliyin, uşaqlığın, yeniyetməliyin ölümüdür baba, nənə ölümü. Bir az təklənmək, bir az qocalmaqdır. Üşüyəndə geyinməyə bir jaketin yoxluğudur, üzüləndə qısılmağa bir qucağın. Babanın, nənənin yoxluğu adi bir insan yoxluğu deyilmiş.

Elə zənn etməyin ki, mən sizə ailə-məişət qayğılarını pafosla təbliğ-tərənnüm edirəm. Siz bütün dəyərləri çeynəsəniz, ürəyiniz istəyən qədər nihilist olsanız, bütün azadlıqların fövqündə dayansanız, lap Turgenevin "Atalar və oğullar"ındakı Bazarov olsanız da, bəzi itkiləri yaşadıqca hər qaydada istisnanın olduğuna inanacaqsınız. Heç şübhəsiz, babanın, nənənin ölümü bu istisnaların ən birincisidir.

İnsanın buna üzülməməsi, yanmaması, çox adi qarşılaması üçün yəqin ki, mənən insan olmaması gərəkdir. Mən bağımızda babamın ayaq izlərini axtaranda, atamın, əmilərimin uşaq kimi ağlamasını görəndə, nənəmin ağı deməsini eşidəndə başa düşdüm ki, hər şey nihilizmdəki kimi heçlik deyilmiş.

Babalar, nənələr öz bütün adət-ənənələri ilə üstümüzə gəlib bizi töhmət-tənə etsələr də, onları nəvaziş kimi qəbul etmək lazımdır. Onsuz da kim necə istəsə, elə yaşayacaq. Axınla üzən qayıq da, axına qarşı üzən qayıq da öz istədiyi mənzilə çatmaq üçün kürək çəkir.

Bir mətləbə də toxunum, adını mistika qoymayın. Biz tərəflərdə biri öləndə yağış yağsa, deyirlər ki, göylər ona ağlayır. Günəş çıxsa, deyirlər ki, sevdiklərinə əzab vermədi. Babamı dəfn etdiyimiz gün dekabr ayının üçü idi, amma Lerikin dağlarında yaz günəşi görünürdü. İşləyənlər islanmadı, xəstələnmədi, dəfn edənlər palçığa batmadı. Elə belə də yaşamışdı. Heç kəsi incitmədən.

Bir yaşlı qadın məni təsəlli etmək üçün xeyli danışdı. Amma iki cümləsi əzbərimə yazıldı və məni rahat buraxmır. Biri o idi ki, qadın üzgün-üzgün "müharibə ölümü adiləşdirdi, əvvəllər birinin ölümü daha çətin olurdu" dedi. İkincisi o idi ki, "insan ölməsəydi, dünyada yer olmazdı" dedi. Bu iki cümləni dərindən təhlil edib bir kitablıq material çıxarıram. Amma bunu deyən, dağlarda yaşayıb orta təhsilini də yarımçıq alan bir qadın idi.

Əgər babanız, nənəniz sağdırsa, gedib sinələrinə qısılın. Sonra uzun saçınızı, didik şalvarınızı irad tutmasını da özləyəcəksiniz. Sizə uzatdığı bir dilim meyvə üçün, çiyninizə saldığı bir jaket üçün darıxacaqsız. İndi mənim darıxdığım kimi…

Əlaqədar

Onlar niyə xoşbəxt ola bilmədilər?
Öz dahilərinə qənim kəsilənlər
Yazıçıya təcavüz etdilər
Ucqar dağ kəndində xəstə yatan istedad
Yamaykalı kürəkən
Teqlər:
baba, nəvə, nənə, valideyn, övlad, ölüm, həyat

Əsas mövzular