10:00 18 Yanvar 2017
Canlı yayım
Ağdamda Azərbaycan tankları

Müharibə mədəniyyəti

© AP Photo/ Abbas Atilay
YAZARLAR
Qısa URL
Orxan BAHADIRSOY
Cəbhə xəttində gərginliyin artması (49)
66910

Sənət çox böyük məfhumdur. Şübhəsizdir ki, savaşda qələbə qazanan ölkələrin qələbəsində həmin ölkənin mədəniyyətinin də rolu olur.

BAKI, 5 apr — Sputnik. Əgər məndən soruşsalar ki, bəşərə arzulamadığın tək şey nədir, heç düşünmədən müharibə deyərəm. Amma müharibə özü ilə ölüm, əsirlik, səfalət gətirdiyi qədər mədəniyyət də gətirir. Dünyanın ən uğurlu bədii əsərləri, musiqiləri, filmləri, tamaşaları, rəsmləri içində müharibə mövzusu üstünlük təşkil edir.

Təəssüf ki, bizim məmləkət dünyanın ən çox müharibə görmüş, neçə-neçə savaşlardan çıxmış ölkələrindən biridir. Bu səbəbdən də bizim bədii əsərlərin, filmlərin, tamaşaların, musiqilərin içində müharibə mövzusunda uğurlu nümunələr var.

Müharibə mədəniyyətindən söhbət gedirsə, çox sevdiyim və ibrətli olan mühüm tarixi hadisəni vurğulamalıyam. 1937-ci ildə məşhur rəssam Pablo Pikasso "Gernika" adlı bir rəsm çəkir. Bu rəsmdə İspaniya vətəndaş müharibəsi zamanı Üçüncü Reyxin (başqa adla Nazi Almaniyasının) İspaniyanın Gernika şəhərini bombalaması təsvir olunur. II Dünya Müharibəsi zamanı Parisdə yaşayan Pikasso Gestapo tərəfindən sorğuya alınır. Rəssamın emalatxanasına gələn alman zabitlərindən biri "Gernika" adlı həmin rəsm əsərini görüncə, Pikassodan soruşur: "Bunu sizmi etdiniz?" Pikasso cavab verir: "Yox, siz etdiniz!"

Bu hadisə mədəniyyətlə müharibənin təzadlı bağlılığını o qədər gözəl təsvir edir ki, müharibə mədəniyyətini bundan gözəl təsvir etmək mümkün deyil. Bəli, II Dünya Müharibəsi illərində Azərbaycanın sənət adamları da almanların etdiklərini öz əsərlərində təsvir edirdilər. Üstündən bir müddət keçdi və I Qarabağ Müharibəsində sənət adamları ermənilərin etdiklərini öz əsərlərində təsvir etməyə başladılar. Qarabağdakı qətliamların təsviri olan tablolar, şəhidlərə yazılan ağılar, müharibənin dəhşətindən bəhs edən müxtəlif hekayələr, dram əsərləri, povestlər, romanlar və vətənpərvər ruhda yazılmış mahnılar yarandı.

İndi də II Qarabağ Müharibəsinin qoxusu gəlir. Artıq qələm adamları bu mövzuda şeirlər yazmağa başlayıblar. Təki bu savaş itkisiz bitsin. Şəhid ağılarına, faciə dolu pyeslərə, romanlara ehtiyac qalmasın. Nə təəssüf ki, itkisiz savaş da olmur.

Sənət çox böyük məfhumdur. Şübhəsizdir ki, savaşda qələbə qazanan ölkələrin qələbəsində həmin ölkənin mədəniyyətinin də rolu olur. Döyüş əhval-ruhiyyəli əsərlər, döyüşçünü qələbəyə kökləyən musiqilər — bunlar II Dünya Müharibəsində Sovet İttifaqının qələbə çalmasında da rol oynamışdı.

Bunu ona görə vurğulayıram ki, indiki dövrdə ötən əsrdən fərqli olaraq Kütləvi İnformasiya Vasitələri daha geniş kütləyə nüfuz edə bilir. Televiziya proqramları, xəbər portalları yüksək döyüş əhval-ruhiyyəsi yaratmaqda, xalqı qələbəyə kökləməkdə ən əlverişli vasitədir. Belə məqamda, televiziyaların, teatrların, kinoteatrların repertuarı lazımsız şeylər əvəzinə, müharibə mövzulu verilişlərlə, tamaşalarla, filmlərlə dolmalıdır. Bu, həm də döyüş anlayışı olmayan gənc nəsildə müharibə haqqında təsəvvürlər yaradar, onlara bir xeyli bilgi verər.

Mədəniyyət də bir silahdır. Onu səmərəli istifadə edəndə top-tüfəngdən daha uğurlu nəticələr verə bilir. Bu baxımdan, müharibə şəraitində yaşayan və II Qarabağ Müharibəsinin astanasında olan Azərbaycanın sənət adamlarının öhdəsinə böyük işlər düşür. Sonda isə arzum odur ki, bu, Azərbaycanın və Azərbaycan xalqının yaşadığı son müharibə olsun!

Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)

Əlaqədar

Serial düşüklüyü
Bizim sənət fədailərimiz kimlərdir?
Sənət rüşvətə yoluxanda...
Ələbaxan yazıçının, şairin günü...
Teqlər:
ədəbiyyat, müharibə, mədəniyyət, döyüş, Qarabağ

Əsas mövzular