CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siz kimə xidmət edirsiniz, sevgili MX-lar?

© Sputnik / Murad OrujovMəmur
Məmur - Sputnik Azərbaycan
Abunə olmaq
Vaxtilə jurnalist ordusunun cəfakeş əsgərlərindən olan bu tiplər, rəsmi status qazandıqdan dərhal sonra sifətlərini, əqidələrini və mənəvi borclarını soyunduqları jurnalist uniformasının arasına büküb zibil qutusuna atırlar

Ad çəkmək kişiyə (ya da köşəyə) yaraşmaz deyiblər. Dövlət qurumlarının birinin mətbuat xidmətinin rəhbərinə zəng vurub, dərdimi dedim. Əslində, dərdimizi — rayonlardan birində həmin qurumun yerli nümayəndəsinin törətdiyi özbaşınalığı həmkarımızın diqqətinə çatdırdım. Xüsusi bir xahişim də olmadı, sadəcə əhalinin filan yetkilinin filan əməllərindən əziyyət çəkdiyini, bununla bağlı tədbir görülməsini istədim.

Yasdakı qadınlar. Arxiv şəkli - Sputnik Azərbaycan
Məni ölməyə qoymayın...

Səhərisi gün həmin rayondan — qeyd edilən idarə müdirinin özbaşınalığından əziyyət çəkən sakinlərdən növbəti məktubu aldım: "Çox sağ olun, göz düzəltdiyiniz yerdə, qaşı da vurub çıxardınız" deyə. Öncə heç nə anlamadım və sonra aramızda belə bir yazışma oldu:

— Nə baş verir?
— Nə baş verəcək… Sizin, guya əl-qolu yığılsın deyə, barəsində kimlərəsə ağız açdığınız adam bizi idarəyə çağırdı.
— Aha…?
— Dedi, "Siz mənim barəmdə yuxarıya şikayət etmisiniz? Bilmirsiniz ki, ordakılar məni sizin ayağınıza verməzlər? Ay avamlar, sizin şikayətinizi mənə dost xəbərdarlığı olaraq çatdırdılar ki, ayıq olum, açıq verməyim".
— … Sonra noldu?
— Sonrası o oldu ki, adam öz qanunsuzluqlarını davam etdirmək və bizdən gələ biləcək "təhlükələrdən" sığortalanmaq üçün qabaqlayıcı tədbirlərə başlayıb. Artıq camaatın mətbuata çıxışının olduğunu, hansı məlumatlara malik olduğumuzu bilir və bunu önləmək üçün bütün imkanlarını işə salıb. Problemimizi yerli səviyyədə həll etmək üçün, qabaqlar eşitdirdiyi "işıq ucu"nun da bağlandığını elan elədi.

Mənim zəng vurduğum adam keçmiş mətbuat işçisidir. Media ilə, yəni ictimaiyyətlə dövlət qurumu arasında körpü rolunu oynamağa və əhalinin narazılığını öz rəhbərliyinə çatdırıb həllinə nail olmağa məsul şəxsdir. Sən demə, bu adam nəinki əhalini məmurlardan qorumağa çalışır, əksinə camaatla məmuriyyət arasında "şpion" rolunu yerinə yetirirmiş. Təbii ki, ikincilərin xeyrinə…

Birmənalı hamısını "topa tutmaq" allahsızlıq olar. Lakin, bugünkü mətbuat xidməti rəhbərlərinin böyük əksəriyyəti niyə orada oturduğunu bilmir. Ya da biz onların əslində niyə orada oturduqlarını bilmirik. Vaxtilə jurnalist ordusunun cəfakeş əsgərlərindən olan bu tiplər, rəsmi status qazandıqdan dərhal sonra sifətlərini, əqidələrini, mənəvi borclarını soyunduqları jurnalist uniformasının arasına büküb zibil qutusuna atırlar. Zamanında vətəndaş hüquqları naminə hay vurub-haray salanlar, dönüb olurlar məmuru əhalidən qoruyan qapı cəftəsi. Böyük pula da deyil ha, 400 manat maaş və bir o qədər də "paket"ə (o da verilərsə)…

Rüşvət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Allah kəssin belə çörəyi

Yüksək rütbəli şəxsə yaxın olmaq, yaraşıqlı kabinetdə rahat kresloya yayxanıb, keçmiş çətin günlərin acısını çıxarmaq günah deyil. Bu imkandan istifadə edib, özünə şərait yaratmaq, yaxın çevrəsinin müşküllərini həll etmək (əksər hallarda maddi maraq qarşılığında) də normal haldır.

Bəs bir zamanlar uğuruna çarpışdığın dəyərlər? Səni o məqama gətirib çıxaran müqəddəs məslək qarşısındakı vicdanın? İndi önünü kəsdiyin həmin şikayət məktubları hesabına vaxtilə qazandığın qonorarların haqqı?

Kimsə özünü gücü yetmədiyi yükün altına verməz və bunu ondan istəmək də məntiqsizlikdir. Amma hazır əlində imkan varkən, 3-5 adama yaxşılıq etmək, onların haqlarının tapdanmasına kiçik miqyasda mane olmaq, ən azından buna cəhd etmək… Bu da mümkün deyil? Deyilsə, bari satma! Vaxtilə barmaqlarını mazol etmiş qələmə, çiyin-çiyinə verdiyin qələm əhlinə, onlardan biri olduğun camaata və öz mənəviyyatına xəyanət etmə!

Xəbər lenti
0