14:35 07 Dekabr 2016
Canlı yayım
Bakı 2015 Avropa Oyunları

Azərbaycan qızıl medala görə 2-ci, ümumi medala görə 3-cü yerdədir

sputnik.az/Pəri Abbaslı
BAKU 2015
Qısa URL
611 0 0

17 gün ərzində 20 idman növü üzrə davam edən yarış Azərbaycan üçün həm təşkilatçılıq, həm də idmançıların çıxışı baxımından möhtəşəm uğurla nəticələnib.

BAKI, 28 iyun — Sputnik. Azərbaycan millisi ilk dəfə keçirilən Avropa Oyunlarında çıxışını başa vurub.

Sputnik Apasport-a istinadən yazır ki, 17 gün ərzində 20 idman növü üzrə davam edən yarış həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışı baxımından möhtəşəm uğurla nəticələnib.

Belə ki, Azərbaycan tarixində ilk dəfə belə mötəbər turnirə ev sahibliyi edib. Ölkəmizə “köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti təşrif buyurub. Onların içərisində işğalçı ölkə Ermənistan da olmaqla, hər biri ölkəmizdə xoş təəssüratlar qazandığını əminliklə söyləmək mümkündü.

Bununla yanaşı, idmançılarımızın çıxışı həm Avropa, həm də xalqımız üçün sevindirici olub. Çünki tariximizdə ilk dəfə ən böyük heyətlə məhz Avropa Oyunlarına qatılmışıq. 291 atletimizin mübarizə apardığı yarış isə Azərbaycan üçün tarixi rekordla əlamətdar olub.

Yığmamız Bakı-2015-i 56 medalla başa vuraraq, qitənin ikincisi adını qazanıb. 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan komandamız Avropanın şəksiz lideri olan Rusiyadan geri qalıb. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna və Türkiyə kimi nəhəngləri arxada qoyan millimiz Rio-2016 öncəsi azarkeşlərinə böyük ümid verib. Sonuncu – London Olimpiadasında 11 medal qazanan idmançılarımız potensialının daha böyük olduğunu və Cənubi Amerikada daha yüksək nəticə göstərə biləcəyini nümayiş etdirə bilib.

Komandalarımızın üzvləri Avropa Oyunlarına daxil edilən 20 idman növünün 30 bölməsindən 12-də fəxri kürsüyə qalxıb.

Böyük ümidlər bəslənilən boks, taekvondo, güləş və karate etimadı tam doğruldaraq, qitənin ən yaxşılarından oldu. Təsadüfü deyil ki, bu növlərin 2-də Azərbaycan Rusiya da daxil olmaqla, hamını arxada qoydu. Güləşdə (3 növ üzrə) isə yalnız şimal qonşularımızdan geri qaldı. Lakin güləşdə də boks kimi rekord sayda – 6 çempionluq sevincimiz oldu.

4 idman növündə azarkeşlərimiz xoş sürprizə sevindi. İnkişaf yoluna yeni qədəm qoyan idman gimnastikası, batut və triatlon, həmçinin uzun müddətdi uğura həsrət qaldığımız qılıncoynatmada qazanılan medalların da dəyəri böyükdü. Çünki artıq bu növlərdə də perspektivli gənclərimiz yetişir.

Bu növlərlə bağlı bəzi məqamlar xüsusi diqqət çəkir. İdman gimnastımız Oleq Stepko eyni yarışda 5 medal qazanan ilk idmançımız kimi tarixə düşüb. O, 1 qızıl, 2 gümüş və eyni sayda bürünc mükafatla Bakı-2015-də 1-dən artıq medal qazanan yeganə atletimiz olub. Həmçinin, yarışda mükafat qazanan yeganə komandamız da gimnastikanı təmsil edib. Stepko ilə yanaşı, Eldar Səfərov və Petro Paknyuk komanda hesabında 3-cü yeri tutub. Qılıncoynatma növündə isə fəxri kürsüyə yüksələn Sevil və Sevinc bacıları da ilk imza atıb. Əkizlər gümüş və bürünc medal qazanmaqla, böyük yarışlar tarixində ilk dəfə 2 Azərbaycan bayrağının yanaşı yüksəlməsinə nail olublar. Bu uğur Avropa Oyunlarında daha bir dəfə təkrar edilib.

Medal qazandığımız digər 4 növdə isə ümidlərimizin tam doğrulmadığını söyləmək olar. Hər halda, daha böyük potensiala malik sambo, cüdo, bədii gimnastika və avarçəkmə qazanılan medalların sayı heç də gözlənilənləri əks etdirmir. Düzdü, 4 gümüş medalla ümumi sıralamada 4-cü olan sambo yığmamız ikinci yerlərlə təsəlli tapa bilər. Lakin bütün finallarını uduzulması, həmçinin son anda 3 “bürünc”ün əldən getməsi yarışı müsbət akkordla tamamlamağımıza imkan vermədi. Bədii gimnastikada isə buna hakim haqsızlığı mane oldu. Hərçənd, Marina Durunda 1 deyil, daha çox medal qazanmağa yaxın idi. Müxtəlif yarışlarda dəfələrlə çempion olan avarçəkənlərimiz doğma divarlar arasında qızıla həsrət qaldı. Cüdoçuların fiaskosunu paracüdoçular sığortaladı. Eyni vaxtda 2 idmançımızın – İlham Zəkiyevlə Zakir Mislimovun fəxri kürsüdə yer alması Bünyatova bacılarından sonra ikinci belə uğurumuz oldu. 14 çəki dərəcəsində cəmi 1 medal qazanıb bu idman növünün nüfuzunu kölgə altına salan cüdoçularımız meydan sahibi kimi qatılmalı olduğu komanda yarışlarına da çıxmadı.  

İdmançılarımız mübarizə apardığı 18 bölmədə mükafata həsrət qaldı. Bunlar arasında kamandan oxatma, üzgüçülük, sinxron üzgüçülük, suyatullanma, badminton, atletika, atıcılıq, BMX velosiped, dağ velosipedi, şosse velosipedi, akrobatika, aerobika, stolüstü tennis var. Bu komandalarımızdan şosse velosipedçilərimizə böyük ümidlər bəslənsə də, Maksim Averinin start xəttinə çıxmaması hər şeyi korladı.

Komanda növlərində mübarizə apardığımız su polosu, çimərlik voleybolu, voleybol, basketbol 3X3 növü və çimərlik futbolu növlərindən yalnız birində medala çox yaxın olduq. Ənənəvi iddialı olan qadın voleybolçulardan ibarət millimiz son 2 oyunu tay-brekdə uduzmaqla, medalsız qaldı.

291 idmançımızdan 54-ünün fəxri kürsüyə çıxması da yeni rekorddu. Digər idmançılarımızın böyük hissəsi isə yaşlarının az olması səbəbindən elə medal dəyərində olan böyük təcrübə qazandılar. Çünki qitənin güclü idmançıları ilə mübarizə aparmağın özü belə onların gələcək inkişafı üçün təkan ola bilər.

Beləliklə, Avropa Oyunlarını həm yığmamız, həm də ölkəmiz adına böyük nailiyyət hesab etmək olar. Çünki ən azından Azərbaycan yeni yaranan yarışın təməlini qoyaraq, növbəti ev sahibləri üçün əlçatmaz nümunə göstərdi.  

Əsas mövzular