22:03 02 Dekabr 2016
Canlı yayım
Pərviz Bağırovun qələbəsi

Azərbaycan boksçuları daha 2 qızıl medal qazanıblar

BAKU 2015
Qısa URL
80 0 0

Beləliklə, I Avropa Oyunlarında Azərbaycanın qızıl medallarınını sayı 21-ə çatıb.

BAKI, 27 iyun — Sputnik. Bu gün Azərbaycan idmançıları Birinci Avropa Oyunlarında ölkəmizə daha 2 qızıl medal qazandırıblar. 

Milli komandamızın aktivinə 20-ci qızıl medalı boks yarışlarında 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov yazdırıb. Gənclər arasında Avropa çempionu olan Pərviz Bağırov rusiyalı Aleksandr Besputini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medalları Ukrayna idmançısı Yaroslav Samofalov və britaniyalı Yoş Kelli qazanıblar.

Bağırov birinci Avropa Oyunlarında qələbəyə gedən yolda bütün rəqiblərini 3:0 hesabı ilə məğlub edib. O, müvafiq olaraq Vasili Belousu (Moldova), Abas Baraounu (Almaniya) və Yoş Kellini (Böyük Britaniya) mübarizədən kənarlaşdırıb.

İdman karyerasına 2007-ci ildə başlayan Pərviz Bağırov ilk böyük uğurunu 2011-ci ildə əldə edib. O, Dublində keçirilən gənclər arşında Avropa çempionatının qalibi olub. İdmançımızın ən böyük arzusu Olimpiya Oyunlarının çempionu olmaqdır.

“Neftçi” klubunun üzvü olan Bağırovun məşqçisi Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərovdur.

Digər boksçumuz Abdulqadir Abdullayevsə Birinci Avropa Oyunlarında Azərbaycanın 21-ci qızıl medalını rəsmiləşdirib.

91 kiloqram çəki dərəcəsində final görüşündə azərbaycanlı Abdulqadir Abdullayevin rəqibi ukraynalı Gevorq Manukyan zədə səbəbindən rinqə çıxmayacaq. Belə olan halda qızıl medal birbaşa olaraq Azərbaycan idmançısının aktivinə yazılıb.

Bu çəki dərəcəsində bürünc medalları rusiyalı Sadam Maqomedov və xorvatiyalı Yosip Bepo Filip əldə ediblər.

Əsas mövzular