03:46 04 Dekabr 2016
Canlı yayım
Олег Степко

Oleq Stepkodan 1 qızıl, 2 gümüş 2 bürünc medal!

© AZƏRTAC.
BAKU 2015
Qısa URL
141 0 0

I Avropa Oyunlarında Azərbaycan yığmasına on dördüncü qızıl medalı gimnast Oleq Stepko gətirib. Bundan əlavə Stepkonun aktivində 2 gümüş və 2 bürünc medal da var.

BAKI, 20 iyun — Sputnik. I Avropa Oyunlarında Azərbaycan yığmasına on dördüncü qızıl medalı gimnast Oleq Stepko gətirib. Bundan əlavə Stepkonun aktivində 2 gümüş və 2 bürünc medal da var. Bəs o, bu möhtəşəm uğura necə imza atıb? 

Stepko Milli Gimnastika Arenasında 4 müxtəlif hərəkətdə — gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda qüvvəsini sınayıb.

Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdı. Gimnastımızla yanaşı, ilk “üçlük”də sloveniyalı Saso Bertonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb.

Həlqələrdə hərəkətlərdə Oleq 14,466 xal qazanıb. O, bu nəticə ilə 4-cü pillədə qərarlaşıb. Yunanıstanlı Elefterios Petrouniasın (15,633) çempion olduğu yarışda rusiyalı Nikita İqnatyev (15,333), türkiyəli İbrahim Çolak (15,133) müvafiq olaraq, gümüş və bürünc mükafata yiyələnib.

Dayaqla tullanmada hakimlər idmançımızın ilk cəhdini 14,933, 2-ci yanaşmasını 15,000 xalla qiymətləndirib. Ümumi nəticədə 14,966 xal yığan Stepko 3-cü yeri tutaraq, növbəti dəfə fəxri kürsüyə yüksəlib. Bu bürünc medal onun Bakı-2015-də 4-cü, yığmamızın 32-ci mükafatı olub. O, ukraynalı Oleq Vernyayev (15,266) və hollandiyalı Kazimir Şmidtdən (15,166) geri qalıb.

Sərbəst hərəkətlər kimi turnikdə də finala yüksəlməyən gimnastımızın sonuncu çıxışı paralel qollara təsadüf edib. 15,733 xal qazanan Stepko bütün rəqiblərini qabaqlayaraq, çempion tituluna yiyələnib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan gimnastımız özünün ümumilikdə 5-ci medalına sahib çıxıb. Oleq Avropa Oyunlarını 1 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurub. Bu, yığmamızın 14-ü qızıl olmaqla, 33-cü medalıdır. Təmsilçimiz bu hərəkətdə ən yaxın izləyiciləri rusiyalı David Belyavski (15,700) və rumıniyalı Marius Berbeçar (15,600) qabaqlayıb.

Əsas mövzular