06:14 11 Dekabr 2016
Canlı yayım
Bakı-2015 Avropa Oyunları

İdmançılarımız siyasi müxalifəti ruhlandırıb

baku2015.com
BAKU 2015
Qısa URL
43 0 0

Avropa Oyunlarının gedişi və idmançılarımızın çıxışları ilə bağlı Azərbaycanın siyasi düşərgəsinin mövqeyini öyrənməyə çalışdıq.

BAKI, 19 iyun — Sputnik. Artıq Birinci Avropa Oyunlarının səkizinci günü başlayıb və müxtəlif ölkələrdən olan idmançılar özlərini bu yarışlarda sınayıblar. 

Bu yarışlarda Azərbaycan idmançıları uğurlu çıxış edirlər. 

Sputnik olaraq Avropa Oyunlarının gedişi və idmançılarımızın çıxışları ilə bağlı Azərbaycanın siyasi düşərgəsinin mövqeyini öyrənməyə çalışdıq.

Məsələyə mövqeyini açıqlayan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə oyunların açılış mərasımının möhtəşəm olduğunu və bunun xarici qonaqlar tərəfindən də yüksək dəyərlədirildiyini bildirdi.

Mollazadə bildirdi ki, açılış mərasimi və oyunların keçirilməsi çox yüksək səviyyədə hazırlanıb: “Əslində Azərbaycan belə bir oyunları keçirməklə dünyaya mesaj ünvanladı ki, artıq o böyük Olimpiadaları keçirməyə qadir ölkədir.”

İdmançılarımızın çıxışlarına gəldikdə isə Mollazadə dedi ki, Azərbaycan idmançılarının çıxışları sevindiricidir: “Sözün düzü, mən belə nəticə gözləmirdim. Ancaq nəticə çox qürurvericidir. Bu bir daha Azərbaycanda idmanın inkişafının göstəricisidir. Və bununla da Azərbaycan idmançıları dünyada idmanda rəqabətə hazır olduqlarını nümayiş etdiriblər. Azərbaycan idmançılarının uğurlarına sevinirik və bundan sonrakı çıxışlarında da idmançılarımızdan ancaq uğurlar gözləyirik”, — deyə DİP sədri qeyd etdi.

AXCP sədrinin müavini Nurəddin Məmmədli də Azərbaycan idmançılarının uğurlu çıxışlarından sevincini gizlətmədi: “Azərbaycan idmançılarının uğurlu çıxışları sevindiricidir. Onlar ardıcıl olaraq uğurlu çıxışlar nümayiş etdirərək medallar qazanırlar. Bu bizi sevindirir. Azərbaycan xalqı uzun müddətdir ki, məğlubiyyətin acısını yaşadığı bir vaxtda heç olmasa idmanda uğur qazanmağımız sevindirici haldır.”

Aydınlar Partiyasının sədrinin birinci müavini Qorxmaz İbrahimli də oyunların yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bildirdi ki, ilk dəfə belə bir yarışın Azərbaycanda keçirilməsi həm qürurvericidir, həm də məsuliyyət tələb edir: “Biz ilk vaxtlarda  narahat  idik ki, görəsən oyunlar necə keçriləcək və hazırlıq işləri nə səviyyədə olacaq?  Ancaq Avropa Oyunlarının möhtəşəm açılış mərasimi onu göstərdi ki, Azərbaycan oyunlara kifayət qədər ciddi hazırlaşıb. Hətta bu oyunların Azərbaycanda keçirilməsinə qarşı çıxan təşkilatlar və ölkələr açılış mərasimindən sonra susmağa məcbur oldular. Çünki Azərbaycan  belə bir möhtəşəm tədbir keçirməklə özünü dünyada gələcəkdə də daha böyük idman yarışlarının keçirilməsinə hazır olduğunu sübut etdi.”

İdmançılarımızın  çıxışlarına gəldikdə isə İbrahimli bildirdi ki, onların çıxışları ikinci qürurverici haldır: “Bir daha siyasi müxalifətin təmsilçisi kimi idmançılarımızın uğuruna sevinirəm və növbəti mərhələdə idmançılarımızdan daha yaxşı göstəricilər gösləyirəm. Onlar ölkəmizin başını uca etdilər və bayrağımızı səmaya qaldırdılar, himnimizi səsləndirdilər. Bir siyasətçi olaraq bizim üçün bundan böyük qürurverici hal ola bilməz.”Ümid partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, ilk vaxtlar Azərbaycan idmançılarının ilk beşlikdə olmasını arzulayıb, ancaq artıq idmançılarımız çıxışlara görə ikinci yerdədir və bu onu siyasətçi olaraq çoö sevindirir: “Bu göstərici kifayət qədər yüksək göstəricidir və buna sevinirik. Bu yarışlarda göstərilən uğurlar Azərbaycan idmanının gələcəyi üçün böyük önəm daşıyır. Bu yarışları növbəti mötəbər yarışlara ciddi hazırlıq mərhələsi kimi qiymətləndirmək olar.”

ASDP sədri Araz Əlizadə də idmançıalrımızın göstəricilərindən, Avropa oyunalrının açılış mərasimi  və gedişindən çox böyük müsbət emosiyalar aldığını bildirdi: “Sözün əsl mənasında qürur hissi keçirirəm. Hesab edirəm ki, açılış mərasimi misilisiz idi. Düzü əvvəl hesab edirdim ki, bu dəfə də digər ölkələrdə keçirilən oyunalrın açılış mərasimi kimi olacaq. Ancaq bu fərqli bir açılış oldu. Heyranedici bir açılış idi. İdmançılarımızın iştirakına gəldikdə onlar çox uğurlu çıxış edir və göstəricilər gözəldir. Mən Azərbaycan idmançılarından belə bir çıxış gözləmirdim. Amma bizləri çox sevindirdilər.”

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev də oyunların yüksək səviyyədə təşkil olunduğunu və idmançılarımızın uğurlu çıxışından qürur hissi keçirdiyini bildirdi.


Əsas mövzular