03:46 04 Dekabr 2016
Canlı yayım
Gənclər və idman naziri Azad Rəhimov

Azad Rəhimov: bu qədər medal gözləmirdik

vestikavkaza.ru
BAKU 2015
Qısa URL
30 0 0

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib.

BAKI, 15 iyun — Sputnik. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib.

Sputnik-in apasport-a istinadən verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayevin iştirak etdiyi görüşə yarışın III günündə, yəni iyunun 14-də fəxri kürsüyə çıxan idmançılar qatılıblar.

MOK rəsmiləri qızıl mükafatçılar Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq), Ayxan Mamayev (karatenin kumite növü, 84 kq) və İrina Zaretskaya (karatenin kumite növü, 68 kq), həmçinin bürünc mükafatçılar Həsən Əliyev (yunan-Roma güləşi, 66 kq) və Rostislav Pevtsovu (triatlon) mükafatlandırıblar. Yalnız gümüş medal qazanan Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) tədbirə qatılmayıb.

Öncə çıxış edən Çingiz Hüseynzadə mükafatçıları təbrik edib və sözü Azad Rəhimova verib. Nazir Azərbaycan idmançılarının indiyə qədər göstərdikləri nəticələrdən məmnun qaldığını bildirib: “Qürur hisslərimi sizinlə bölüşürəm. Şadam ki, idmançılarımız böyük nailiyyətlər əldə edirlər. Açığı, biz bu qədər qızıl medal gözləmirdik. Triatlon yarışını qeyd etmək istərdim. Bu idman növü bizdə o qədər də populyar deyil. Buna baxmayaraq, idmançımızın bürünc medal qazanması sevindirici haldır. Hazırda komanda hesabında birinci yerdəyik. Düzdür, gələcəkdə lider dəyişə bilər. Amma 3 gündən sonra birinci yerdə qalmağımız böyük nəticə deməkdir. Yüksək vəzifəli qonaqlarımız artıq ölkəmizi tərk ediblər. Hamısı təşkilatçılıqdan razılıq bildirdilər, belə təşkilatçılıq gözləmədiklərini dedilər. Onların bu cür açıqlamalarına sevinirik. Biz göstərdik ki, Azərbaycan idman ölkəsidir, böyük tədbirlər qəbul etməyə hazırdır. İdmançılarımızdan bu gün və sabah da medallar gözləyirik. Komanda bir ürək kimi döyünür. Medalçılarımızı bir daha təbrik edirəm, qarşıdakı günlərdə yarışacaq idmançılara uğurlar arzulayıram”.

Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub. Həmçinin medalçıların şərəfinə tort kəsilib.

Əsas mövzular