03:52 04 Dekabr 2016
Canlı yayım
BAKU 2015

“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimi başa çatıb

Qısa URL
89520
  • Bakı-2015 Avropa Oyunları
  • Парад делегаций на церемонии открытия Евроигр в Баку
  • Парад наций на Бакинском Олимпийском стадионе
  • Парад наций на Бакинском Олимпийском стадионе
  • Парад наций на Бакинском Олимпийском стадионе
  • Бакинский Олимпийский стадион - Церемония открытия Евроигр
  • Бакинский Олимпийский стадион - Церемония открытия Евроигр
  • Бакинский Олимпийский стадион - Церемония открытия Евроигр
  • Бакинский Олимпийский Стадион - церемония открытия первых Европейских игр
  • Бакинский Олимпийский стадион - Церемония открытия Евроигр
  • Бакинский Олимпийский стадион - Церемония открытия Евроигр
baku2015.com
Bakı-2015 Avropa Oyunları

Bakı Olimpiya stadionunda “Bakı-2015” I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.

BAKI, 12 iyun — Sputnik. Bakı Olimpiya stadionunda “Bakı-2015” I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib. Bədii hissə ilə başlayan açılış mərasimindən sonra rəsmi hissə olub. Əvvəlcə Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarında iştirak edən 50 ölkəni təmsil edən idmançıların paradı keçirilib. Paradın önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan təmsilçisi gedib. Digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzülüblər.

Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vurub. 

Daha sonra “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki oyunların rəsmi açılış mərasimində çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib.

Stadionun ətrafında atəşfəşanlıq başlanıb.

Muğam ifaçısı Alim Qasımovun ifası altında “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimində səhnəyə Azərbaycanda yazın gəlişini simvolizə edən Novruzu, “küləklər şəhəri” Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən qadın (Nərgiz Nəsirzadə) və kişi (Aydəmir Aydəmirov) çıxıblar.

Onların hekayəti bəşəriyyətin birliyə və anlaşmaya ehtiyacı olduğunu tərənnüm edib. 

Qobustan qayaüstü abidəsini canlandıran səhnə nümayiş etdirilib və kişi qayadakı daşların birinin üzərində səhnəyə çıxıb. Daha sonra səhnədə alovlu dairə nümayiş olunub. Alov söndükdən sonra kişi və qadın böyük Avropa Oyunları məşəlini alovlandırıblar

Ardınca təntənəli atəşfəşanlıq olub. 

Stadionun işıqları söndürülüb. Qaranlıqda muğam avazı üstündə tənha bir səs eşidilib. Bu, mərasimin əvvəlində dinlədiyimiz ifaçı Alim Qasımovun səsidir. İndi o havada uçan xalça üzərində görünür.

Çat-çat olmuş torpaq üzərinə bir qadın dolaşır. Onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni var. Ayaqları altında isə ot və bu yerlərdə bitən gül-çiçəklər cücərir. Xəfif meh uzun, şəffaf duvağını yellədir. Qadın səhnənin ortasına çatdıqda qabı birinci Avropa Oyunlarının məşəlinin basdırıldığı yerə qoyur. Yerdən su çıxmağa başlayır, qadının qarşısında nəhəng su hövzəsi – Xəzər dənizinin rəmzi canlanır. O, suda ahəstə gəzişir. Sonra çevrilib arxasında yaranmış mənzərəyə baxır.

Bu vaxt yerdən üst-başı toz-torpaqlı, palçıqlı 100 kişi çıxır. Onlar 50 nağaraçalanın səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsini ifa edirlər. Rəqsin ən qızğın anında sanki zəlzələ baş verirmiş kimi yer yarılmağa və qabarmağa başlayır. Yerdən iri qaya parçaları çıxır və birləşərək nəhəng dağa çevrilir. Onun kənarlarında alovla yazılmış sadə insan və heyvan fiqurları, qayıqlar görünür. Bunlar Qobustanın qədim qayaüstü təsvirləridir.

Torpağın yarıqlarından çıxan kişi dağın zirvəsində görünür. Sükutu balabanda ifa olunan Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları pozur. Kişinin ayağı altında yanan daşı götürür. Bu səhnələr Fikrət Əmirovun “Min bir gecə” baletinin uvertürası ilə müşayiət olunur.

Kişi əlində yanan daş qarşıda – Xəzər dənizinin sahilində dayanmış qadına baxır və ona tərəf gedir. Qadının arxasındakı parıldayan dairəvi qara lövhə yavaş-yavaş suyun üzərindən qalxaraq, Ay kimi göyə ucalır. Dağ yavaş-yavaş yerə enir və yerə batıb yoxa çıxır. Onlar açılış mərasiminin əvvəlində təsvir olunan Leyli və Məcnunu xatırladır. Yolda o, daşı daha iki dəfə yerə qoyur. Onun arxasınca çatlardan çıxaraq yayılan alov dilimləri yerdə nəhəng insan fiqurunun təsvirinə çevrilir. Bu, nəhəng petroqlif formasına düşmüş lava axınlarına, Yanardağın heç vaxt sönməyən alovlarına bənzəyir. Petroqlif get-gedə daha dolğun insan təsvirinə çevrilir.

Kişi yaratdığı alovlu mənzərəyə baxır. Qadın ona yetişmək üçün sulardan üzüb keçir. Yanan daşı qaldırır, alov axınları nəhəng qan-damar sistemi təsvirindəki əl-ayaqlardan başa doğru sürətlə sovrulub başda yox olur. Kişi və qadın birlikdə yanan daşı tutub göyə qalxan dairəvi lövhəyə tərəf qaçmağa başlayırlar. Onlar dayaz sulara atılır və daşı parıldayan qara dairəvi lövhəyə tərəf tullayırlar. Yanan daş lövhənin ortasına dəyib, onu parçalayır. Lövhənin salamat qalmış halqası daşın odundan alışıb alov dairəsinə çevrilir.

Beləliklə, birinci Avropa Oyunlarının məşəli alovlanır. Yanan lövhə Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərəni – tam Günəş tutulmasını xatırladır. Bu birlik və sülh rəmzi stadiondan səmaya ucalır. Günəş tutulmasında Günəş və Ay birləşdiyi kimi, cütlüyümüz də birləşir və ayrılmaz olur.

Bundan sonra səhnədəki mənzərə tamaşaçını Bakı sahilinə aparır və qarşımızda Xəzər dənizi üzərində tədricən yaranan şaquli alov dairəsi canlanır və atəşfəşanlıq başlayır.

Rəngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzəyir və möhtəşəm bayram mənzərəsi yaradır.

Məşəl Oyunlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq.

Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzülürlər. Onlar əl-ələ verib Azərbaycan milli rəqsi “Yallı” oynayırlar. Şişirdilmiş 20 min “nar dənəsi” tamaşaçıların üzərinə dağılır. Bu nar dənələri sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir.

Rəsmi açılış mərasimində qonaq qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Serbiya prezidenti Tomislav Nikoliç, Monteneqro prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Belarus prezidenti Aleksandr Lukaşenko, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan prezidenti Emoməli Rəhmon, Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako Knyazlığının şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları — Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın baş naziri Boyko Borisov, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Qırğızıstanın baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Slovakiya Parlamentinin sədri Peter Pelleqrini, Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad, Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin energetika naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud, Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.  

Əsas mövzular