16:09 06 Dekabr 2016
Canlı yayım
Bakı Dövlət Universitetinin qarşısında tələbələr, arxiv şəkli

İşsizlik probleminin kökü nədədir?

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
49 0 0

Azərbaycanda ali məktəblərə qəbul zamanı hər hansı bir məhdudiyyət nəzərdə tutulmur. Yalnız xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul zamanı boy və digər fiziki məhdudiyyət qoyulub.

BAKI, 1 dek — Sputnik. Elə peşələr var ki, o peşədə çalışmaq üçün biliklə yanaşı fiziki görkəm də önəmli olur. Bu peşələrə DİN, FHN, MN və digər sahələrdə rast gəlmək mümkün olur. Bir çox müvafiq təhsil ocaqları tələbənin fiziki görkəminin həmin peşəyə uyğun olub-olmadığına fikir vermir. Nəticədə tələbə ən azı 4 ilini itirir və sonda fiziki görünüşünün həmin sahəyə uyğun gəlmədiyi üçün işlə təmin olunmur. Sputnik-in əməkdaşı məsələ ilə bağlı ekspertlərin münasibətini öyrənib. 

Keçmiş dövlət qulluqçusu Elçin Əfəndi bildirib ki, DİN, DTX, XTX, FHN, MN kimi strukturlarda fiziki görkəm əsas şərtdir. Bundan əlavə XİN, Mədəniyyət və Turizm nazirliyi də bu amilə diqqət edir.

“Digər dövlət qurumları o cür göstəriciləri sadəcə bəhanə edərək müsabiqə iştirakçılarını kənarlaşdırırlar. Qaldı ki, “kollec və universitetlər niyə bu cür fiziki qüsuru olanları qəbul edir və onların gələcək karyerasını düşünmür” sualına, o zaman təhsil hüququ məsələsi önə çıxır. Hər kəsin təhsil almaq hüququ vardır. Universitet və ya kollec təhsil verir, amma təyinatı üzrə işlə təmin olunacağına vəd vermir. Bu, əvvəllər mövcud idisə hal-hazırda o cür qayda yoxdur. Yalnız BANM, ADA, ADNSU kimi universitetlər işlə təmin etməkdə hardasa yardımçı olur”.

Ekspert bildirib ki, tələbə ixtisasını özü seçir və təhsil almaq kimi bir hüququndan yararlanır. Xarici ölkələrdə isə insanın fiziki qüsuruna deyil, əqli qüsuruna diqqət edirlər. Hətta, İngiltərə, ABŞ kimi ölkələrdə elə dövlət orqanları var ki, orada fiziki qüsurlu, amma işini daha yaxşı bilən insanlar çalışır.

E.Əfəndi deyib ki, zahiri görkəmə universitet fikir verə bilməz. ”Həmin kateqoriyadan olan insanlar sabah deyəcəklər ki, bizim zahiri görkəmimizə və ya fiziki qüsurumuza görə hüquqlarımız tapdalanır. Təhsil ala bilmirik. Bu da doğru deyil”.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, istər dövlət qrumun da, istərsə də özəl sektorda bazar rəqabəti şəraitində heyətin keyfiyyəti əsas amilə çevrilib ki, bu da müəssisələrin fəaliyyət göstərməsində böyük rol oynayır. “İşçilərin seçilməsini həmişə dəqiqliklə yerinə yetirməyə çalışırlar. Belə ki, insan resurslarının keyfiyyəti çox halda imkanları və sonrakı istifadənin effektivliyini müəyyən edir. Təəssüf ki, işə qəbul zamanı irəli sürülən tələblərin heç biri nə ali məktəblərdə öyrədilmir, nə də ki, onlar ali məktəblərə qəbul imtahanları zamanı şərt kimi irəli sürülmür”.

Ekspert bildirib ki, tibb universitetinin müalicə işi ixtisasına yüksək bal toplayıb qəbul olmuş tələbə ya qan görəndə, ya da meyiddən qorxur. Bundan başqa, xaricdə bir sıra ölkələrdə müəllim ixtisasına qəbul zamanı onun psixoloji vəziyyətinin yararlı olub — olmaması öncədən psixoloji testlər vasitəsilə müəyyən olunur. Eyni zamanda, bir çox ixtisaslara qəbul zamanı onun xarici görünüş, üz quruluşu, boy da önəmli faktor kimi qəbul olunur. Amma Azərbaycanda ali məktəblərə qəbul zamanı hər hansı bir məhdudiyyət nəzərdə tutulmur. Yalnız xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul zamanı boy və digər fiziki məhdudiyyət qoyulub. Lakin ümumi ali təhsil müəssisələrində ixtisas təhsili üçün abituriyentlərə hansısa məhdudiyyət yoxdur.

“Təəssüflər olsun ki, ali məktəblərə qəbul zamanı əmək bazarının peşəkar tələbləri nəzərə alınmır. Ona görə də, ali təhsil almış gənclər işə qəbul zamanı ciddi problemlərlə qarşılaşır. Təklif edirəm ali məktəblər ilk növbədə kadr hazırlığını əmək bazarının tələbləri səviyyəsində həyata keçirsinlər. Bunu da qəbul zamanı şərt kimi irəli sürsünlər. Yəni hansı xüsusiyyətlərə, keyfiyyətlərə malik olan tələbə istəyirlərsə, ilk növbədə onların qəbulunu həyata keçirməlidirlər. Amma bizdə təəssüf ki, bunu nəzərə alan yoxdur. Bu da sonradan tələbənin işsizik problemi ilə üzləşməsinə səbəb olur”, — deyə Əsədov vurğulayıb.

Əsas mövzular