10:49 03 Dekabr 2016
Canlı yayım
Milli Məclis

Deputatlar Azərbaycan-Rusiya münasibətlərinə yenidən baxılmasını tələb edirlər

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
14011

Rusiyanın Ermənistanla hərbi ittifaqı dərinləşdirməsi Milli Məclis üzvləri tərəfindən narazılıqla qarşılanıb

BAKI, 29 noy — Sputnik. "Dünən mətbuatda oxudum ki, Ermənistanın prezidenti Respublikaçılar Partiyasının qurultayında Azərbaycanı, dolayısı ilə hədələyib. Aprel döyüşləri zamanı siçan kimi girməyə deşik axtaran Sarkisyan, indi Moskvada gedib özünə deşik tapdı. İndi oradan bizə meydan oxuyur. Arxasında Rusiyanın "İsgəndər" raketlərini hiss edir və özünü güclü sayır".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. O, Rusiya ilə münasibətlərin hər zaman yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış etdiyini deyib: "Hər zaman da söyləmişəm ki, Ermənistanın arxasında Rusiya dayanır. Biz bu problemi ona görə həll edə bilmirik ki, Rusiya Ermənistanı müdafiə edir. Artıq Şoyqu da bu günlərdə Yerevana gedir və orada birgə qoşun yaradılması haqqında saziş imzalayacaqlar. Bu, vasitəçilik, fəaliyyəti ilə uyğun gəlmir".

"Biz Rusiya ilə açıq danışmalıyıq. Əgər yenə də Rusiya bu formada Ermənistanı dəstəkləyəcəksə, bu işğalın davam etdirilməsinə çalışacaqsa, onda biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Rusiya ya vasitəçi kimi birtərəfli mövqeyini qoruyub saxlamalıdır, ya da Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır", — deputat qeyd edib.

Millət vəkili Fazil Mustafa isə çıxışında bildirib ki, Rusiyaya məxsus "Mir" telekanalı Azərbaycanda sərbəst yayımlansa da, onun efirində Azərbaycanın ağrılı problemindən — torpaqların işğalından danışılmır: "Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə də olsun orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Amma Ermənistan bürosu o ölkənin problemlərini daim işıqlandırır. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?!".

Deputat Fərəc Quliyev də Rusiya — Ermənistan hərbi birliyinin yaranmasından narahatlığını ifadə edib: "Belə birləşmələr təhlükəlidir. Hesab edirəm ki, bizim bu məsələyə ciddi münasibətimiz olmalıdır. Biz də müttəfiqlik siyasətinə daha dərindən baxmalıyıq. Azərbaycan NATO-ya tamhüquqlu üzv olmaq ilə bağlı müraciət etməlidir".

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə Xocalı soyqırımına diqqət çəkib: "Hər bir azərbaycanlını Xocalı soyqırımı ilə bağlı cinayətkarlar, qadın və uşaq qatillərinin ədalət məhkəməsinə çəkilməsi barədə məsələ çox ciddi maraqlandırır. Biz bu istiqamətdə böyük işlər görməliyik. Mən təklif olunan qanunu dəstəkləyirəm və biz bu qanundan irəli gələn zəruri addımları atmalıyıq".

Ermənistanın artıq öz müstəqilliyini tamamilə itirdiyini qeyd edən deputat, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Rusiya ilə aparmağın daha doğru olacağını qeyd edib: "Son hadisələr göstərir ki, Ermənistanın strateji iqtisadiyyatı, enerjisi, nəqliyyatı və s. Rusiya tərəfindən özəlləşdirilib. Bundan başqa, Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun, hava hücumundan birgə müdafiə qüvvələrinin yaradılması haqqında sazişlər artıq Duma tərəfindən təsdiqlənib. Ermənistanın silahlı qüvvələri artıq Rusiyanın tərkibinə keçib. Bu onu göstərir ki, artıq Ermənistan müstəqil bir dövlət deyil, Rusiyanın hansısa bir hərbi əyalətidir".

"Belə olan halda, biz nə üçün danışıqları uzadırıq? Onsuz da artıq Ermənistan heç imitasiya da etmir, danışıqları tam pozur. Ermənistan müstəqil dövlət olmadığına görə, biz danışıqları onun sahibi ilə aparmalıyıq. Bu əyalətin rəhbərliyi Rusiyadır və mənə elə gəlir ki, Minsk qrupu, vasitəçiliyi Azərbaycanla Rusiya arasında etməlidir", — deyə A. Mollazadə bildirib.

Millət vəkili Xocalı soyqırımı ilə bağlı atılacaq addımlara toxunarkən deyib: "Azərbaycanın Rusiya ilə hüquqi sahədə əməkdaşlıq barədə sazişi var. Bu sazişə əsasən, Azərbaycanın hərbi prokurorluğunun siyahısında olan və Rusiya ərazisində yaşayan 366-cı alayın cinayətkarları Azərbaycana təhvil verilməlidir. Biz tələb etməliyik ki, uşaq qatilləri Azərbaycanda ədalət məhkəməsinə çəkilsin. Azərbaycan xarici hakimlərin dəvəti ilə məhkəmə təşkil etməlidir. Bu məhkəmənin qərarının beynəlxalq hüquqi əsasının olması üçün o qərarı məhz xarici hakimlər çıxarmalıdır. Əgər Rusiya bu sazişdən irəli gələn zəruri addımları atmasa, biz bu sazişi tam pozulmuş hesab etməliyik".

Millət vəkili Rasim Musabəyov isə Rusiya ilə münasibətlərin dərinləşdirilməsinin vacibliyinə toxunub: "Düşünmürəm ki, biz Rusiyanı bu proseslərdən kənarlaşdırmaq barədə düşünməliyik. Əksinə, Rusiya ilə kifayət qədər sıx əməkdaşlıq etmək lazımdır, danışıqlar aparmaq lazımdır. Rusiya ilə intensiv danışıqların aparılması zəruridir".

Əlaqədar

Azərbaycan Rusiyanın iki məşhur musiqiçisini "qara siyahı"dan çıxardı
Paralimpiya həmrəyliyi: Azərbaycan, Rusiya, Belarus
"Azərbaycan - Rusiya münasibətləri ideal səviyyədədir"
Rusiya-Azərbaycan münasibətlərinin aktual məsələləri
Azərbaycan Prezidenti Rusiya Baş nazirinə məktub göndərdi
Teqlər:
Ermənistan, Milli Məclis, Rusiya, deputat, Azərbaycan, Qarabağ

Əsas mövzular