Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Alman donanmasına gecə basqını - canlı tarix danışır

© Sputnik / Aleksandr Sokolenko / Mediabanka keçidKerç-Eltigen desant əməliyyatı. 1 noyabr 1943-cü il
Kerç-Eltigen desant əməliyyatı. 1 noyabr 1943-cü il - Sputnik Azərbaycan
Abunə olmaq
"Düşmənin üzərinə elə yeridik ki, faşistlər qorxudan özlərini itirdilər. Həmin döyüşlərdə ağır yaralandım. Məni ölmüş bilib "morqa" aparmışdılar"

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Dünya tarixinin ən dəhşətli səhifələrindən biri — Böyük Vətən Müharibəsi 22 iyun 1941-ci ildə başlayıb. Faşist Almaniyası xəbərdarlıq etmədən Sovet İttifaqına hücum edib. İlk gündə 1200 sovet təyyarəsi məhv edilib. Ölkənin ordusu və əhalisi buna hazır deyildi.

Məmmədəli Məmmədovun Qax rayonunun Baydarlı kəndindəki büstü - Sputnik Azərbaycan
Oder çayını yaran azərbaycanlı: o, böyük bir sovet diviziyasını xilas etdi

Qırmızı Ordunun komanda heyəti, 1930-cu illərin sonunda həyata keçirilmiş Stalin repressiyalarının nəticəsində az təcrübəli sərkərdələrdən ibarət idi. Bu isə 1941-ci ilin faciəsinə gətirib çıxardı. Sovetlərin əsas kadr potensialı qısa müddət ərzində darmadağın edildi və düşmən Moskvaya yaxınlaşdı. Qeyd edək ki, Hitlerin əsas hədəflərindən biri də SSRİ-nin neft hasilatının mərkəzi olan Sovet Azərbaycanının paytaxtı Bakı şəhəri idi.

Yalnız inadlı və qətiyyətli mübarizə sayəsində sovet əsgərləri düşmənin hücumunun qarşısını alaraq, ona cavab verdilər. 1941-ci ildən 1945-ci ilədək davam etmiş müharibə zamanı ordu sıralarına Azərbaycandan 600 min nəfərdən çox insan cəlb olunmuşdu. Onlardan 330 mini bu müharibədə qələbə qazanmaq üçün canından keçdi.

Bu il 75 ili qeyd olunan müharibənin iştirakçılarından biri də Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan Şəmişəd Məhərrəmovdur. Ömrünün doxsan səkkizinci baharını yaşayan Şəmişəd kişi müharibəyə qardaşı ilə dalqabaq yollandıqlarını, ağır döyüşlərin içində olduğunu, SSRİ — Finlandiya müharibəsindən belə, qan, qada gördüyünü xatırlayır.

© Sputnik / HIKMET ORHUNŞəmişəd Məhərrəmov
Şəmişəd Məhərrəmov - Sputnik Azərbaycan
Şəmişəd Məhərrəmov

"Sonralar qardaşımdan xəbər ala bilmədik, yalnız onu eşitdik ki, almanlara əsir düşüb, nə qədər səhih məlumat idi, deyə bilmərəm. Özüm isə bir neçə dəfə ölümün eşiyindən qayıtmışam. Bir dəfə çaya düşüb, bir dəfə dərəyə yuvarlanıb alman əsirliyindən can qurtarmışam. Bəxtim kəsib", — deyir Şəmişəd baba.

1938-ci ildə əsgərlikdən qayıdıb, 1941-ci ildə İran üzərindən müharibəyə aparıldığını xatırlayan Ş.Məhərrəmov orada pis yuxu gördüyünü deyir. Yuxudan oyanan kimi onları ağır döyüşlərin ortasına atırlar: "Döyüşməyə Krımdan başladıq. Ağır yaralandığım üçün məni Həştərxana göndərdilər. Yaralandım, bir ay müalicə alandan sonra yenidən cəbhəyə qayıtdım".

"Kəşfiyyatçı idim, şücaətlərimə görə, mənə kiçik leytenant rütbəsi verdilər. Sağaldıqdan sonra "Malaya zemlya" uğrunda gedən döyüşlərə qatıldım. İyirmi beş gün sonra yenidən yaralandım. Soçidə altı ay hospitalda yatdım. Bu döyüşlərdə də qəhrəmancasına iştirak etdim", — danışır müharibə veteranı.

Şəmişəd baba deyir, gecə döyüşlərinin birində ağır yaralanandan sonra onu ölü bilib morqa yerləşdiriblərmiş: "Gecə ilə Qara dənizdə faşistlərin gəmisinə desant hücumu oldu. Həmin döyüşdə dörd faşisti öldürdüm. Suda da, quruda da, heç nədən qorxmurduq. O vaxt mən dənizə düşmüşdüm. Döyüş yoldaşlarım köməyimə çatıb, sudan çıxardaraq xilas etdilər. "Malaya Zemlya" döyüşlərində biz düşmən üzərinə bir neçə dəfə hücuma keçdik. Dördüncü dəfə etdiyimiz hücum heç yadımdan çıxmır. Düşmənin üzərinə elə yeridik ki, faşistlər qorxudan özlərini itirdilər. Həmin döyüşlərdə ağır yaralandım. Məni ölmüş bilib "morqa" aparmışdılar".

Hümbət Alıyev - Sputnik Azərbaycan
Stalin bu əsgərlərə görə müdafiə nazirini işdən qovdu

Gürcü millətindən olan tibb bacısı onu xilas edir və evlənmək təklif edir: ""Öldü" xəbərim yayılmışdı. Yaşadığımı bilib, dərhal həkimlərə xəbər vermişdi. Sağ olsun, həmin tibb bacısının köməyi sayəsində yaşayıram. Məndən xoşu gəlirdi, təklif eləmişdi ki, evlənək. Mən razılaşmadım, çünki nə atamın, nə anamın sağlığından xəbərdar deyildim, özümə gümanım gəlmədi. Son on ilə qədər yoldaşlıq edirdim. Danışırdıq, görüşürdük. On il olar rəhmətə gedib. Ona görə də, 9 Mayı qələbə, həm də doğum günü kimi qeyd edirəm", — deyir qocaman veteran.

Müharibədə aldığı yaralara görə, əsa ilə dolaşan Ş. Məhərrəmov Vətənə qayıdandan sonra təhsilini davam etdirir: "Məktəbə hər qoltuğumda bir əsa gedib gəlirdim. Nəhayət, mühasibliyi öyrəndim. Uzun illər Tovuz rayonunda ixtisasım üzrə çalışdım".

Müharibə əlillərinə diqqət və qayğıdan söhbət açan veteran ölkə başçısından razılıq eləsə də, yerli məmurlardan, səhiyyə ocaqlarından xeyli şikayət etdi: "Sağ olsun, hökumətimiz mənə maşın verib. Yazıqlar olsun ki, xırda məmurlar, başçılar, səhiyyə işçiləri qəhrəmanlarına layiqincə diqqət və qayğı göstərmir, laqeyd yanaşırlar".

"Qayğısızlıqdan əziyyət çəkirəm; çünki dərmanlarımın pulunu özüm ödəyirəm, öz hesabıma müalicə alıram. Bu isə yaxşı hal deyil. Mən can qoymuşam, belə halları görəndə əsəblərimi cilovlaya bilmirəm", — söyləyir Ş.Məhərrəmov.

Xəbər lenti
0