17:39 03 Dekabr 2016
Canlı yayım
Serj Sərkisyan - Ermənsitan prezidenti

Brüsselə qaçması Sərkisyanın sonunun yaxınlaşması deməkdir

infoleader
AZƏRBAYCAN
Qısa URL
106 0 0

Politoloq İlqar Vəlizadə deyib ki, Ermənistandakı kütləvi aksiyaları Rusiyaya təzyiq etmək üçün Serj Sərkisyan özü təşkil edib, amma sonra proses nəzarətdən çıxıb.

BAKI, 25 iyun-Sputnik. Ermənistanda baş verən proseslər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bir çoxları bu ölkədə baş verənləri Rusiyanın, digər bir qismi isə başqa ölkələrin ssenarisi hesab edir. 

Sputnik-ə açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistandakı hadisələrin bu həddə çatması elə bu ölkənin daxilindən qaynaqlanır və burada başqa motiv axtarmağa dəyməz: “Baş verənlər Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasətin məntiqi nəticəsidir. Çünki Ermənistan rəhbərliyinin ölkənin gələcəyi və inkişafı ilə bağlı platforması və proqramı yoxdur. O, istənilən problemin, istər siyasi, istər sosial-iqtisadi, istərsə də başqa problemləri digər ölkələrin hesabına həll etməyə çalışır. Serj Sərkisyan rejimi bu dəfə də həmin həmin metoda əl atdı, amma istədiyinə nail ola bilmədi. Beləliklə onun ssenarisi iflasa uğradı.”

Ekspertin fikrincə, bu aksiyalar məhz Serj Sərkisyanın təşəbbüsü ilə başlayıb: “Bildiyimiz kimi Ermənistanın elektrik enerji sektorunu Rusiya şirkəti idarə edir. İndiyədək bu şirkət ziyanla işləyib və bu sahədən heç bir xeyir götürməyib. Hazırda Ermənistanın bu şirkətə külli miqdarda borcu yaranıb. Şirkət isə vəziyyətdın çıxmaq üçün bu yolu seçib. Ermənistan prezidenti də Rusiyanı yenidən geri oturtmaq üçün ictimai qınağı və etirazı təşkil etmək metodunu seçib. Bununla da birbaşa Kremllə kəllə-kəlləyə getmək istəməyib. O bunu istimaiyyətin əli ilə etmək istədi və bu ssenari ilə vəziyyətdən çıxmağa çalışdı. Səkisyan rejimi prezident yanında fəaliyyət göstərən İctimai Palatadan istifadə etməyə qərar verib. Sərkisyan İctimai Palataya göstəriş verib ki, məsələ ictimailəşdirilsin və ictimai etirazlar yolu ilə Rusiyanı güzəştə vadar edib qiyməti endirsin. Ancaq onun bu ssenarisi sonadək uğurlu olmadı. Aksiyaların müəyyən mərhələsində proses öz məcrasından çıxdı və ssenari iflasa uğradı. Nəticədə aksiya iştirakçılarına qarşı güc tətbiq etməli oldu. Ancaq bu da uğurlu alınmadı və vəziyyət dalana dirəndi. İndi Sərkisyan rejimi bu dalandan çıxış yolunu aramaqdadır. Yəni öz qazdığı quyuya düşdüyündən, indi də quyudan çıxmağa çalışır və həlli yollarını arayır.”

Vəlizadə  əlavə edib ki, ona görə də İrəvandakı hadisələri Kiyevdəki “Maydan”la eyniləşdirmək düz deyil: ““Maydan” hadisələrində ilk gündən siyasi qüvvələr ortada idi. Ancaq İrəvandakı hadisələrdə siyasi qüvvələr ortada deyil və hələ də aktiv deyillər. Bu, hakimiyyət tərəfindən təşkil olunmuş proses idi və sonda məcrasından çıxaraq həll edilməz oldu.”

Politoloqun fikrincə, Sərkisyan vəziyyətdən çıxış yolunu Qərbə üz tutmaqla həll edə bilər. Bu səbəbdən də təcili olaraq Brüsselə qaçıb: “O, başa düşüb ki, Rusiya artıq onun oyununu yaxşı bilir və ona inanmır. Odur ki, Brüsselə üz tutmaqla iqtisadi yardım istəyəcək. Brüssel də bunun əvəzində Ermənistandan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində bir sıra siyasi sazişlər imzalamağı təklif edəcək. Baxmayaraq ki, Brüssel dəfələrlə Sərkisyana bunu təklif edib, amma o həmişə imtina edib. Ancaq indi özü belə təklifləri imzalamağa hazır olduğunu bəyan edəcək ki, əvəzində iqtisadi yardım ala bilsin. Ancaq bunun da effektli olacağına inanmıram. Brüssel də yəqin ki, vəziyyətdən xəbərdar olduğundan məsələyə bir o qədər də ciddi yanaşmayacaq.”

Vəlizadə deyib ki, Sərkisyanın Brüsselə qaçması Moskvanın qəzəbinə tuş gələcək və buna adekvat reaksiya veriləcək: “Moskvanın bundan sonra Sərkisyan klanına “stavka” edəcəyi sual altındadır. Bunu Sərkisyan özü də yaxşı bilir və ona görə də Brüsselə qaçaraq bundan sonra özünü onların tulası kimi qələmə verməyə çalışacaq.”

Ermənistandakı proseslərin bundan sonra necə inkişaf edəcəyinə şərh verən politoloq deyib: “Vəziyyətin proqnozlaşdırılması hələlik mümkün deyil. Bu proseslər Sərkisyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilər və artıq bu istiqamətə yönəlib. Sadəcə bu zaman məsələsidir. İndiki məqamda o, vəziyyətdən çıxmaq və hakimiyyətini uzatmaq üçün ciddi güzəştlərə gedə bilər. Problemin həlli üçün müxalifət və ictimaiyyətin nümayəndələri birlikdə bir qurum formalaşdıra bilərlər. Digər variant isə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi ola bilər.”

Problemin  güc yolu ilə həllinə gəldikdə isə ekspert bunu istisna etməsə də, hesab edir ki, Sərkisyan artıq orduya və polisə inanmır: “Çünki bu məsələdə polis və orduda parçalanma meylləri görünür. Ona görə də son hadisələrlə bağlı prezident polisin aksiya iştirakçılarına qarşı güc tətbiqini tənqid edib.” – deyə Vəlizadə bildirib.

Ermənistanda hansi qüvvələrin hakimiyyətə real namizəd olduğu barədə fikrini bildiriən politoloq deyib ki, Robert Köçəryanın yenidən gəlişi inandırıcı deyil. Amma ona yaxın qüvvələr gələ bilər. Ya da ortaya elə qüvvə çıxa bilər ki, siyasi vəziyyət kəskin dəyişər və Sərkisyan rejiminin gedişi sürətlənər.”

 

 

Əsas mövzular